01 aprel 2025 22:57
175

Tarixi yaddaşımızdan silinməyən soyqırımı

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.  Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə qətlə yetirilib. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı  ilə  31 Martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması həqiqətlərimizin təbliğində, erməni yalanlarının ifşasında,  dünyaya ədalət, beynəlxalq hüquq məfhumlarının xatırladılmasında mühüm addım oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xüsusi diqqət göstərdiyi istiqamətlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, həqiqətlərimizin əsaslı şəkildə dünya ictimaiyyətinə çatdırılması oldu.

İlk görüşünün ziyalılarla olması da bu kimi çağırışlara işıq saldı. Ümummilli Lider həmin görüşündə tarixin saxtalaşdırılmasına yol verilməməsini qarşıya əsas hədəf kimi qoymuşdur. Ulu Öndərin 26 mart 1998-ci il tarixli Fərmanında da qeyd edilmişdir ki,  Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb. “Azərbaycanlıların soyqırımı haqqında” Fərman məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb.

Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. Tarix faktlara əsaslanır, heç zaman saxtakarlığı sevmir. Ermənilər tarixi saxtalaşdırıb özlərinə saxta tarix yazmaqla bu yalanlarını həqiqət kimi qəbul etdirəcəklərini düşünsələr də 44 günlük İkinci Qarabağ müharibəsi onların illərdir yaratdıqları bütün mifləri dağıtdı. Ermənilərin əsl siması dünyaya bəlli olmaqla yanaşı, əksər güclər ədalət və beynəlxalq hüququn mövcudluğunu qəbul etmək məcburiyyətində qaldılar. Azərbaycan xalqı tarixinə sahib çıxan, keçmişini unutmayan, bu günü ilə qürur duyub gələcəyə inamla addımlayan xalq kimi tanınıb və tanınır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, həmçinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanması tariximizin  hər bir səhifəsinə ətraflı  diqqət yönəltməyə geniş imkanlar yaratmışdır.  Təbii ki, informasiya mübarizəsi bütün dövrlər üçün aktualdır. Azərbaycan bu gün də şanlı  Zəfərinin reallıqları fonunda tarixi faktlara, real həqiqətlərə əsaslanan siyasətini uğurla davam etdirir. Tarixi ədalət öz sözünü deməkdə davam edir. 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.

Qısa zamanda görülən bərpa-quruculuq işlərinin miqyası hazırda sakinlərinə qovuşan torpaqıarımızın say tərkibində özünün aydın ifafəsini tapır. Xocalı şəhəri də bu sevinci yaşayan ərazilərimiz sırasındadır. Böyük Qayıdış proqramı uğurla icra edilir. 30 illik işğal dövründə dağıntı mərhələsini yaşayan ərazilərimiz son dörd ildən artıq dövrdə Azərbaycanın təkmil dirçəliş modelini dünyaya təqdim edir. 

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri