02 iyul 2025 02:53
255

Üzeyir Hacıbəyli irsinə çox ehtiyacımız var - MÜSAHİBƏ

Səadət Qarabağlı: Üzeyir bəyin mənəvi qızı adlandırılmağım mənim üçün böyük şərəfdir

Musiqişünas, publisist Səadət Qarabağlı 40 ildən çoxdur ki, dünya şöhrətli dahi bəstəkarımız Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini yorulmaq bilmədən araşdırır. Bu səbəbdən Səadət xanım ölkəmizdə üzeyirbəyşünas kimi tanınır. Beləliklə, həmsöhbətimiz Səadət Qarabağlıdır.

-2025-ci ildə Şərqdə ilk operanın yaradıcısı, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. Prezident İlham Əliyev bu münasibətlə Sərəncam imzalayıb. Həmin Sərəncamla bağlı sizin fikirlərinizi eşitmək maraqlı olardı.

- Şübhəsiz, bu, dövlət başçısı tərəfindən Üzeyir Hacıbəyliyə, onun ölməz irsinə verilən çox yüksək dəyərdir. Çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş Üzeyir bəy Hacıbəylinin yubileyləri həm sağlığında, həm də dünyasını dəyişdikdən sonra yüksək səviyyədə keçirilib. Hətta Ü. Hacıbəylinin anadan olmasının 100 illik yubileyi UNESCO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunub. Amma 1995-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyində Heydər Əliyev Sarayında (o zaman Respublika Sarayı adlanırdı) Ulu Öndərimiz Heydər Əliyevin bu sənətkarın dühası, onun zəngin həyat və fəaliyyəti haqqında söylədiyi nitqini bu gün də unuda bilmirəm. Ümummilli Lider həmin çıxışında Üzeyir bəyin həyat və fəaliyyətini o qədər gözəl təhlil etdi ki, tanınmış mu­siqişünas alimlər belə heyranlıqlarını gizlədə bilmədilər. Necə deyərlər, onlara dərs keçdi. İnanıram ki, əvəzolunmaz dühamızın növbəti yubileyi də yüksək səviyyədə, adına layiq keçiriləcək, yaddaşlara həkk olunacaq.

Bəli, bu gün də xalqımızın Üzeyir Hacıbəyli irsinə çox ehtiyacı var.   Bu məqamda Ulu Öndərin bu fikirlərini oxucularımıza çatdırmaq istərdim: “Üzeyir Hacıbəyovun yaradıcılığı həmişə insanları vətənpərvərliyə dəvət edir. Biz bu gün də Üzeyir bəy Hacıbəyovun xatirəsini yad ediriksə, onun yaradıcılığını bir daha yüksək qiymətləndiririksə, bu yaradıcılığın ən yüksək nöqtəsi olan vətənpərvərlik hisslərini özümüzdə daha da artırmalıyıq, daha da inkişaf etdirməliyik. Özümüzü bu hissiyyatlarla gələcəyə hazırlamalıyıq”.  Bu mənada demək olar ki, 140 illik yubileyini qeyd edəcəyimiz dünya şöhrətli bəstəkarın əzəmətli və möhtəşəm əsərləri Azərbaycan musiqi mədəniyyətinin inkişafına bu gün də güclü təkan verir, gənclərimizin vətənpərvərlik ruhunda yetişmələrində önəmli rol oynayır. Yeri gəlmişkən onu da qeyd edim ki, Ümummilli Lider Heydər Əliyev, həmçinin 1995-ci ildə Üzeyir bəy Ha­cıbəylinin anadan olmasının 110 illik yubileyi günlərində “Üzeyir Musiqi Gü­nü”nün təsis edilməsi haqqında xüsusi fərman da imzalamışdı. Fərmanda Üzeyir Hacıbəylinin Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətləri nəzərə alınaraq, hər il sentyabr ayının 18-də “Üzeyir Musiqi Günü” keçirilməsi əksini tapıb. Təəssüf ki, media işçiləri, bəzi musiqişünaslar, səlahiyyətli şəxslər bu günün adını təhrif edərək "Milli Musiqi Günü" kimi təqdim edirlər. 

