23 yanvar 2024 01:57
331

Türkün gücünü gör, yerini bil!

Türkiyə ilə Azərbaycanın qardaşlığının suda, quruda, səmada təsdiqlənməsi türk dünyasının «Əbədi var olacağıq!» əminliyidir.
İki qardaş ölkənin ümumi arzusu olan bu istəyi Türkiyə Hərbi Hava Qüvvələ­rinin polkovniki, Beynəlxalq Kosmik Stansiyaya iki həftəlik missiya ilə kosmosa çıxan Alper Gezeravcı gerçəkləşdirdi.

Maraqlı dairələrin mənfur planlarına uyğun planetimizin müxtəlif bölgələrində yeni müharibə ocaqlarının yaranması, terror aktları qurbanlarının, dağılan, xaraba qoyulan ölkələrini tərk etməyə məcbur qalan insanların sayının artması düzəni pozulan dünyamızın, bəşəri dəyərlərə etinasızlığın mənzərəsidir. İki ilə yaxın davam edən Rusiya -Ukrayna, yüz günü arxada qalan İsrail- Fələstin müharibələrinin qurbanlarının sayının artması, İran, Pakistan, İraq arasında hər an başlanılması gözlənilən yeni müharibə təhlükəsi, müxtəlif ölkələrdə baş verən təbii fəlakətlər planetimizin sabahı üçün narahatlığa əsas yaradır. «Yeni dünya qurmaq» niyyətlərini silahların səsi, gücü ilə həyata keçirən, «soyuq müharibə» metodlarından da yararlanan supergüclərin daha sox müsəlman ölkələrində qarışıqlıq salmaları onların islamofob meyillərindən qaynaqlanan təhlükə, ikili standartların, isanlığa qarşı cinayətlərin mənfur nəticəsidir.

Torpaqlarımızın 20 faizinin Ermənistanın işğalı altında qaldığı 30 ildə səsini çıxarmayan, erməni silahlı birləşmələrinin Rusiyanın 366-cı alayı ilə ilə birlikdə törətdikləri Xocalı soyqırımını, azərbaycanlıların kütləvi qırğınlarını «görməyən», müxtəlif vasitələrlə qatil, işğalçı Hayastana dəstək göstərən dövlətlərin İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaza baxışlarının dəyişməsi bölgədə hələ də davam edən narahatlığı daha da artırır.

44 gün davam edən Vətən müharibəsini uğurla başa çatdıraraq torpaqlarını işğaldan azad, 24 saatlıq antitterror tədbirləri ilə süverenlyini təmin edən, Xankəndidə Dövlət Bayrağını dalğalandıran Azərbaycanın Qələbəsi, siyasi, hərbi, diplomatik uğurları ermənipərəst dairələrin planlarını alt-üst etdi. İşğalın davam etdiyi müddətdə ölkəmizin təbii sərvətlərini talayan, milli-mənəvi dəyərlərimizi yox etməklə varlığımızı silməyə çalışan, şəhər və kəndlərimizdə narkotik vasitələrin yetişdirilməsi, ixracı ilə milyonlar qazanan Qərb dövlətləri və ABŞ illərdən bəri səmərəsini gördükləri belə rahat gəlirlərdən asanlıqla əl çəkmək istəmirlər. Prezident Rəcəb Tayyib Ərdoğanın İkinci Qarabağ müharibəsinin ilk saatlarında «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır”» bəyanatı və hərbi əməliyyatların davam etdiyi 44 gündə vədini xalqımıza siyasi, mənəvi dəstəyi ilə davam etdirməsi Fransa Prezidenti Emmanuel Makron kimi «Qızılbulaq»da Zodda «eşələnərək» qızılımızı, mis-molibdenimizi , Zəngilanın «Vejnəli» yataqlarını vəhşicəsinə talan edənlər, istehsal prosesi zamanı axıdılan tullantılardan sarı rəngə boyanan Oxçuçayı yararsız hala calan Almaniyanın «Cronimet»” kimi şirkətləri əllərindən çıxan fürsətlərin xiffətini ölkəmizə böhtanlar yağdırmaqla təskinlik tapırlar. Təbii sərvətlərimizi vəhşicəsinə istismar etdikləri talan edərək qızıl, gümüş, mis-molibden mədənlərini dağıdan, İran vasitəsilə xarici şirkətlərə satan separatçı rejimin quldurları bu yolla milyonlara sahib olmuşlar. İsveçrədə yerləşən «Vallex Group» QSC-yə daxil olan və işğal illərində Kəlbəcərin, Zəngilanın təbii sərvətlərini istismar edən, Ağdərədə qiymətli metallarımızın talanması ilə məşğul olan «Base Metals» şirkəti kimi başqaları da Azərbaycanın təbii sərvətlərindən yararlanmaqla milyonlar qazanmızlar. Hazırda bu imkanlardan məhrum olanlar ölkəmizə qarşı şər-böhtanlar yağdırmaqla şirəyə batan dişlərinin ağrısını sakitləşdirməyə çalışırlar.

