07 mart 2018 23:00
2318

Cəmiyyətin aparıcı qüvvəsi, ailənin cəfakeşi, övladlarının pərvanəsi

Müdriklik rəmzi olan, ailənin möhnətini zərif  çiyinlərində daşıyan, Vətən üçün övladlar yetişdirən hörmət və ehtirama layiq qadınlar üçün hər gün yaddaqalandır. Çünki ana üçün zəhmətin, diqqətin, cəfakeşliyin, sevinc və qayğıkeşliyin sərhədi, hüdüdü yoxdur. Nahaq deyilməyib ki, ana məhəbbəti bütün hisslərdən, dünya nemətlərindən zəngindir. Zərif olsalar da qüvvəti, dözümü ilə fərqlənən qadınların bəşəriyyətin anası və tərbiyəçisi sayılır. İnsanı şəxsiyyət kimi formalaşdıran bütün keyfiyyətləri özündə birləşdirən analar haqqında deyilir ki, ailə bir məmləkətə bənzəyir, qadınlar isə bu diyarın ən ağıllı, müdrik, ədalətli hakimidir. Tarixi, milli-mənəvi sərvətlərimiz içərisində dəyəri ilə fərqlənən “Dədə Qorqud” dastanının boylarında deyildiyi kimi, “ana südü ilə dağ çiçəyi”nin ölümcül yaralara belə məlhəm olması eyni zamanda adları müqəddəs varlıq kimi qoşa çəkilən ana-torpaq vəhdətinin müqəddəsliyini göstərir.

Bütün dünya qadınları üçün əziz, əlamətdar olan 8 Mart-Beynəlxalq Qadınlar Günündə analar, bacılar, qız, gəlinlər ikiqat diqqət və qayğı gözləyirlər. Bu ehtirama haqları da çatır. Necə deyərlər, uman yerdən küsərlər. Milli dəyərlərimizin, adət-ənələrimizin ən fəal təbliğatçıları, ailə ocağını qəlbinin atəşi ilə qızdıran, yanan çırağı, övladlarının  pərvanəsi olan qadınlarımız cəmiyyətimizdə mühüm rol oynadığı kimi, cəmiyyətin möhkəmliyi üçün də etibarlı təməldir. Qadına müqəddəs münasibət Azərbaycan xalqının tarixi keyfiyyətlərindəndir. Əsatirlərimizə müraciət etsək qadınlara bu haqqın tanınmasını təsdiq edən amillərin lap uzaq keçmişimizdən qanaqlandığını görmək olar. Körpə ikən nənələrimizdən eşitdiyimiz nağıllarımızı yada salaq. Hökmdarların qızları istədikləri oğlanı bəyəndiyini bildirməsi üçün ona alma atarmış. Yəni ta qəim zamanlardan belə Azərbaycan qadınının fərd, şəxsiyyət kimi seçim hüququna önəm verilmişdir. Bu, da xalqımızın, millətimizin insan huquqlarına hörmət və ehtiramını əks etdirən ən qiymətli dəyərlərimizdəndir. Azərbaycan tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi həyatda fəal iştirak etmişlər. Bu, Manna, Atropatena dövlətlərində, tariximizin Səlcuqlar dövründə, Səfəvilər hakimiyyətində də elə olmuşdur. Ulu nənələrimiz Tomrisin, ilk diplomat qadın Sara xatunun şücaətləri bu gün təkcə qızlarımızın şəxsiyyətini təsdiqləyən adlarında deyil, onların ənənələrini davam etdirən analarımızın əməllərində də yaşayır. Qadına dəyər siyasəti tariximizin şanlı səhifəsi olan Azərbayjan Xalq Cümhuriyyəti dövründə rəsmiləşdirilərək dövlət statusu almışdır. Həmin dövrdə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyətimizdir. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilmişdir.

Kiçik dövlət olan ailənin səadəti birinci növbədə ananın fədakarlığından asılıdır. Cəmiyyətdə anaya hörmət, qadına hörmətdir. Ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılmasına diqqətlə yanaşmışdır. Ulu Öndərin qurucusu olduğu müasir, müstəqil Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artmışdır. Daim diqqətdə saxlanılan bu sahədə dövlət səviyyəsində çox mühüm tədbirlər həyata keçirilmiş, mühüm qərarlar qəbul olunmuşdur. Yəni ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olmuşdur.

