24 yanvar 2024 01:58
298

Qərəzli yanaşma, demokratik prinsiplərə hörmətsizlik

Fransa Azərbaycana qarşı yürütdüyü siyasətdə artıq bütün sərhədləri aşıb. Rəsmi Parisin ölkəmizə qarşı qərəzli addımları bu dövlətin xarici siyasətinin tərkib hissəsinə çevrilib  və məqsədli xarakter daşıyır. Bütün bunlar Azərbaycana qarşı aparılan nifrət kampaniyasının davamlı olduğunu  göstərir. Çoxsaylı xalqların nümayəndələrini etnik təmizləməyə məruz qoyan, insanlara öz dilində danışmağı belə qadağan edən, müstəqilliyə can atan xalqları silah gücünə susduran Fransa dövləti, Emmanuel Makron hakimiyyəti bu gün təcavüzkar - 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, varımızı-dövlətimizi talayan, şəhər və kəndlərimizi viran qoyan, on minlərlə soydaşımızın ölümünə səbəb olan Ermənistanın yanındadır, erməni quldurlarını müdafiə edir.

Fransa silahlı qüvvələrinin şəxsi heyəti qarşısında çıxış edən Prezident Emmanuel Makronun bəyanatları Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı Fransa hökumətinin mövqeyini açıq şəkildə göstərir. Bu ölkənin  aktiv anti-Azərbaycan mövqeyi müəyyən hərbi-siyasi mülahizələr və ambisiyalarla diktə olunur ki, burada Ermənistan bir alətdir. Söhbət erməni xalqını qorumaqdan yox, Fransanın öz maraqlarından gedir.

Bu gün Fransanın bəzi şəhərlərində Azərbaycana aid sözlər, heykəllər götürülür.  Özünü demokratiyanın beşiyi, dünya mədəniyyətinin mərkəzi sayan bir dövlət heç bir bəşəri dəyərlərə sığmayan addımlar atır. Prezident İlham Əliyev yanvarın 10-da  yerli telekanallara müsahibəsində bildirib ki, burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər. Biz onu bərpa etdik, daha doğrusu, yenidən dəqiq surətini ucaltdıq. Fransa isə Natəvanın həmin ölkədə heykəlini təhqir edir. Göründüyü kimi, burada bir oxşarlıq var. Ona görə də indi vəziyyət belədir, biz, əlbəttə ki, bütün bunlara cavab verəcəyik. Biz təkcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə deyilik. Biz adekvat cavablar veririk və verəcəyik.

Dünyanın bir sıra ölkələrində, xüsusilə də Afrikada nüfuzunu sürətlə itirən Emmanuel Makron hökumətinin Azərbaycandakı “dayaqları” da məhv edildi. Fransa digər regionlardakı itkilərini Qafqazda kompensasiya etmək istəsə də, alınmadı. Fransa unutmasın ki, Qafqaz Azərbaycanın, Türkiyənin qırmızı xəttidir. Fransanın hətta Ermənistanda kök salması da Azərbaycanın milli maraqlarına təhdid hesab olunmalıdır. Xüsusilə də Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı hədyanlar cavabsız qalmayacaq. Fransa hazırda Hindistanla əlbir olaraq Ermənistanı silahlandırmaqla məşğuldur. Azərbaycan dövləti, xüsusi xidmət orqanları onların fəaliyyətini yaxından izləyir və lazımi məqamlarda cavab tədbirləri görür. ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi uğursuz fəaliyyət göstərən bu ölkə illərlə status-kvonun saxlanması ilə bu münaqişənin uzanmasına çalışıb. Qafqazı münaqişə ocağına çevirməklə buranı təsiri altında saxlamaq istəyən Paris hazırda Ermənistandakı revanşist qüvvələri qızışdırmaqla məşğuldur. Fransa İrəvana silah göndərməklə Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə mane olur. Dəfələrlə Fransanın BMT TŞ-də Azərbaycana qarşı qətnamə qəbul etdirmək  cəhdləri də uğursuzluqla nəticələnib.

Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnamə ilə əlaqədar Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Bəyanat qəbul edib. Bəyanatda qeyd edilib ki, son illərdə Fransa Respublikasının siyasi dairələri, o cümlədən Senatı və Milli Assambleyası birbaşa Yelisey Sarayından alınmış təlimat əsasında açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyətini daha da intensivləşdirmişdir və beynəlxalq hüququn normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir. Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən Fransa parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə indiyədək qəbul edilmiş qətnamələr ucbatından iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edib: Fransaya qarşı sanksiyalar tətbiq edilsin. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun.  Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın.  “Total Energies” da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.  Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atsın.

Ksenofobiya, islamofobiya kimi zərərli kampaniyalar aparmaqla hakimiyyətə gələn E.Makron iqtidarı İslam və türk dünyasına qarşı revanşist siyasət yürüdür. Faransa birmənalı şəkildə daim Ermənistanın yanında durub və Qarabağda separatizmə dəstək verib. Bu dəstək bu gün də davam edir. Bildiyiniz kimi, Azərbaycan gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Hətta Ermənistan dövləti belə  bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək verdiyi halda, rəsmi Paris buna qarşı çıxıb.

Göründüyü kimi, əgər Fransa Azərbaycana qarşı siyasətini yumşaltmasa, təhdidlərə son qoymasa, Bakı digər rıçaqları işə salmaq məcburiyyətində qalacaq. Təbii ki, Azərbaycanda Fransaya qarşı istifadə ediləcək kifayət qədər rıçaqlar var. Fransanın Azərbaycanda kifayət sayda şirkətləri fəaliyyət göstərir, qazanc əldə edirlər. Onlar hər il ölkəmizdən mənfəət götürür, gəlir qazanırlar. Bu qazanclar isə Fransaya göndərilir. Yəni, münasibətləri korlamaq Fransanın nə siyasi, nə də iqtisadı maraqlarına cavab verə bilməz.

Şəmsiyyə Əliqızı, «İki sahil»