- Səadət xanım, Üzeyir Hacıbəyli ilə sizi nə bağlayır?

- Mənim Üzeyir bəy Hacıbəyli ilə qeyri-adi bir bağlantım var.  Bəlkə buna müqəddəs bağlantı da demək olar. Əvvəla, bizim Üzeyir bəygillə qohumluğumuz var.  Sizə deyim ki, əsl şuşalılar bir-birilərinə qohumdurlar. İkincisi, heç özüm də fərqinə varmadan uşaqlığımdan Üzeyir bəyə bağlanmışam. Körpəlikdən ulu sənətkarımızın musiqiləri ilə böyümüşəm. Anam mənə xalq musiqilərimizlə yanaşı, Üzeyir bəyin əsərlərinin sədaları ilə lay-lay çalardı. Mən bu gözəl, ruh oxşayan musiqilərlə böyümüşəm. Birinci sinifə gedəndə dahi şəxsiyyətin izi mənim həyatımda hiss olunurdu. Hətta ilk dəfə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində imtahanı məndən Ü. Hacıbəylinin dayısı Ağalar bəy Əliverdibəyovun oğlu, məktəbin direktoru, bəstəkar Nazim Əliverdibəyov götürmüşdü. Onda fortepiano sinfinə imtahan vermişdim. Lakin yerlər dolu olduğu üçün Nazim müəllim məni violonçel sinfinə götürmək istədi. Musiqi istedadımı nəzərə alaraq, anama demişdi ki, hələlik violonçel sinfinə qəbul edək, sonra skripka sinfinə keçirəcəyəm. Anam razı olmadı, məni 1 saylı Uşaq Musuqi Məktəbinə gətirdi. İmtahan verib, məktəbin fortepiano sinfinə qəbul olundum. Burada da mənə Üzeyir bəy Hacıbəylinin tələbəsi, məşhur caz ustası Vaqif Mustafazadənin anası Zivər Əliyeva dərs deməyə başladı.  Zivər xanım dərsləri İçərişəhərdəki evlərində keçirdi. Vaqif Mustafazadənin gözəl musiqilər ifa etdiyi royalda çalmağı öyrəndim. Bir ildən sonra atamın işi ilə bağlı (o, hüquq-mühafizə orqanlarında çalışırdı) biz Füzuli rayonuna köçməli olduq. Füzulidə yenə Üzeyir bəyin tələbəsi, bəstəkar, məşhur "Naxçıvan" mahnısının müəllifi Məmməd Cavadov mənə dərs dedi. Nəhayət, tale məni 1979-cu ildə Üzeyir bəy Hacıbəylinin ev-muzeyinə gətirdi. Oraya məqalə yazmaq məqsədi ilə getmişdim. O zaman Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyurdum. Orta İxtisas Musiqi Məktəbinin fortepiano fakültəsini fərqlənmə diplomu ilə bitirmişdim. İstirahət günü olmasına baxmayaraq, muzeydə məni direktor özü qarşıladı. Muzeyin direktoru Ramazan Xəlilov Üzeyir bəyə bağlı bir insan idi. O, dahi sənətkarın baldızı oğlu idi. Həm də uzun illər Üzeyir bəyin şəxsi katibi olmuşdu. O, əvəzolunmaz bəstəkarımızın ömrünün hər dəqiqəsinə yaxşı bələd idi. Təsadüfi deyil ki, Ümummilli Liderimiz Ramazan Xəlilovu Üzeyir Hacıbəylinin yadigarı adlandırırdı. Mənim suallarıma Ramazan bəy həvəslə və ətraflı cavablar verdi. Nəhayət, söhbətimizin sonunda məndən soruşdu ki, bu muzeydə işləmək istərsinizmi? Mən cavab verdim ki, böyük məmnuniyyətlə. Bundan sonra o mənə: “Sabahdan işə gəlin”, - dedi. Mənim muzey həyatım belə başladı. Düz 25 il beş ay Üzeyir bəy Hacıbəylinin ev-muzeyində işləmişəm. 2005-ci ildə, o vaxtlar mədəniyyət naziri vəzifəsində çalışan Polad Bülbüloğlu Üzeyir bəyin təbliği ilə ciddi məşğul olduğum üçün məni başqa muzeyə, Musiqi Mədəniyyəti Dövlət Muzeyinə keçirmək qərarına gəldi. Guya məni daha böyük, maaşı çox olan muzeyə keçirərək, vəzifəmi artırırdı. Mən təklifi qəbul etmədim, ərizəmi yazıb istefa verdim. Amma sevimli işimdən, gəncliyimi sərf etdiyim muzeydən uzaq düşsəm də Üzeyir bəy Hacıbəyliyə olan bağlılığım sönmədi və bu günə qədər davam edir.     

