20 yanvar 2024 02:15
379

Lavrov qoşa barmağını haybaşı Paşinyanın gözlərinə uzatdı…

“Ermənistandan keçərək Azərbaycanla Naxçıvanı birləşdirəcək marşrutun bərpasına alternativ yoxdur.”

Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki gün əvvəl 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib. Orada Rusiya XİN rəhbərinin irəli sürdüyü digər fikirlər də Azərbaycanın mövqeyi ilə uyğun gəlir.

Mətbuat konfransında Zəngəzur dəhlizi barədə ətraflı danışan Sergey Lavrov bu marşrutun açılmasına nəyin maneə olduğunu  bilmədiyini söyləyib:  "Son günlər Azərbaycan və Ermənistan liderləri öz ictimai çıxışlarında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin təmin olunması məsələsinə toxunublar. Ermənistanın baş naziri Nikol Paşinyan çıxışında Zəngəzur dəhlizinin qətiyyətlə əleyhinə olduğunu bəyan edib. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli Bəyanatında qeyd olunub ki, regionda bütün kommunikasiyalar açılır və Ermənistan tərəfi Azərbaycanla Naxçıvan arasında kommunikasiyanın açılması öhdəliyini öz üzərinə götürüb və razılaşmaya görə həmin kommunikasiyanın təhlükəsizliyini Rusiya FTX-nin sərhəd qoşunları təmin etməlidir".

Halbuki Paşinyan Qarabağ müharibəsində ölkəsinin məğlubiyyətindən sonra Zəngəzur dəhlizinin açılmasına razılığını bildirmişdi və bir müddət bu dəhlizinin açılmasına hazırlıqdan danışırdı. Lakin öz planı və dayanıqlı strategiyasl olmayan, onun-bunun göstərişləri ilə oturub-duran hərdəmxəyal Ermənistan rəhbəri son vaxtlar fikrini dəyişdi və bu istiqamətdə görülən işləri əngəllədi. Təbii ki, Ermənistanın fikri ilə hesablaşmayan Azərbaycan İran ərazisindən Naxçıvanla əlaqə yaratmaq üçün danışıqlar apardı və istəyinə nail oldu. Bu isə Ermənistana daha bir zərbə oldu. Onsuz  da ölkədən çıxış yolları məhdud olan Ermənistan dalana dirəndi.

Rusiya XİN başçısı Paşinyanın Azərbaycandan Naxçıvana İranın təqdim etdiyi şərtlərlə marşrut təqdim etməyə razı olması ilə bağlı bəyanatına da münasibət  bildirib. Lavrovun sözlərindən belə çıxıb ki, Paşinyanın peşman olub yenidən köhnə fikrinə qayıtması daldan atılan daş effektini verir. Qeyd edib ki, bu iki marşrutu müqayisə etmək məntiqsizdir.

Lavrov əlavə edib ki, Üçtərəfli İşçi Qrup 2023-cü ilin iyununda Ermənistanın Sünik vilayətindən keçməklə ilk olaraq dəmir yolu əlaqəsinin açılmasını razılaşdırmışdılar.

"Əldə olunan razılaşmalardan sonra imtina etmək bu gün nadir hal deyil. Bu marşrutun açılmasına nə mane olur, mən bilmirəm"-, deyə Rusiya XİN başçısı qeyd edib.

Rusiya diplomatiya idarəsinin rəhbəri hesab edir ki, rəsmi İrəvan  Azərbaycan və Naxçıvanı birləşdirəcək dəhlizlə bağlı hüquqi öhdəliklərini yerinə yetirməkdə çətinliklərlə üzləşib. Sergey Lavrov bu dəhlizin Ermənistan üçün də çox sərfəli olduğunu açıq mətnlə vurğulayıb: "Təəssüf ki, Sünik vilayətindən keçməklə açılması nəzərdə tutulan və Ermənistan üçün də sərfəli olan bir marşrut hələ də kağız üzərində qalmaqdadır".

Lavrov Azərbaycanla Naxçıvanı əlaqələndirəcək dəhlizin açılmasına maneə olmaqda Ermənistanın qərbli dostlarını kəskin ittiham edib. Qərbin çaldığı havaya oynayan Ermənistanı yaxşı sonluq gözləmədiyini də bildirib. Bununla belə o, bu marşrutun bərpasına alternativin olmadığını da vurğulayıb. Əlbəttə, nazirin dediklərində bir həqiqət var. Belə görünür ki, Fransanın və bəzi qərbli araqarışdıranların fitnəsinə uyan Nikol Paşinyan ölkəsini necə dərin bir uçuruma apardığının hələ də fərqində deyil.

Dediyi sözü geri götürmək, tüpürdüyünü yalamaq haybaşı Paşinyanın köhnə peşəsidir. Bunu o, öz axmaq düşüncəsi və hərəkətləri ilə dəfələrlə sübut edib. Məşədi İbad demişkən: Bir növ adətkərdədir.

Vəli İlyasov, “İki sahil”