18 yanvar 2024 10:49
359

Ölkə başçısının hər çıxışı dövlətçiliyin möhkəmləndirilməsi baxımından diqqəti çəkir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib və müsahibə zamanı jurnalistlərin suallarını cavablandıraraq dövlətimizin qarşısında duran yeni hədəflər, missiyalar barədə ətraflı məlumat vermişdir. Jurnalistlərin suallarını cavablandıran ölkə Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan 2024-cü ilə böyük uğurlarla qədəm qoydu. Ötən 2023-cü il Azərbaycanın tarixinə növbəti uğurlu dövr kimi həkk olundu.  Müsahibədə ölkə başçısının “Müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təs­­diqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi” fikirləri Azərbaycan ger­­çəklikləri kimi dinlənildi. Böyük tarixi şəxsiyyətin dövlətçilik siyasəti müstəqil Azərbaycanın dövlətçilik düsturu kimi həmişə yaşadılacaqdır. Bu, Azərbaycana, Azərbaycan dövlətçiliyinə sə­da­qətdir. Azərbaycan üçün son 30 ilin ən böyük problemi Ermənistanın Azərbaycanın 20 faiz əra­zi­si­ni işğal etməsi idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasi dialoqlar bu problemin sülh yolu ilə həllinə istiqamətlənmişdi. Ermənistan danışıqlardan yayınır, mövcud status-kvonu saxlamağa çalışırdı. Azərbaycan bu vəziyyətlə heç zaman barışa bilməzdi...

     Azərbaycan 2020-ci il sentyabrın 27-də başlayan ədalətli müharibə ilə torpaqlarını işğaldan qurtardı,  2023-cü ilin 19 sentyabrında lokal xarkterli antitrerror əməliyyatı  ilə ərazi bütövlüyünü tam təmin etdi. “8 noyabrda Üçtərəfli Bəyanatın qəbul edilməsi bizim böyük siyasi uğurumuzdur. Şuşa işğaldan azad olunmasaydı, lazım olan şərtləri biz o Bəyanata saldıra bilməzdik. Yəni, bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı”. Bu fikirlər Azərbaycan həqiqətlərinin hardan qay­naq­landığını bildirir və birmənalı şəkildə təsdiqləyir ki, azərbaycançılıq ermənilikdən çox-çox güclüdür ki, dünyanın neçə-neçə dövlətinin havadarlığı ilə işğal etdiyi torpaqları Azərbaycan ordusu Vətən müharibəsində, 44 gün davam edən döyüşlərlə azad etdi. Tarixi Zəfər tarixi reallıqlar yaratdı.  Son 20 ildə Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi və iqtisadi siyasətini inkişaf etdirərək Azərbaycanı dünyada güclü ölkələr sırasına yüksəltdi. Ölkə başçımızın 20 il ərzində həyata keçirdiyi siyasəti Azərbaycan suverenliyimizin tam bərpa olunmasına apardı. Məhz sentyabrın 20-dən sonra müasir tariximizin yeni dövrü başlamışdır. İkili standartların hökm sürdüyü, beynəlxalq hüququn işləmədiyi müasir dünyada güclü dövlət yaratmaq və inkişaf etdirmək asan olmur. Böyük, güclü dövlətlər buna imkan vermir. Prezident İlham Əliyevin qətiyyətli və güclü siyasi iradəsi, diplomatik bacarığı, müdrik siyasəti nəticəsində Azərbaycan güdrətli dövlətə çevrildi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı dünyanın güclü ordular sırasında yer alan Azərbaycan Ordusu işğaldan azad etdi. 2023-cü ilin aprelin 23-də Laçın sərhəd- buraxılış məntəqəsinin yaradılması, sentyabrın 19-da həyata keçirilmiş antiterror tədbirlərinin uğurla başa çatdırılması ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Xocalıda Azərbaycan bayrağının ucaldılması, şəhidlərimizin, Xocalı qurbanlarının qisasının alındığı gün oldu. Prezident İlham Əliyevin Xankəndində Azərbaycan bayrağını dalğalandırması Zəfərimizin son nöqtəsi idi.  44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsini həzm edə bilməyən Fransa bu gün ermənipərəst mövqe nümayiş etdirməklə regionda dayanıqlı sülhün təmin olunmasına süni əngəllər yaratmağa cəhd göstərir. Ancaq Fransa yaddan çıxarmamalıdır ki, bu gün Azərbaycan regionun lider dövlətidir və bölgədə dayanıqlı sülhün əsas təminatçısı olan qüdrətli dövlətdir. Ölkə başçımız çıxışında Azərbaycan vətəndaşlarını maraqlandıran bütün məsələlərə aydınlıq gətirməklə öz münasibətini bildirdi, eləcə də Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirən və ölkəmizə qarşı təxribat və qərəzli mövqe tutan dövlətlərə, xüsusən Ermənistan və ona havadarlıq edən Fransaya önəmli mesajlar ünvanladı. Müharibə bitdikdən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən "Böyük Qayıdış" konsepsiyası hazırlandı. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq və yenidənqurma işlərinə başlanıldı. Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Bütün şəhər və kəndlərimiz Baş Plana əsasən qurulur. Soydaşlarımızın bir qismi öz doğma ocaqlarına qayıdıblar. Laçın şəhərində, Zabux kəndində, Füzuli şəhərində, Cəbrayıl rayonunda soydaşlarımız onlar üçün inşa edilmiş geniş evlərdə məskunlaşıblar. Soydaşlarımızın işlə təmin edilməsi üçün işlər görülüb və davam etdirilir. Prezident İlham Əliyev fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair öz fikirlərini söylədi. Bu dəfəki Prezident seçkiləri xüsusi əhəmiyyət kəsb edir və Azərbaycanın bütün ərazisində keçiriləcək. Digər tərəfdən artıq torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Artıq yeni inkişaf mərhələsinə, yeni hədəflərə doğru irəliləmək zamanıdır. Azərbaycan dövləti yeni mərhələyə qədəm qoyur və hər birimiz ölkəmizin gələcəkdə daha güclü dövlətə çevrilməsi və nüfuzunun artması üçün çalışmalıyıq.

       Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Bu ilki seçkilər Azərbaycanın sərhəd bütöv­lü­­yündə keçirilməsi ilə xarakterik olacaq və səsvermə hüququ olanların bu prosesdə böyük siyasi və mənəvi ruh yüksəkliyi ilə iştirak edəcəyinə hamımız əminik.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri