24 yanvar 2024 01:37
288

AŞPA hayların vəkili rolunda...

Bu qurumdakılar rəsmi Bakı ilə körpüləri yandırmağın fərqində deyillər

Azərbaycanlıların müdrik bir kəlamı var: Öz şəxsiyyətinə hörmət edən ilk növbədə başqalarına hörmət edər. Yaxşı olardı ki, bizdən hörmət və sayğı görmək istəyənlər bu kəlama əməl edəydilər. Yoxsa özünü dəliliyə vurub hamıdan hörmət ummaq əbəsdir. Bizim Avropadakı bədxahlarımız elə düşünürlər ki, onlar özlərini necə aparırlar-aparsınlar bizim borcumuz qəbul etməkdir. Xeyr, belə iddialar yalnız boş xəyallardır. Həm də bizdə "Dost dosta tən gərək, tən olmasa gen gərək" misalı da var.  Keçək əsl mətləbə.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Almaniyanın təşəbbüsü ilə Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Ukraynanın "European Pravda" nəşri məlumat yayıb ki, Azərbaycan üçün məhdudiyyətlərin tətbiqinə dair prinsipial qərar artıq AŞPA-nın Prezident Komitəsi səviyyəsində qəbul edilib. Buna səbəb kimi "Laçın yolunun bağlanması" və AŞPA-dan olan müşahidəçilərin fevralda Azərbaycanda keçiriləcək prezident seçkilərinə dəvət olunmaması göstərilir. Görünür, AŞPA-nı Azərbaycanın işğala, separatçılığa son qoyması, özünün ərazi bütövlüyünü, suverenliyini, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etməsi narahat edir. Dəvət olunmamağın səbəbini isə özlərində axtarsınlar. Otuz il işğalçıya şərait yaradanlar, daim Ermənistanın yanında olanlar, bizə isə şər-böhtan atanlar bəs hansı münasibəti gözləyirdilər? Təəccüblüdür, yaranışından işğala rəvac verən, yüz minlərlə türkün qanını axıdan dişləri qanlı haylara bunları kim vəkil edib? İndi dolayısı ilə və guya məxfi şəkildə onlara yarındıqlarını kim başa düşmür ki? Heç şübhəsiz ki, yeni iyrənc əməldə ermənilərdən artıq ermənilik edən Emmanuel Makronun barmağı və dirijorluğu var.

Dediyimiz kimi, bu, konkret olaraq sözügedən təşkilatın Azərbaycana qarşı ilk qərəzli addımı deyil. Avropada tüğyan edən islamofobiyaya, söz azadlığı adı altında müqəddəs Quranın yandırılmasına bəraət qazandırılmasına, dinc nümayişçilərin atların ayağı altına salınmasına, üzərinə itlərin qısqırdılmasına, Korsika dilinin qadağan edilməsinə münasibət bildirməyən AŞPA Azərbaycana "öyüd-nəsihət" verməkdənsə, yuxarıda sadalananlara reaksiya versə, haqqı-ədaləti müdafiə etsə vəzifəsini yerinə yetirmiş olar. Müqəddəs Quranın yandırılması söz azadlığına dəlalət edir, yoxsa bunların şəxsi qərəzinə? Müsəlmanlar da bunların müqəddəs saydıqları kitabları yandırsalar qışqırtıları bütün dünyaya yayılmazmı? Müxtəsəri, əgər bütün qadağalar müsəlman xalqları üçündürsə bunu açıq desinlər. Hər kəs öz işini bilsin, kimsə kimdənsə umub-küsməsin.

Yuxarıda qeyd olunan bu kimi cəhdlər Avropa Şurasının beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də bütün üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərini bir daha təsdiq edən sənədlərinə tamamilə ziddir. Ədalətin tərəfindədirlərsə, Cənubi Qafqazda yeni münaqişə ocağı alovlandırmağa çalışan və buna görə də Ermənistanı silahlandıran Fransanın fitnəkar əməlləri nə üçün bu qurumda müzakirə edilmir? Ermənistan Azərbaycanın yüzlərlə kəndini dağıdıb xarabazara çevirəndə, on minlərlə insanı vəhşicəsinə qətlə yetirəndə, bir milyona qədər azərbaycanlını öz dogma yurdlarından didərgin salanda, məscidlərini yerlə-yeksan edəndə, təbii sərvətlərini talayıb aparanda bunları niyə müzakirəyə çıxarmırdılar, işğalçıya niyə təzyiq və təsir etmirdilər? Belə çıxır ki, bunların hamısı bir bezin qırağıdırlar. Deyiləsi sözlərimiz, ittiham etməyə faktlarımız çoxdur.

Rəsmi Bakının da qeyd etdiyi kimi, AŞPA Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərinə xələl gətirən, Azərbaycana qarşı əsassız və qərəzli addımları dayandırmalıdır. Eyni zamanda, unutmasınlar ki, Avropa Şurasının mexanizmlərindən ölkəmizə qarşı istifadəyə yönəlmiş qərəzli cəhdlər tamamilə əks nəticə verir. Əlbəttə, belə çirkin cəhdlər Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi və Azərbaycanın Qarabağ bölgəsində erməni sakinlərlə bağlı reinteqrasiya planları istiqamətində fəaliyyətini davam etdirmək əzmini sarsıda bilməz. Emmanuel Makronun başqalarını üstümüzə salışdırması nə ona, nə də onun diktəsi ilə yaramaz əməllərdən çıxanlara nifrətdən başqa heç nə qazandırmır.

Dünyaya Makron kimi cox əzazillər gəlib-gedib. İndi onların hamısı lənətlə xatırlanır. Hər kəs keçmişdən dərs götürsə insanlara başağrısı gətirən bu cür anormal hallar da çox az olar.

Vəli İlyasov, "İki sahil"