19 yanvar 2024 02:58
344

Füzulinin yeni siması göz oxşayır

İndiyədək bu şəhərdə 410 ailənin (1519 nəfər) daimi məskunlaşması təmin edilib, 2040-cı ilədək isə burada 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir

Hazırkı strateji mərhələdə Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən biri, daha dəqiq ifadə etsək, 5 milli prioritetdən biri 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin olunmasıdır. Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə Böyük Qayıdışını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Böyük Qayıdış üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları həyata keçiriləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.

Bu gün soydaşlarımızın rahat, müasir tələblərə cavab verən mənzillərlə təmin olunması üçün zəruri olan bütün tədbirlər görülür. Məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Belə ki, ötən gün Füzuli şəhərinə daha 30 ailə - 127 nəfər köçürülüb. Bununla da yeni ilin ilk köç prosesi həyata keçirilib. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə yanvarın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Qeyd edək ki, indiyədək Füzuli şəhərində 410 ailənin (1519 nəfər) daimi məskunlaşması təmin edilib. 2040-cı ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.

İşğaldan azad edilmiş digər yaşayış məntqələri kimi, Füzuli şəhərinin bərpası da tarixi ənənələr və müasir tələblər nəzərə alınmaqla hazırlanan plan əsasında həyata keçirilir. Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları aparılır. Ötən ilin sentyabrında 30 ildən sonra ilk dəfə Füzuli şəhərində məktəb zəngi səsləndi. Yüksək beynalxalq standartlara cavab verən hava limanı inşa edilib. Onu da xüsusi vurğulayaq ki, postmüharibə dövründə Füzulidə istifadəyə verilən ən böyük infrastruktur obyektlərindən biri də beynəlxalq hava limanıdır. Hava limanı 2021-ci il 26 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilib. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini və niyyətini əks etdirir. Füzuli Beynalxalq Hava Limanından həm xarici, həm də daxili uçuşlar həyata keçirilir. Bundan əlavə, Zəfər yolunun çəkilişi yekunlaşıb, Füzuli yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi tikilib. Özbəkistan tərəfindən inşa edilən tam orta məktəb binasının, Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Yaradıcılıq İnkişaf Mərkəzinin, Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi yaşayış məhəllələrinin tikintisi sürətlə davam edir. İşlər fərəh doğurur. Qalib Prezidentimiz İlham Əliyev heç bir dövlətdən yardım almadan qüdrətli ölkəmizin imkanları hesabına Qarabağı müasir yaşayış məskəninə çevirmək əzmindədir. Bəli, Qarabağ yenidən qurulur. Füzulidən keçən kommunikasiya xətləri yenilənir. Müasir standdatlara cavab verən avtomobil yolları tikilir, elektik xətləri yenidən qurulur, yeni yarımstansiyalar istifadəyə verilir. Şəhərin mərkəzində 5 hektarda Memorial kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. 21 hektarlıq Mərkəzi Park da salınacaq. Təbii ki, görülən işlər Füzulidə həyatı dəyişəcək. Dövlətimiz burada həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşlarımızın rifahının yüksəlməsi və işlə təmini istiqamətində mühim tədbirlər görür.

Prezident İlham Əliyev uşaq və gənclərin təlim-tərbiyəsinə, vətənpərvərlik ruhunda və sağlam yetişməsinə daim xüsusi diqqət yetirir. Füzulidə də müasir standartlara cavab verən uşaq bağçaları, idman kompleksləri, Peşə liseyi, Mərkəzi xəstəxananın, Mərkəzi parkın, inzibati binanın layihələnmə işləri sürətlə davam etdirilir. 2026-cı ilədək ümumilikdə 5678 evin, 3352 fərdi yaşayış evinin və 2326 mənzilin tikilərək istismara verilməsi nəzərdə tutulmuşdur. Burada məskunlaşan füzulilər xoşbəxtdir, həyatlarının ən sevimli, fərəhli günlərini yaşayırlar. Füzulinin gəncləri öz doğma torpaqlarında yaşamağa üstünlük verirlər. 30 illik həsrətdən sonra sakinlər mərhələli şəkildə doğma yurdlarına qayıdırlar.

Sevinc Azadi, “İki sahil”