-Üzeyirbəyşünas kimi ilk məqalənizi nə zaman yazmısınız?

-Üzeyirbəyşünas kimi ilk yazımı 1980-ci ildə qələmə almışam. "Böyük bəstəkarın ev-muzeyində" adıı məqaləm "Ədəbiyyat və incəsənət"qəzetində dərc olundu.

- Siz uzun müddətdir ki, Üzeyir bəy irsini araşdırırsınız. Bu illərdə nələrə nail olmusunuz?

-Qırx ildən çoxdur ki, Üzeyir bəyin irsinin təbliği ilə məşğulam. Bu illər ərzində yüzlərlə məqaləm qəzet və jurnallarda, eləcə də saytlarda dərc edilib. Radio və televiziya kanallarında, şəhər və rayonlarımızda, Türkiyənin İstanbul şəhərində Üzeyir Hacıbəylinin həyat və fəaliyyəti ilə bağlı saya gəlməyəcək dərəcədə məruzə və çıxışlar etmişəm. "Üzeyir Hacıbəyov" ensiklopediyasının müəlliflərindən biriyəm. Üzeyit bəyin "Arazbarı" simfonik əsərini, "Aşıqsayağı" triosunu (hər ikisinin də redaktoru mərhum bəstəkar, Üzeyir bəyin əmisinin nəticəsi İsmayıl Hacıbəyovdur) partituralarını nəşr etdirmişəm. "Şöhrət tacı" (tərtibçilər: Ramazan Xəlilov, Səadət Qarabağlı), "Üzeyirbaycan" adlı şeirlər və poemalar toplusu, "Üzeyir bəy Hacıbəylinin publisistikasında musiqi məsələləri" (l, ll, lll nəşrlər), "Üzeyir bəy Hacıbəyov və "Molla Nəsrəddin" (tərtibçilər: Tahir Aydınoğlu, Səadət Qarabağlı) kitablarını, "Ustadı xatırlarkən..." SD-ni (hazırlayanlar: Səadət Qarabağlı, Gülbəniz Hüseynli) ərsəyə gətirmişəm. Bunlar yalnız Üzeyir bəy Hacıbəyli ilə bağlı olan fəaliyyətimdir. Əlbəttə ki, başqa yaradıcılıq işlərim də mövcuddur. 

- Üzeyir bəyə ermənilərin təzyiqləri barədə nələr deyə bilərsiniz?

