24 yanvar 2024 13:58
275

Fransanın verdiyi dəstək Ermənistana xeyirdən daha çox ziyan gətirir - AÇIQLAMA

“Fransanın ermənipərəst siyasəti regionda sülh və təhlükəsizlik üçün ciddi təhdiddir”.

“İki sahil” xəbər verir ki,  bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

O qeyd edib ki, rəsmi Paris məqsədli şəkildə Ermənistandakı revanşist qüvvələri qızışdırmaqda, onları yeni qarşıdurmaya təhrik etməkdədir: “Fransa hökuməti Vətən müharibəsindən sonra açıq ermənipərəst mövqe sərgiləməkdə, bölgədə vəziyyəti gərginləşdirən, sülh müqaviləsi üçün gərəkli zəminin yaranmasını əngəlləyən bəyanatlarla çıxış etməkdədir. Bu günlərdə Fransa prezidentinin ordu qarşısındakı çıxışında Ermənistana dəstəyin davam etdiriləcəyi ilə bağlı səsləndirdiyi fikirlər, rəsmi Parisin öz məkrli siyasətindən əl çəkmək istəmədiyini göstərir”.

Təşkilatın sədr müavininin sözlərinə görə, Fransanın əsas məqsədi Ermənistana dəstək adı ilə regionda öz maraqlarını müdafiə etmək və genişləndirməkdir: “Fransanın əsl məqsədi heç şübhəsiz, özünün bölgə ilə bağlı maraqlarını müdafiə etməkdən ibarətdir. Çünki Ermənistan üçün bölgədə heç bir dövlət təhdid yaratmır. Əksinə, Ermənistan bu gün də mina terrorunu davam etdirir. Belə olan halda Ermənistana hansısa dövlətin hərbi dəstək göstərməsinə lüzum yoxdur və belə bir dəstək yalnız regiondakı həssas vəziyyəti mürəkkəbləşdirməyə xidmət edir.

İrəvan anlamalıdır ki, Fransanın ona verdiyi dəstək Ermənistana xeyirdən daha çox ziyan gətirir və onu sülhdən, tərəqqidən uzaqlaşdırır. Əgər Ermənistan sözün həqiqi mənasında sülh və inkişaf istəyirsə, o zaman Azərbaycanın sülh səylərini dəstəkləməli, ölkəmizlə normal münasibətləri bərpa etməlidir.