Siyasi çirkab bataqlığına məhkum olsa da , daxili işlərindən çox rəsmi İrəvanla maraqlanan, hayları yeni müharibələrə qızışdıran Fransanın, ABŞ-ın, guya sülh sazişinin imzalanmasına dəstək göstərən Avropa İttifaqının Cənubi Qafqaz siyasətlərində «korrektələr etmələri» bölgədə siyasi gərginliyi daha da artırır. Rəsmi Bakının sülhyaratma cəhdlərinə hər vasitə ilə mane olan bu dövlətlər, qurumlar Ermənistandan istifadə etməklə mənfur niyyətlərini açıq-aşkar bildirirlər. Azərbaycanla birlikdə qardaş Türkiyəni də hədəfə alan Fransanın ermənipərəst siyasətinə əlavə dəstək göstərən Almaniya, ABŞ rəsmilərinin ölkəmizlə bağlı əsası olmayan iddialar irəli sürmələri, ittihamlar səsləndirmələri iki qardaş ölkənin inkişafına dözümsüzlük, qısqanclıqdan yaranan və dəyişilməz islama nifrət akkordlarıdır.

Ötən il Türkiyədə keçirilən prezident seçkilərinə mane olmaq üçün ən çirkin üsullardan istifadə edən, ölkədəki müxalif siyasi partiyalara, maliyyələşdirdikləri terror birləşmələrinə dəstək göstərən həmin dairələr istəklərinə nail ola bilmədilər. Bütün türk dünyasının birlik və həmrəyliyi üçün fədakarlıq göstərən Rəcəb Tayyib Ərdoğan ölkə seçicilərinin etimad göstərdiyi layiqli namizəd kimi yenidən Türkiyənin dövlət başçısı seçildi. Siyasi hazırlığı, məntiqli çıxışları, diplomatik gedişləri ilə həmkarları arasında seçilən Rəcəb Tayyib Ərdoğanın ədalət Zəfərindən narahat olanlar umduqlarını deyil, nəsiblərinə düşən uğursuqluqlarının acı nəticələrini daddılar. Xalqın namizədi, milyonların etimad göstərdiyi Rəcəb Tayyib Ərdoğan bütün xain çağırışlara qalib gəldi. İkinci Qarabağ müharibəsində xalqımızın qazandığı Zəfəri öz uğurları kimi qeyd edən 80 milyondan artıq türk milləti kimi azərbaycanlılar da Rəcəb Tayyib Ərdoğanın Qələbəsini «Bir millət iki dövlət» deyiminin sevincini yaşadılar.

Vətən müharibəsindən sonra Azərbaycanla Türkiyə arasında imzalanan «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi» bütün sahələri əhatə edən həmrəylik sənədi kimi tarixə yazıldı. İkinci Qarabağ müharibəsindən sonra paytaxtımızda keçirilən Zəfər paradında qoşa dayanan, Şuşada Müttəfiqlik Bəyannaməsini imzalamaqla iki ölkə arasındakı qardaşlığın əbədiliyini dünyaya bəyan edən dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin açılması ilə bağlı göstərdikləri qətiyyət də türk dünyasının artan gücünün ifadəsi kimi xain xofluları qorxudur.

Bu gün Türkiyə ilə Azərbaycanın dünya siyasətinə təsir imkanlarının artması da təkzibolunmaz reallıqdır. Prezident İlham Əliyevin «Bu gün dünya xəritəsinə baxsaq, görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır» sözləri makronlara tarixi zərbədir.
Bu sarsılmaz birlik Azərbaycanın qüdrətlənməsini istəməyənlərin, Türkiyəni Avropa İttifaqına qəbul etməmək üçün bəhanələr uyduranların yuxularını qarışdırır. Türkiyənin layihəsi olan Akkuyuda tam gücü ilə işləyəcək Atom Elektrik Stansiyası, Cə­nub-Şərqi Anadoluda neft ehtiyatlarının aşkar edilərək istifadəyə hazır vəziyyətə gətirilməsi Qərbi narahat edir. Bu ölkənin müdafiə qüdrətini artıran modern hücum təyyarələri­nin, hərbi gəmilərin ölkənin Silahlı Qüvvələrinə verilməsi Qərbi, F-16-lara «pənah gətirənləri», kölgəsinə sığınanları sarsıdır. «Akınçı»lardan ehtiyatlananlar əsassız bəyanatları ilə Azərbaycanla Türkiyə birliyini hədəfə alırlar.

