18 yanvar 2024 00:10
283

Əli Kərimlinin absurd siyasi iddiaları gülünc və ikrahdoğurucudur

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan tarixində açılan yeni səhifənin, daha ciddi bir mərhələnin başlanğıcıdır. Yanvarın 15-də işğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla ölkə miqyasında təbliğat və təşviqat işlərinə start verilib. Yeni tarixi dövrdə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bu siyasi kampaniya ictimayyətimizdə, seçmək və seçilmək hüququ olan hər bir vətəndaşımızda böyük ruh yüksəkliyi yaradıb. Qürurverici haldır ki, seçkilər ilk dəfə olaraq işğaldan azad edilən ərazilərimizdə də keçiriləcək. Təxminən 30 il əvvəl yurd-yuvalarından didərgin salınan soydaşlarımız öz doğma torpaqlarında-Zəngilanda, Laçında, Şuşada, Füzulidə, Cəbrayılda və azad olunmuş digər yerlərdə səs verəcəklər.

Bütün bunların fonunda antimilli fəaliyyəti ilə özünü cəmiyyətdən təcrid edərək marginallaşan, seçkilərdə iştirak etməkdən boyun qaçıran AXCP sədri Əli Kərimli son zamanlar bəzi məkrli xarici dairələrin tapşırıq, sifarişlərini canla-başla yerinə yetirərək uzun illərdən bəri ölkəmizin əleyhinə apardığı “qara piar” kampaniyasının miqyasını daha da genişləndirib. İfrat dərəcədə əxlaqi-mənəvi deqradasiyaya uğrayan, bütün hüquqi-etik, əxlaqi-mənəvi dəyərləri tapdalayıb keçən, ifrat subyektivliyə yuvarlanan Ə.Kərimlinin “Abzas Media”nın direktoru Ülvi Həsənov və saytın baş redaktoru Sevinc Abbasova ilə bağlı məsələlərlə son günlər “You Tube” və “Facebook”da haray-həşir salması heç də təsadüfi deyil. Əslində ləyaqətini, reallıq hissini itirən AXCP sədri üçün “Abzas Media” ilə bağlı baş verənlər bir bəhanə olduğu kimi, həm də bir fürsətdir. Əgər belə olmasaydı Ə.Kərimli “Qorxunu qorxudan üç gənc” yazısında  həqiqətləri təhrif edərək ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməzdi.

Şübhəsiz, qırx dörd günlük müharibədə tarixi Zəfər qazanaraq regionda yeni reallıqlar yaradan Azərbaycanın müstəqil siyasət yeritməsini, bölgədə söz sahibinə çevrilməsini həzm edə bilməyən bəzi məkrli Qərb dairələrinin “ev tapşırığı”nı yerinə yetirən Ə.Kərimli özü də yaxşı bilir ki, həmin “Abzas Media”çılar təxribatlar törətmək və digər qanunsuz niyyətlərini reallaşdırmaq üçün “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatları ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlıq ediblər. Həmin təşkilatların nümayəndələri ilə qrant layihələri və pul vəsaitləri əldə etmək mövzusunda çoxsaylı yazışmalar aparıb, xarici səfərlərində isə onlarla təmasda olublar. Həmin qurumların ölkəmizə qarşı çrikin planlarının tərkib hissəinə çevrilən “Abzas Media”nın rəhbərləri saytın yerləşdiyi ofisə yaxşı icarə haqqı ödəyib. Öz işçilərinə əməlli-başlı əmək haqqı verib. Redaksiyanı yüksək səviyyədə texniki avadanlıqlarla təhciz edib.

Bu faktların fonunda Ə.Kərimlinin bütün bunları “müstəqil mediaya təzyiq” kimi qiymətləndirməsi absurd olduğu qədər də məntiqsiz və gülüncdür. Təbii ki, Ə.Kərimli yalnız bunlarla kifayətlənmir. Şəxsi ambisiyaları, korporativ maraqları naminə ölkəmizə qarşı kin, nifrət qusan AXCP sədri ucundan tutub ucuzluğa gedərək yazır: “Bu arada Avropa İttifaqı parlamenti də 7 fevral seçki şousunda iştirakdan imtina edib. Avropa Parlamenti Azərbaycandakı seçkilərə müşahidəçi göndərməkdən imtina edib. Bununla bağlı Avropa Parlamnentinin rəhbərliyində təmsil olunan şəxslərin imzaladığı bəyanat yaıyılıb”.

Təbii ki, Ə.Kərimli burada, türkiyəli qardaşlarımız demişkən, ipin ucunu qaçırıb. Əvvəla, Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupunun (DEG) həmsədrləri, deputatlar Devid MakAllister və Tomas Tobenin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı yaydıqları qərəzli bəyanatın heç bir əsası yoxdur. Çünki Azərbaycan seçkiləri müşahidə etmək üçün Avropa Parlamentinə dəvət göndərməyib. AXCP sədrinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycan Xarici İşlər Nazirliyinin prezident seçkilərini müşahidə etmək üçün dəvət göndərdiyi beynəlxalq təşkilatların siyahısında Avropa Parlamentinin adı yoxdur. Çünki bu qurum son zamanlar ölkəmizə qarşı qərəzli, ikili yanaşma, Ermənistana isə dəstək nümayiş etdirib. 2023-cü il oktyabrın 5-də Avropa Parlamentinin Azərbaycanın Qarabağda apardığı antiterror tədbirlərini pisləyən və bunun məsuliyyətini daşıyan şəxslərə sanksiya tətbiq edilməsinə, Avropa İttifaqının rəsmi Bakı ilə münasibətlərinə yenidən baxmasına çağırış edən qətnamə qəbul etməsi bunun əyani təsdiqidir. Bu təşkilatın Xarici əlaqələr komitəsinin ötən ilin noyabrın 29-da qəbul etdiyi illik hesabatlarda Azərbaycanla bağlı beynəlxalq hüquqa zidd, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fikirlər yer alması isə həyasızlığın və siyasi əxlaqsızlığın pik nöqtəsi idi.

Yeri gəlmişkən, heç kimə sirr deyil ki, Avropa Parlamentindəki erməni pulları ilə yemlənənlər qırx dörd günlük müharibədə tarixi Qələbə qazanaraq regionda yeni reallıqlar yaradan Azərbaycanın müstəqil xarici siyasət yürütməsini həzm edə bilmədiklərindən ölkəmizə qarşı bu cür aqressiv və qərəzli münasibət bəsləyirlər.

Yəqin ki, Ə.Kərimli də  bütün bunları bilməmiş deyil. Təbii ki, hamıdan yaxşı bilir. Ancaq məsələ orasındadır ki, açıq siyasi mübarizədən çəkinən, tükənmişlik sindromu ilə üz-üzə qalan, “baş cəbhəçi”  boş arqumentlərlə dolu absurd və primitiv proqnozları, sosial şəbəkələrdəki ürəkbulandıran monoloqları ilə növbədənkənar prezident seçkiləriniə qara yaxmaq üçün manipulyasiyalara davam edir. Hər kəsə yaxşı məlumdur ki, bütün bunlar boş cəfəngiyyatdan və həqiqətlərin məqsədli şəkildə təhrif edilməsindən başqa bir şey deyil. Ancaq o da aydındır ki, Ə.Kərimlinin ictimai rəyi çaşdırmaq üçün istifadə etdiyi bütün bu köhnəlmiş “taktikalar” heç bir nəticə verməyəcək.

Zahid Rza, “İki sahil”