20 yanvar 2024 09:54
359

20 Yanvar faciəsindən sonra müstəqillik ideyası ümummilli amala çevrildi

Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən qürur səhifəsidir. Məhz 20 yanvar hadisələri Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. Ümumilikdə 131 nəfərin öldürüldüyü, 744 nəfərin yaralandığı yanvar faciəsi dünya azərbaycanlılarının təşkilatlanmasına rəvac verdi. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqillik ideyası ümummilli amala çevrildi. Bu faciənin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə misilsiz rolu oldu, milli məfkurənin inkişafına təkan verdi. Uzun illər sovet imperiyasının əsarətində yaşayan xalq azadlıq səsini ucaltdı, suverenlik uğrunda cəsarət nümayiş etdirildi. 

20 Yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi terror, eyni zamanda beynəlxalq cinayət kimi də qiymətləndirilməlidir.  Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. 

Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu cinayətinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi. 1990-cı il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirdi. 

Ulu Öndər bəyan etdi ki, “19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir. Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. İkinci dünya müharibəsindən sonra  Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmayıb.” Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.  20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi. 
44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün, 2023-cü ilin sentyabrında suverenliyimizin bərpası ilə bütün şəhidlərimizin, o cümlədən 20 yanvar şəhidlərimizin qisası alındı. 3 ildən çoxdur, Şəhidlər Xiyabanına alnımız açıq, başımız dik gedirik.

Könül Nurullayeva,
Milli Məclisin deputatı