19 yanvar 2024 00:57
343

Sülh müqaviləsi Ermənistanın tək qurtuluş yoludur

Siyasi ekspertlərin qənaətincə, bu gün Cənubi Qafqazda sülh sazişi Azərbaycandan daha çox məhz Ermənistana lazımdır. Ona görə ki, bu, haylar  üçün indiki ağır iqtisadi- sosial  vəziyyətdən xilas olub dinc inkişaf mərhələsinə keçid edə bilmək  üçün vacibdir. Eyni zamanda, hazırda geopolitik proseslər də Paşinyan hakimiyyətinin əleyhinə işləyir. Çünki ABŞ və Avropa İttifaqı da (Aİ) Ermənistanı  Rusiyanın forpostluğundan qurtarıb Azərbaycanla birbaşa sülh sazişini imzalamağa təhrik edir.

Bəli, ağlı başında olan haylar birmənalı şəkildə etiraf edirlər ki, ölkələri üçün yeganə çıxış yolu Azərbaycanla Türkiyənin ərazi bütövlüyünü, suverenliyini tanımaq, Zəngəzur dəhlizini açmaq, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirmək, bütün bunların nəticəsində yaranacaq yeni iqtisadi, ticarət, tranzit imkanlarından səmərəli istifadə etməkdir. Bu isə o deməkdir ki, Ermənistanın da yaxın gələcəkdə Azərbaycan və Gürcüstan kimi, beynəlxalq nəqliyyat-logistika  mərkəzinə çevrilmək imkanları olacaq.

Hazırda reallıq belədir ki, Ermənistanın İkinci Qarabağ savaşındakı məğlubiyyətindən xeyli vaxt keçməsinə baxmayaraq bu ölkə hələ də özünə gəlmək iqtidarında deyil və sosial-iqtisadi, hərbi-siyasi böhran içərisində çabalayır. Eyni zamanda, ötən ilin sentyabrın19-da Qarabağda reallaşan bir günlük lokal antiterror tədbirlərindən sonra separattçı xuntanın ləğv edilməsi və ermənilərin könüllü şəkildə Qarabağı tərk edib Ermənistana getmələri bu ölkədə ciddi sosial problemlər yaradıb. Bu gün Ermənistan vətəndaşlarının arasında öz ölkəsinə və hökumətinə ciddi inamsızlıq hökm sürür. Xüsusilə Fransanın Ermənistanın iqtisadiyyatına dəstək göstərməsi əvəzinə ona silahlar satması hayların iqtisadi iflasını sürətləndirib. Ona görə ki, Ermənistanın  xarici dövlət borcları hər il artmaqda davam edir ki, bu da illik dövlət büdcəsindən xeyli çoxdur.  Məhz işğalçılıq siyasəti nəticəsində onun regiondakı beynəlxalq layihələrdən kənarda qalması, eyni zamanda, ölkə ərazisində elə də ciddi təbii resursların olmaması müttəfiqi olduğu dövlətlərin bu ölkəyə ciddi investisiya yatırmasını əngəlləyib. Ermənistanın acınacaqlı vəziyyəti həm də onunla bağlıdır ki, onun  dövlət sərhədlərini  rus əsgərləri qoruyur. Hətta iri sənaye müəssisələrinin 80 faizinə Rusiya dövləti nəzarət edir.

Azərbaycan dövləti də sülh sazişinin imzalanması və bölgədə əməkdaşlıq mühitinin təmin olunması üçün bütün lazımi addımları atır. Rəsmi İrəvanın son dövrlərdəki, hərəkətlərindən də hiss edilir ki, məlum proseslərdə irəliləyiş var. Xüsusilə Ermənistanın baş naziri  Nikol Paşinyan  sülh müqaviləsi ilə bağlı bəzi bəyanatlar da verib. Hətta Ermənistan parlamentinin sədri Alen Simonyan da yanvarın 15-də jurnalistlərə açıqlamasında deyib ki, danışıqlarda müsbət irəliləyişlər mövcuddur. Onun birbaşa təmaslar barədə səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. Belə ki, parlament sədri iki ölkə arasında birbaşa təmasların yarandığını diqqətə çatdırıb.  Hətta o, vasitəçilərsiz də müqaviləsinin imzalanmasına nail olmağın mümkünlüyündən danışıb. Onun sözlərinə görə, bəzi vasitəçilər  bölgədə öz maraqlarını təmin etməyə və təsir imkanlarını genişləndirməyə çalışırlar: «Sülh prosesində vasitəçilik etməyə çalışan istənilən ölkənin öz maraqları var və bu da təbiidir.»

