23 yanvar 2024 23:57
280

Anti-milli ünsürlərin mübarizə üsulu: QARAYAXMA

AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, “Milli Şura”nın millilikdən kənar mənsubları yenə də başqalarının qapazaltıları olacaqlar

AXCP sədri Əli Kərimlinin trollar tayfası başda olmaqla radikal düşərgədə “siyasi mübarizə” deyil, “xəyanət ruhu” güclənib. Fevralın 7-ə təyin olunan növbədənkənar prezident seçkilərində iştirak etmək üçün ortaya çıxara biləcəkləri namizədləri olmayan bataqlıq təfəkkürlülər xarici havadarlarından daha çox qrant almaq üçün biri-birinə xəyanət edib, badalaq gəlirlər.

Təcrübədən də bəllidir ki, mahiyyətindən asılı olmayaraq siyasi kampaniyalar ən yaxşıların, xalq, dövlət üçün fədakarlıq göstərənlərin qabiliyyət və qalibiyyət mübarizəsidir. Prezident, parlament, bələdiyyə seçkilərində elliklə iştirak edən ölkə vətəndaşları daha çox tanınan elektorata, sosial bazaya malik namizədi dəstəkləməklə talelərini, xoşbəxt gələcəklərini ona etibar edirlər. Eyni demokratik ənənə 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərində təkrar olunacaq.

1990-cı ildə törədilən 20 Yanvar faciəsinin xalqımıza vurduğu yaralar sağalmadan 1992-ci ildə ölkədə yaranan xaos, hərc-mərclik, anarxiya, torpaqlarımızın imperiyanın planlarına uyğun Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunması ölkədə vətəndaş itaətsizliyi ilə nəticələndi. Yaranan hakimiyyətsizlikdən çaş-baş qalan xalq özlərini «azad demokratlar» adlandıran bir qrup siyasətbazın yalan vədlərinə inanaraq AXC-Müsavat cütlüyünün iqtidara gəlməsini çıxış yolu kimi seçdi. Lakin az müddətdə hakimiyyətə tanklar üçtündə gələnlərin şəxsi maraqları naminə dövlətə, xalqa vurulan ziyanları, səbatsızlığı görən xalq yenidən birləşərək AXC-Müsavat iqtidarı əleyhinə aksiyalara başladı. Gəncə hadisələri törədildi, ölkədə vətəndaş müharibəsi təhlükəsi yarandı. Respublikanın cənubunda «Talış-Muğan respublikası»nı yaratmaqla Azərbaycanı parçalamaq istəyənlər ölkənin şimalında da qarışıqlıq saldılar. Xarici ölkə missionerlərinin dəstəyi ilə düşünülmüş surətdə həyata keçirilən xəyanətkar planları Azərbaycan üçün taleyüklü məsələ kimi anlayan xalq ayağa qalxdı. Sağlam düşüncəli ziyalılar xalqa yol göstərərək ölkə iqtisadiyyatını, sənayesini, xarici dövlətlərdən dollarlarla alınan dəyərli avadanlıqları satan AXC-Müsavat cütlüyünün hakimiyyətinə «yox» dedi.

Həmin vaxt dağıtdıqları ölkəni birdəfəlik yox olmaqdan qurtarmaq üçün Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət edən siyasi səbatsızlar son günlərdə yenə dirçəliblər. 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı qarayaxma kampaniyalarını davam etdirilər.

AXCP sədri Əli Kərimli, «Milli Şura»nın antimilliləri xəyanətkar əməllərini davam etdirsələr də, köhnə vərdişlərinə uyğun «boykot» çağırışları arxasında gizlənsələr də bir məsələni unutmasınlar. Seçkilər özünə güvənən, xalq tərəfindən dəstəklənən, cəmiyyətdə tanınan siyasi qüvvələr üçün mübarizə meydanıdır. Kimin kim olduğu, namizədin elektoratı, Vətənə, xalqa bağlılığı seçicilərin fəallığından, ölkədə yaradılan demokratik şəraitdən, səsvermə kampaniyasının obyektivliyindən asılıdır. Bütün siyasi kampaniyaların obyektiv şəraitdə keçirilməsi üçün demokratik islahatların tətbiqinə diqqətlə yanaşılan Azərbaycanın seçki təcrübəsi xarici müşahidəçilər tərəfindən həmişə yüksək qiymətləndirilib.

Özlərini “ana müxalifət”, “real müxalifət” kateqoriyalarına bölən, siyasi kampaniyalar ərəfəsində dost olan, sonradan yolları ayrılan AXCP-nın və Müsavatın parçalayıcı çağırışları onların çirkin əqidələrinin dəyişilməyən ənənəsidir.

