19 yanvar 2024 15:26
372

Fransa Senatının qəbul etdiyi qətnamə gərəksiz kağız parçasından başqa bir şey deyil - Kamran Bayramov

Fransa Senatının yanvarın 17-də Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnamə bu  ölkənin ədalətsiz mövqeyini bir daha nümayiş etdirdi. Bununla da, Fransanın ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi otuz illik vasitəçilik fəaliyyətinin iç üzü bir daha bəlli oldu. Senatın  qəbul etdiyi qətnamə Fransanın Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə ilə barışa bilmədiyini bir daha  sübut edir. Vətən müharibəsi dövründə və müharibədən sonra Fransa dövləti rəhbərliyinin təcavüzkar Ermənistanı müdafiə etmək üçün verdiyi açıqlamaları hər birimiz yaxşı xatırlayırıq. Bu da o deməkdir ki, Fransanın ölkəmizə qarşı bu cür addımları məqsədli xarakter daşıyır, onun xarici siyasətinin tərkib hissəsinə çevrilib. Bütün bunlar Azərbaycana qarşı aparılan nifrət kampaniyasının davamlı olduğunu açıq-aşkar göstərir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib. 

K.Bayramov qeyd edib ki, Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnamə ilə əlaqədar Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Bəyanat qəbul edib. Bəyanatda qeyd edilib ki, son illərdə Fransa Respublikasının siyasi dairələri, o cümlədən, Senatı və Milli Assambleyası birbaşa Yelisey Sarayından alınmış təlimat əsasında açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyətini daha da intensivləşdirmişdir və beynəlxalq hüququn normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir. Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən, Fransa parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə indiyədək qəbul edilmiş qətnamələr ucbatından iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər. 

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edib: Fransaya qarşı sanksiyalar tətbiq edilsin. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun.  Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın.  “Total Energies” da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin.  Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atsın.
Deputat diqqətə çatdırıb ki, Fransa Senatının Qarabağla bağlı yeni qətnaməsi qərəzli və əsassızdır. Qətnamənin qəbul olunması üçün ortaya atılan arqumentlər də tamamilə yalan və böhtandır. Qarabağın erməni sakinlərinin bölgəni könüllü, Azərbaycan tərəfinin heç bir təsiri olmadan tərk etdiyi beynəlxalq təşkilatlar, o cümlədən BMT missiyası tərəfindən təsdiqlənib, Avropa Şurasının İnsan hüquqları üzrə komissarının hesabatında etiraf olunub. Burada insan hüquq və azadlıqlarının pozulmasından da söhbət gedə bilməz. Eləcə də rəsmi Parisi narahat edən məqam onun Azərbaycan tərəfindən Cənubi Qafqazda çirkin siyasətinin iflasa uğradılmasıdır. Çünki 30 il hər cür dəstək verdiyi, havadarlıq etdiyi Ermənistanın işğal siyasəti məhv edildi. Bir sözlə, Fransa Senatının bu qətnaməsi də əvvəlkilər kimi, bizim üçün gərəksiz kağız parçasından başqa bir şey deyil.

K.Bayramov əlavə edib ki, Fransa Ermənistana silah-sursat satmaqla onun Azərbaycanla münasibətlərinin normallaşmasına zərbə vurur, oradakı revanşist qüvvələri yeni müharibəyə həvəsləndirir. Amma bütün bunlar heç bir nəticə verməyəcək və mövcud reallığı dəyişməyəcək. Bu gün də Fransa müstəmləkəçilik siyasətindən əl çəkmir. Buradan məlum olur ki, işğalçılıq bu ölkənin fitrətindədir və həm də bu səbəbdəndir ki, Azərbaycanın Ermənistan işğalına son qoymasından bu qədər narahatlıq keçirir. Fransız Senatında əyləşən «demokrat» quldurlar hələ də başa düşmək istəmirlər ki, Azərbaycan öz suveren ərazisində hərbi əməliyyat keçirməyə görə heç kimdən icazə almır və bu mənada Fransa Senatı öz yerini bilməlidir. Göründüyü kimi, İkinci Dünya müharibəsində biabırcasına məğlub olduqdan sonra başqalarının mərhəməti ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna yiyələnmiş, bir neçə aydır ki bu qurumda Azərbaycan əleyhinə qətnamə qəbul etdirə bilməyən Fransa, görünür özünü Senatın qətnaməsi ilə ovundurur. Azərbaycanın BMT-nin 4 mühüm qətnaməsini icra etməklə Qarabağı işğalçılardan azad etməsini, Paris alqışlamaq əvəzinə beynəlxalq hüquqa qarşı kampaniya aparır. Bildiyiniz kimi, Azərbaycan gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Hətta Ermənistan dövləti belə, bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək verdiyi halda, rəsmi Paris buna qarşı çıxıb, Fransa Senatı “erməni mədəni irsi”nə görə narahat olursa, qoy onda Fransanın əsrlərlə Afrikadan oğurladığı mədəni irs nümunələri ilə məşğul olsun. Fransanın Qarabağa göndərmək istədiyi UNESCO missiyası elə Fransanın özünə göndərilməlidir ki, həmin oğurlanmış irs nümunələrinin əsl sahiblərinə qaytarılmasını təmin etsin.