18 yanvar 2024 01:36
302

Psixi problemi olan Paşinyanın hərdəmxəyallığı

İkinci Qarabağ müharibəsindən üç ildən artıq keçməsinə baxmayaraq başqaları tərəfindən idarə olunan, xarici siyasətini havadarlarının «farağat» komandası ilə tənzimləyən Ermənistan hələ də sülh müqaviləsinin imzalanmasına müxtəlif bəhanələrlə əngəl törədir. Neokolonializm kimi insani dəyərlərdən məhrum siyasəti ilə dünya ictimaiyyəti tərəfindən qınanılan Fransanın aldadıcı vədlərinə, dilənçi payına, bu ölkə Senatının heç bir əhəmiyyət ifadə etməyən bəyanatlarındakı yalan vədlərinə aldanan Ermənistan «Bəlkə də qaytardılar» xəyallarından ayılmır. Kimlərəsə məsləhət verməyə haqqının olmadığını bilsə belə, güclənən radikal neonasist siyasətini Cənubi Qafqazda da tətbiq etməyə çalışan, bunun üçün də erməni lobbisinin istəklərini həyata keçirən rəsmi Paris Ermənistanı silahlandırmaqda davam edir. Dalana dirənən Hayastanın baş naziri Nikol Paşinyan isə hələ ki, sayıqlamaqdadır.

Manipulyasiyalarla məşğul olan, kommunikasiyaların bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı bəyanatlarda qeyd olunan şərtləri yerinə yetirməkdən boyun qaçıran rəsmi İrəvanın «mərkəzdən qaçma» oyunları davam edir.

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən, ötən ilin sentyabr ayında Azərbaycanın Qarabağda apardığı antiterror tədbirlərinin nəticəsi olan erməni separatizminin birdəfəlik məhv olmasından dərs almayan Hayastanın hələ də gözləmə mövqeyində qalmasının başlıca səbəbi forpost kimi başqalarının əlində oyuncağa çevrilməsidir. Sözdə Azərbaycanın ərazi bütövlüyünü, dövlət sərhədini tanısa da delimitasiya məsələsində sözünün əksinə hərəkətlər edən Nikol Paşinyan ölkəmizin güc , təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq Bakıya gətirilən separatçı qurumun oyuncaq rəhbərlərinin taleyindən, ədalət qarşısında verəcəkləri cavabdan da nəticə çıxarmır. «Onların arasında Qarabağda olmuş bütün dırnaqarası keçmiş liderlər, ondan sonra Qarabağa ixrac edilmiş dırnaqarası baş nazir və digərləri var. Təkcə o qruplaşmada iki nəfər çatışmır, onlar da İrəvandadırlar, onlar da olsa, onda tam heyət formalaşır. Bu, doğrudan da ədalətin Zəfəridir və mən deyəndə ki, ədalətə inanmaq lazımdır və ədaləti təmin etmək üçün mübarizə aparmaq lazımdır, məhz bunu nəzərdə tuturdum» sözləri ilə Hayastanın revanşist qüvvələrinin heç nəyə nail ola bilməyəcəklərini dəfələrlə xatırladan Prezident İlham Əliyevin tövsiyələri də Paşinyanın başından Paris sevgisini ata bilmir.

Bəllidir ki, Hayastandan Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə edən Qərbin, o cümlədən Fransanın, ABŞ-ın məqsədi Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaqdır. Fransaya heç bir aidiyyəti olmayan, məlum səbəblərdən Xankəndini tərk edən ermənilərindən siyasi məqsədilə istifadə edən rəsmi Paris Kaledoniyada, Korsikada, Mayottda həyata keçirdiyi antidemokratik əməllərini, ədalət prinsiplərini, beynəlxalq hüququ manipulyasiyaları ilə pozduğunu unudaraq hayların «vay»ına «şərik olur.» Fransa Prezidenti Emmanuel Makronun «Qarabağ erməniləri»nə göstərdiyi saxta «insanpərvərlik» Azərbaycana qarşı təhdid və təzyiq metodunun tətbiqidir. Aqressiv, anti-Azərbaycan mövqeyini davam etdirən Fransanın bu cür riyakarlığı Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsini ləngidir.

Başqa ölkələrdə hazırlanan «sifarişlərə» əməl edən, qondarma qurumu buraxdığını rəsmi elan edən Qarabağ separatçılarının keçmiş lideri Samvel Şahramanyan da Nikol kimi yeni xəyallarla yaşayır. Qarabağı tərk etdikdən sonra Yerevanda məskunlaşan Samvel « separatçı rejimin «prezidenti»nin, Rusiyadan Xankəndiyə ixrac olunmuş milyarder iş adamı, dövlət naziri Ruben Vardanyanın və digər separatçı rəsmilər»in maaş almadan fəaliyyətlərini Ermənistanda davam etdirəcəkləri ilə bağlı fərman imzalayıb. Dünya tarixində görünməyən, siyasi məzhəkə olan bu «fərman» da Nikolun fransızsayağı oyununun tərkib hissəsidir. Bu hərəkəti ilə idarə olunan ölkə olduğunu təsdiqləyən işğalçı dövləti sülh sazişinin imzalanması deyil, şirnikləndirici «yeni müharibə» çağırışları maraqlıdır. Dəfələrlə «Qarabağ Azərbaycana məxsusdur, heç vaxt Ermənistanın olmayıb”» kimi sözləri təkararlayan Paşinyanın bu fikrini rəsmi qaydada təsdiqləməməsi Ermənistanın baş nazirinin psixi problemlərinin olması ilə izah edilir.

Fransa, Almaniya başda olmaqla Qərb ölkələrinin, ABŞ-ın qızışdırıcı, revanşizmə dəstək hərəkətləri sülh sazişinin imzalanmasını ləngitməklə işğalçı ölkədə daxili gərginliyi də artırır. «Beləliklə, Ermənistan və havadarları bununla növbəti məkrli, xalqını fəlakətə sürükləyən növbəti fitnəkar prosesə start vermiş oldu. Lakin anlamalıdırlar ki, keçmiş separatçı rejimi dirçəltməyə çalışılması heç bir fayda verməyəcək. Artıq Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib, işğaldan azad olunan torpaqlarında sürətlə quruculuq, bərpa prosesinə start verib. Növbəti müharibə, hərbi əməliyyatların başlanması onun bir dövlət kimi yer üzündən silinməsinə gətirib çıxara bilər» söyləyən Prezident İlham Əliyev sülh müqaviləsində Azərbaycanda ermənilərin haqlarının qorunması məsələsi ilə birlikdə 1988-1992-ci illərdə Qərbi Azərbaycandan qovulan, Hayastanın etnik təmizləmə siyasətinə məruz qalat 250 min azərbaycanlının tarixi torpaqlarına qayıtmaları ilə bağlı şərtlərin də yer almasını beynəlxalq hüquq qaydalarına uyğun hesab edir.

Xuraman İsmayılqızı, «İki sahil»