Ötən il qardaş ölkədə baş verən dəhşətli zəlzələ zamanı bu dostluq bir daha sınaqdın çıxdı. «Əziz qardaşım İlham Əliyev lap əvvəldən mərkəzi Pazarcık olan zəlzələdə bizi heç vaxt yalnız qoymadı. İlk andan etibarən axtarış-xilasetmə heyətləri Kahramanmaraşda bizimlə birlikdə oldu. Onunla da kifayətlənmədi, daha sonra İlham qardaşım Kahramanmaraşda min evin inşa ediləcəyinə söz verdi. Təbii ki, orada məktəbi, məscidi, yataqxanası və yaşayış binaları olan bir Azərbaycan şəhəri inşa etməyi qərara aldı. Bu gün fürsətdən istifadə edərək, indi onun təməlini qoyacağıq» sözlərilə Türkiyə və Azərbaycanın birliyinə həsəd aparanlar Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev kimi qüdrətli dövlət başçılarını özlərinə rəqib hesab edirlər. Hər iki qardaş ölkə gənclərinin birgə iştirakı, «Dünya türkün gücünü görsün, yerini bilsin”!» amalı ilə Bakıda, İzmirdə, İstanbulda keçirilən «TEKNOFEST» festivallarına belə qasqanclıqla yanaşan qərblilər qardaş ölkənin hərbi qüdrətinə həsəd aparırlar. «Gün bir olmaq, bərabər olmaq, min illik qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür» sözləri ilə başda Azərbaycan olmaqla türk dünyasını birlik və həmrəyliyə çağıran Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası, eyni zamanda Şərqdən Qərbə uzanan, türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılmasında israrlı olduqlarını sarsılmaz qətiyyəti ilə bildirir. Hər iki qardaş ölkənin göstərdikləri siyasi iradə Ermənistan və onun havadarlarını məyus edir. Türkdilli ölkələrin birləşdiyi Türk Dövlətləri Təşkilatının yaranmasında da aparıcı qüvvə Azərbaycan –Türkiyə müttəfiqliyidir.

«Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Gündən-günə Türkiyənin önəmi, rolu artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni gücləndirir, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türk Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm bizi gücləndirir və uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcəkdir» söyləyən Prezident İlham Əliyev iki ölkə arasındakı hərbi müttəfiqliyi, qardaş ölkənin müdafiə sənayesində qazandığı uğurları diqqətə çatdıraraq bildirib ki, Azərbaycanda «Bayraktar» Mərkəzinin yaradılması gücümüzü daha sıx birləşdirəcəkdir. Dövlət başçımızın «Mən fürsətdən istifadə edərək «Kızılelma» ilə bağlı bütün qardaşlarımızı təbrik etmək istəyirəm və ümid edirəm ki, yaxın gələcəkdə «Kızılelma» Azərbaycanın səmasında da olacaqdır. «Kızılelma» havada, «Altay» və «Togg» quruda, «Anadolu» dənizdə - bugünkü Türkiyə budur» sözləri isə qardaş ölkənin müdafiə sənayesinin son uğurları ilə qürur yaradan həmrəylik sevincinin ifadəsidir.

100 minə yaxın vətəndaşın ziyarət etdiyi «TCG Anadolu» gəmisi, Qara dənizdə çıxarılan təbii qazın istismarına başlanılması, milli döyüş təyyarəsi «Gökbey» helikopterinin, «Hürjet» və «ATAK-2» qırıcılarının, «Altay» tankının istifadəyə verilməsi Türkiyənin son illərdə kosmik sahədə qazandığı uğurların rəmzidir. Türkiyənin Milli Kosmos Proqramı çərçivəsində həyata keçirilən «ilk insanlı kosmos missiyası»ındakı iştirakını” uğurla başa vuran Alper Gezeravcının ilk canlı əlaqə zamanı söylədiyi: «Bu anı Ulu Atatürkümüzün sözləri ilə başlamaq istərdim. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürk demişdi ki, Türkiyənin İstikbalı göylərdədir. Uzun zamandır bunun xəyalını qururdum. Bu, çox gözəl hissdir» sözləri də türk dünyasına mənfur niyyətlərlə yanaşanlara mesajdır.

Xuraman İsmayılqızı, «İki sahil»