Simonyan bildirib ki, tərəflərin birbaşa təmaslarla bağlı təcrübəsi var: «Məsələn, Azərbaycandakı 32 erməni əsir birbaşa təmaslar nəticəsində qaytarıldı. Amma, təbii ki, beynəlxalq ictimaiyyət də nəzərə alınmalıdır.»

Bütün bu proseslərdən anlaşılır ki, artıq rəsmi İrəvan Cənubi Qafqazda güc sahibi olan Azərbaycanla hesablaşmaq məcburiyyətindədir. Yəni, Nikol Paşinyan hakimiyyəti anlayır ki, Ermənistan üçün xilas yolu yalnız qonşuları ilə regional əməkdaşlıqdan keçir.

Bu, bir faktdır ki, həzırda Ermənistanla Azərbaycan arasında vasitəçilik iddiasında olan bir sıra ölkələr var. Bunlar Rusiya, Fransa, ABŞ, Avropa İttifaqı və s. Amma bu oyunçuların hər birinin öz dövlət maraqları var. sülh məsələsinə də bu  kontekstindən yanaşmağa çalışırlar. Bu maraqların məqsədi isə Cənubi Qafqaza təsir  imkanlarını  artırmaqdır.

İki ölkə arasında imzalanacaq sülh müqaviləsinə dair fikirlərini açıq şəkildə ifadə edən Prezident İlham Əliyev dəfələrlə beynəlxalq təcrübəyə istinad edərək bildirib ki, bu məsələdə vasitəçiyə ehtiyac yoxdur. Yanvarın 10-da Prezident İlham Əliyevin yerli televiziya kanallarına  müsahibəsində bu məsələ bir daha ictimaiyyətin diqqətinə çatdırılıb. Xüsusilə Ermənistan hakimiyyətinə Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün kənarda zəmanətçi axtarmağa ehtiyacın olmadığı  tövsiyə edilib. Azərbaycan Prezidenti vurğulayıb ki, bu, iki suveren dövlət arasında imzalanacaq sənəd olacaq: «Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır. Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın.»

Biz bir ölkə olaraq zəmanətçiyə ehtiyac olmadığı qənaətinə ona görə gəlirik ki, bu istiqamətdə ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyəti yarıtmaz olub və onlar daim ermənipərəst mövqe sərgiləyiblər. Belə ki, 30 il ə yaxın müddət ərzində həmsədr ölkələr olan  ABŞ, Fransa və Rusiya ədalətli sülhə mane olmağa çalışıblar. Nəhayət, Azərbaycan öz işini özü gördü. Bundan sonra əslində Ermənistan üçün də yeni imkanlar yarandı. Ən başlıcası isə Ermənistan hakimiyyəti Qarabağ yükündən azad oldu. Xüsusilə Ermənistan regionun iki aparıcı ölkəsi – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması üçün imkan qazandı.

Bir fakta diqqət etsək görərik ki, Ermənistan son zamanlara qədər sülh prosesində vasitəçilərdən vaz keçmək istəmirdi. Onlar bütün görüşlərdə üçüncü tərəfin iştirakını təkidlə istəyirdilər. Amma deyəsən səhvlərini gec də olsa anlamağa başlayıblar. Yəni, bu gün  Ermənistan da uzaq vasitəçilərdənsə, yaxın qonşusu ilə dil tapmağı daha səmərəli hesab edir. İndi haylar da yaxşı anlayırlar ki, ölkələrinin gələcəyi vasitəçi  olmaq istəyən dövlətlərin maraqlarından üstündür. Rəsmi İrəvan artıq başa düşməyə başlayır ki, üçüncü qüvvələr arasında rəqabət Ermənistan üçün heç də yaxşı sonluq vəd etmir.

Yəni, Hayastan  bu rəqabətə çox tab gətirə bilməz. Çünki bu gün Rusiyanın həm ABŞ-la, həm də Fransa ilə münaqişədə olması  Ermənistanı yaxın gələcəkdə hərbi poliqona çevirə bilər. Ona görə də əvvəldə də qeyd etdiyimiz kimi, hazırda Ermənistanın dövlətçiliyi üçün zəruri olan şərt regional əməkdaşlıqdır.

Elçin Zaman, «İki sahil»