 -Allah-Təala tərəfindən Azərbaycan xalqına ərmağam edilən Üzeyir bəy Hacıbəyliyə ermənilər tərəfindən hər zaman təzyiqlər olub. Çünki onun dahiliyini qaragüruh varlıq həzm edə bilmirdi. Hər vəchlə onu aradan götürməyə çalışırdılar. Hələ 1905-cü ildə Ü. Hacıbəyli Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra dərs dediyi Hadrut kəndində yaşayan ermənilər ona qəsd etmək istəyiblər. Bundan duyuq düşən kəndin azərbaycanlı sakinləri Üzeyir bəyi gecə ikən at belində Yevlaxa apararaq, onu qatarla Bakıya yola salıblar. Bakıda çalışdığı dönəmlərdə də ermənilər Üzeyir bəyə sui-qəsd etmək istəyiblər. Hətta 1918-ci il hadisələri zamanı dahi bəstəkarın evi (hazırkı ev -muzeyinin binası) erməni quldurları tərəfindən gülləbaran edilib. Xoşbəxtlikdən Üzeyir bəyə xətər toxunmayıb.  Gözəgörünməz müqəddəs əl, eləcə də Nəriman Nərimanov, Mir Cəfər Bağırov kimi Azərbaycanın rəhbərləri onu hər türlü bəlalardan qoruyublar. Amma 1939-cu ildə erməni musiqiçilərinin SSRİ xarici işlər naziri Molotovun adına göndərdikləri şər və böhtan dolu teleqram incə qəlbli, həssas duyğulu sənətkarın səhhətinə hədsiz dərəcədə pis təsir edib və o, şəkərli diabet xəstəliyinə düçar olub. Bu azmış kimi Osipyan soyadlı erməni həkim Üzeyir bəyi müalicə etməyə təhkim edilib. O, da Ü. Hacıbəyliyə bilərəkdən düzgün diaqnoz qoymadan insulin iynəsi təyin edib və ciddi pəhriz saxlamağı “məsləhət” görüb. Bunun nəticəsində Üzeyir bəy bir ayda 18 kilo çəki itirib, orqanizmi zəifləyib və ürəktutmaları başlayıb. Bunu görən Azərbaycanın dövlət və hökumət rəhbərləri Üzeyir bəyi müalicə üçün Yessentukiyə, sonra Moskvaya göndəriblər. Stalinin göstərişi ilə Üzeyir bəy Hacıbəyli Kreml xəstəxanasına yerləşdirilib, orada da müayinə edilib və müalicə alıb. Lakin bütün bunların heç bir xeyri olmayıb. Çünki oradakı həkimlərin də təsdiq etdikləri kimi dahi bəstəkarımız Bakıda erməni həkim tərəfindən düzgün müalicə olunmamışdı. Bu da unudulmaz sənətkarımızın 63 yaşında dünyasını dəyişməsinə səbəb olub. Yəni, erməni xisləti öz işini görüb.

-Sizdən başqa bu gün Azərbaycanda Üzeyir Hacıbəylinin irsini araşdıranlar varmı?

-Bilirsiniz, Üzeyir Hacıbəyli haqqında kitablar, dissertasiyalar, məqalələr yazanlar var. Amma bütün həyatlarını Üzeyir bəy irsinin araşdırılmasına həsr edənləri görmürəm. Ona görə də ad çəkməkdə çətinlik şəkirəm.  

-Səadət xanım, bu yubileyə sizin hədiyyəniz nə olacaq?

-Qismət olsa, sənət dühamızın həyat və fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən kitab çap etdirmək niyyətindəyəm.    

-Yeri gəlmişkən, sənətsevərlər sizi həm də Üzeyir bəyin mənəvi qızı adlandırırlar. Bunu sizə verilən dəyər kimi qiymətləndirmək olarmı?          

-Bu, sənətsevərlərimizin, ziyalılarımızın mənə verdikləri çox böyük dəyərdir. İnanın, bunu tam səmimiyyətimlə deyirəm, Üzeyir bəyin mənəvi qızı adlandırılmağım mənim üçün həm böyük şərəfdir, həm də bütün fəxri adlardan, elmi dərəcələrdən və müxtəlif titullardan qiymətlidir. Buna görə Allahıma və bu ada məni layiq bilənlərə minnətdaram. Ömrümün sonuna kimi bu şərəfli adı qoruyub saxlamağa çalışacağam.

Qvami Məhəbbətoğlu, “İki sahil”