18 yanvar 2024 02:17
403

Fransa Cənubi Qafqazda sülhə və əmin-amanlığa ən böyük təhlükədir

Hazırda Makron dünyadakı real münaqişələrə ədalətsiz və ikili standartlarla yanaşan nüfuzsuz dövlət başçısı imicinə malikdir

Bu gün dünyadakı real münaqişələrə Fransa qədər ədalətsiz, ikili standartlarla yanaşan ikinci birdövlət yoxdur. Bu rəzilliyin arxasında isə Prezident Emmanuel Makron və onun komandası dayanır. Makronun ən böyük riyakarlığı ondadır ki, tarixi cinayətlərin sahibi olmuş ölkəsinin törətdiyi soyqırmlara görə üzrxahlıq etmək əvəzinə öz sərhədlərindən min kilometrlərlə uzaqlarda, xüsusilə də İslam ölkələrində cinayətkar siyasətini davam etdirir.

Erməni lobbisinin köləsinə çevrilən Makron və komandası son zamanlar daha da azğınlaşaraq Cənubi Qafqazı öz inhisarına almaq istəyir. Xüsusilə Ermənistanı silahlandırmaqla bu bölgədə müharibəni yenidən alovlandırmağa çalışır. Lakin bu gün haylar elə bir iflas həddindədirlər ki, onlar müharibə etmək iqtidarında deyillər. Makronun son addımları göstərir ki, bu ölkə Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasında qətiyyən maraqlı deyil. Xüsusilə Azərbaycan Ordusunun həm İkinci Qarabağ müharibəsində, həm də 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda başladığı və cəmi bir günə uğurla başa çatdırdığı lokal antiterror tədbirlərindəki hərbi qələbələri onun gözünə ox olub batır. Hətta bu üstünlüyümüzlə Ermənistan barışsa da Makron barışmaq istəmir. Bu isə elə avropalılar demişkən «Roma Papasından da artıq katolik olmaq» anlamını verir.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev rəsmi Parisin bu xain addımlarını qətiyyətlə qınayıb: «Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun, burada da Fransa yenə ön plandadır… Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum».

Ölkəmizin başçısı həmin müsahibədə 2023-cü ilin sentyabrın 19-da baş reallaşan bir günlük lokal aniterror tədbirlərini nəzərdə tutaraq deyib ki, Ermənistana və onun himayədarlarına bir dəqiqə ərzində düyməyə basıb bu əməliyyatı keçirəcəyimi və onların da heç nə də edə bilməyəcəklərini bildirmişdim: «Bu hadisələrin gedişatı onu göstərdi ki, - hesab edirəm, bu, təkcə Ermənistan üçün yox, Ermənistanın arxasında dayananlar üçün də bir dərs olmalıdır, - bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil.»

O da xüsusi vurğulanmalıdır ki, Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən haqsız qətnamələrin təşəbbüskarı da Makrondur. Bir sözlə, bizə qarşı ortaya qoyulan bu haqsız mövqelər heç bir halda regionda sülhün, sabitliyin təmin olunmasına xidmət etmir. Fransa bu son davranışları ilə həm də dünyaya nümayiş etdirmək istəyir ki, guya Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqla bölgəyə sülh gətirməyə çalışır. Ancaq dünya ictimaiyyəti yaxın tarixdən də yaxşı bilir ki, Fransa 30 il ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövləti kimi bir dəfə də olsun sülh təşəbbüsü ilə çıxış etməyib. Əksinə, ortaya atılan təşəbbüslərin müzakirəsinə mane olub. 2020-ci ildə isə ölkəmiz işğaldakı torpaqlarını azad edəndə Fransa bizə qarşı çirkin böhtan kampaniyasına başladı. Eyni zamanda, hərbi əməliyyatların dayandırılmasına çalışdı.

Bundan başqa, Fransa anti-Azərbaycan mövqeyini müxtəlif formalarda davam etdirir. Bunlardan biri də ölkəmizə qarşı casusluq təsisatlarını işə salmasıdır. Belə ki, 2023-cü ilin dekabrında Bakıda saxlanılan Fransa vətəndaşı Martin Rayanın ölkəsinin xeyrinə casusluq məqsədilə istifadə olunduğu üzə çıxıb. Rəsmi Paris əvvəllər də Azərbaycanda oxşar cəhdlər edib. Aydın məsələdir ki, bu cür cəhdlərlə də kəşfiyyat məlumatları əldə etməyə çalışır. Təbii ki, Fransanın riyakarlığı bununla bitmir. Qarabağda «mədəni irsə təhlükə»yə dair əsassız iddialar irəli sürən bu ölkədə azərbaycanlı şairə Natəvanın heykəli təhqir olunur, abidəyə qarşı vandalizm aktı həyata keçirilir. Məlumata görə, 2024-cü ilin ilk günlərində Evian-le Bon şəhərində heykəlinin üzərinə qırmızı boya atılıb. Bundan sonra isə abidənin ümumiyyətlə götürüləcəyinə dair məlumat yayıldı. Rəsmi Bakı operativ surətdə məsələyə münasibət bildirdi.

Həmçinin ötən il Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovanın Şengen vizası olmasına baxmayaraq Fransa hakimiyyətinin ona qarşı nalayiq, qəddar rəftarı bu ölkənin riyakarlığının növbəti nümunəsi idi. Halbuki, rəsmi Paris həmişə söz və ifadə azadlığını əlində bayraq edərək özünü demokratiya «mələyi» kimi göstərməyə çalışıb. Bəs görəsən yüz illərdir ki, özünü «mədəniyyət beşiyi» kimi qondarma titulla tanıtmağa çalışan bu ölkə nə üçün bu cür rəzilliyə əl atır? Əlbəttə, belə təxribatçı addımlar ikitərəfli münasibətləri daha da gərginləşdirməyə hesablanıb və onların ideoloji himayədarları dəstəkçiləri isə erməni lobbisidir.

Əvvəldə qeyd etdiyimiz kimi, Fransa regionun ən zəif ölkəsi olan Ermənistanı silahlandırmaqla, oradakı revanşist qüvvələri qızışdırmaqla, hayları sülh sazişindən imtinaya sövq etməklə Azərbaycanın maraqlarına zərbə vurmağa çalışır. Lakin unutmamalıdır ki, bunu bacarmayacaq. Çünki bölgədə şərtləri diktə edən güclü və qüdrətli Azərbaycan var.

Elçin Zaman, «İki sahil»