44 günlük Vətən müharibəsində qazandığımız Zəfərə, ötən il 19-20 sentyabrda aparılan antiterror tədbirləri ilə ölkəmizin süverenliyinin bərpasına ermənisayaq kədərlənən antiünsürlər Xankəndidə dalğalanan Dövlət Bayrağımızı, bu şəhərdə keçirilən Zəfər paradını
kədərlə qarşıladılar.

Hər zaman ölkə reallıqlarını antimilli təxribatları ilə «dəyərləndirən» Müsavat başqanı Arif Hacılı, «yurd şefi» Əli Kərimli kimi siyasi müqəvvalar boşboğazlıq edərək , pafoslu «vətənpərvərliklərini» qrant pərdəsi arxasında gizlədərək keçmişdəki xəyanətlərindən xəcalət çəkmirlər. Azərbaycanın bölgədə, Cənubi Qafqazda yaratdığı yeni reallıqları erməni düşüncəsi ilə dərk edən cəbhəçi-müsavatçı ünsürlər- əlilər, ariflər,cəmillər, gültəkinlər, onların xarici ölkələrdə formalaşdırdıqları antiAzərbaycan xəyanətkarlar bütün siyasi kampaniyalarda xalqımızın onlara verdiyi əsl «boykot» dərsindən də nəticə çıxarmırlar.

Əli Kərimlinin beynəlxalq təşkilatları Azərbaycana qarşı sanksiyalar tətbiq etmək çağırışı isə təkcə ermənilərə deyil, ölkəmizə qarşı mənfur niyyətlərini qəbul etdikləri saxta bəyanatlarla bildirən Fransaya, Avropa İttifaqına, ABŞ-a, Almaniyaya «yaşıl işıq» yandırmaqdır. Qarabağda erməni separatizmini məhv edən, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini sürətləndirən Azərbaycan haqqında böhtanlar yağdıran, anti-Azərbaycan qüvvələrin nökəri Əli Kərimli özgələrin dilənçi payına boyun əyən satqındır. Şəxsi maraqlar naminə xalqa xəyanət, nankorluq edən Əli Kərimlinin yediyi çörəyə, içdiyi suya, üzərində gəzdiyi Vətən torpağına arxa çevirməsi erməni sevgisindən qaynaqlanan satqınlıqdır. Siyasi istefa mədəniyyətindən uzaq olduqlarını trollarının vasitəsi ilə yaydıqları jarqonları, təhqirləri, böhtanları ilə bildirən AXCP və Müsavat mənsublarının keçirdikləri anti-Azərbaycan ruhlu qurultayları da gülüş obyektinə çevrilib.

“Növbədənkənar” ifadəsini özlərinə xas radikal ruhda “qəfil seçki” sözü ilə əvəzləməklə sanki rahatlıq tapdıqlarını bildirən xəyanətkarlar cəmiyyətdə yerlərinin olmadığını bilirlər. Destruktiv müxalifətin sağlam rəqabəti deyil, təxribatçılığı seçməsi xarici qüvvələrə xidmətin təzahürüdür.

Azərbaycanın ən radikal rəqibi Fransanın, Avropa İttifaqının ölkəmizdə «yedəkçisi» olduğunu seçkilər ərəfəsindəki təxribatları ilə bildirənlərin «boykot» taktikası 7 fevralda özlərinə nəsib olacaq. Əvvəlki seçkilərdə xalq tərəfindən çıxdaş edilən Əli Kərimlinin , Arif Hacılının cəmiyyətdə etibarını itirən təşkilatları xalq tərəfindən birdəfəlik «boykot» ediləcək. Seçki Məcəlləsinə uyğun prezidentliyə namizədin müdafiəsi ücün ölkə üzrə 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 və ümumilikdə 40 mindən az olmayan sayda seçici imzası toplamaq imkanı olmayan Əli Kərimli, Arif Hacılı öz əlləri ilə boykotlarını reallaşdırmışlar. Partiyalarını rəsmi qeydiyyata almaq üçün 5000 imza toplaya bilməyən Əli Kərimli kimi digərləri də aydın başa düşürlər ki, onların seçkilərdə iştirak edib-etməmələri prezident seçkilərində xalqın bir nəfər kimi iştirakına heç bir təsir göstərməyəcək. Radikalların çoxillik siyasi oyunbazlıq təcrübəsi sirk tamaşasında, səhnədə klounun axıtdığı göz yaşlarına bənzəyəcək.

Seçicilər Azərbaycanın son 200 illik tarixindəki məğlubiyyətlərə son qoyan siyasətə, Xankəndində, Şuşada, Xocalıda, eləcə də ölkəmizin bütün ərazilərində dalğalanan Dövlət Bayrağımızın, müstəqilliyimizin əbədiliyinə səs verəcəklər. Bütöv Azərbaycan naminə birləşərək, daxili və xarici düşmənlərimizə həmrəylik dərsi keçəcəklər.

Xuraman İsmayılqızı, “İki sahil”