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının digər sahələrində olduğu kimi gender siyasətində də böyük dəyişikliklər, irəliləyişlər, tərəqqi əldə edildi. Qadınlarımızın ictimai-siyasi həyatda, dövlət idarəçiliyində fəaliyyəti, bütün sahələrdə kişilərlə bərabər hüquqa malik olması dövlət idarəetmə kursunun başlıca istiqamətinə çevrildi. Azərbaycan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiya”sına qoşuldu. Beynəlxalq səviyyədə keçirilən müvafiq konfranslarda azərbaycanlı qadınların yüksək səviyyədə təmsil edilməsinə zəmin yaradan Milli Hazırlıq Komitəsinin formalaşdırılması üçün sərəncam imzalandı. Bu əsasda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın hüquqlarının qorunması sahəsində zəngin təcrübə qazanmışdır. Komitə tərəfindən gender, qadın məsələlərinə çox ciddi diqqət yetirilir. Təsadüfi deyil ki, artıq BMT Azərbaycanda qadınlarla bağlı həyata keçirilən siyasəti digər ölkələrə nümunə göstərir.

Gender siyasətinin müsbət nəticələrindən biri də Azərbaycanda Qadınların I qurultayının keçirilməsi oldu. Bu qurultayla müstəqil, demokratik Azərbaycanda qadın hərəkatının əsası qoyuldu.

Ulu Öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətini daha böyük nailiyyətlərlə davam etdirir. Son illərdə əldə olunmuş nailiyyətlərdə əməyi olan, huquqları yüksək səviyyədə qorunan Azərbaycan qadınlarına qarşı məişət zorakılığı halları ilə mübarizədə ciddi addımlar atıldı. Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. “Məişət zorakılığının qarşısının alınması haqqında”” Qanunun qəbulu cəmiyyətdə mövcud olan stereotiplərin aradan qalxmasına böyük imkanlar yaratdı.

8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edən Prezident İlham Əliyev həmişə bildirir ki, cəmiyyətdə qadınların üzərinə böyük vəzifələr düşür: “Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmyyətdə aparıcı rol oynayırlar.” 

Təbrikdə o da bildirilir ki, yüzüncü ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətinin Şərq aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verməsi məhz ictimai-siyasi fikir və mədəniyyət tariximizin görkəmli simalarının cəmiyyətin ahəngdar inkişafında, taleyüklü məsələlərin ədalətli həllində qadınların fəaliyyətini layiqincə qiymətləndirmələrinin nəticəsidir. Ötən müddət ərzində Azərbaycan xanımları maarifpərvər sələflərinin ənənələrini şərəf və ehtiramla davam etdirmiş, müasirləşmə yolunda çoxsaylı müvəffəqiyyətlər qazanmış və müstəqillik naminə ümumxalq hərəkatının ön sıralarında olmuşlar: “Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə və ölkəmizin hərtərəfli yüksəlişinin təmin olunmasına yönəlmiş yaradıcı potensialınızı siz bu gün də uğurla gerçəkləşdirməkdəsiniz. Dinamik sosial-mədəni həyatımızın fəal iştirakçıları olaraq sizin milliliklə müasirliyin vəhdətində indiki yüksək nüfuzunuz və ictimai mövqeyinizlə fəxr edə bilərik. Əminəm ki, müqəddəs ailə dəyərlərimizin toxunulmazlığı keşiyində dayanmaqla bərabər gənc nəslin doğma yurdumuza və milli ideallarımıza bağlılıq ruhunda tərbiyəsi üçün bundan sonra da qüvvənizi əsirgəməyəcək, ictimai-mənəvi mühitimizin davamlı zənginləşməsinə yeni-yeni töhfələr verəcəksiniz.”

Parlamentdə sayı artan, idarəetmə orqanlarında üstünlük verilən qadınların bələdiyyələrdə təmsilçiliyi 4 faizdən 27 faizə qədər artdı. Ölkəmizdə qadın problemləri üzrə ixtisaslaşmış xeyli QHT fəaliyyət göstərir. Bu təşkilatların hər biri ayrı-ayrı istiqamətlər üzrə çoxşaxəli layihələr həyata keçirirlər. Qaçqın və köçkün qadınların məişət şəraitinin yaxşılaşdırılması, girovluqda olan qadınların erməni əsirliyindən azad olunması ilə bağlı layihələr  dövlət tərəfindən dəstəklənir, onlara maliyyə yardımları ayrılır.

 Azərbaycan qadınlarının respublikanın ictimai-siyasi həyatındakı rolu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, bir çox ölkələrdə həyata keçirdiyi humanist layihələri ilə  xeyirxahlıq rəmzi kimi hörmət qazanan Mehriban xanım Əliyevanın simasında daha qabarıq şəkildə özünü büruzə verir.

Fransada fəaliyyət göstərən Ərəb Mədəni İrs Mərkəzi və Misirin “ Nefertiti Media Productions” şirkətinin birgə keçirdiyi sorğunun nəticələrinə görə UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın “İlin ən nüfuzlu qadını” adına layiq görülməsi yeganə hal deyildir. Mehriban Əliyevanın Rus Provaslov Kilsəsinə göstərdiyi yardıma və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyagina Olqa ordeni ilə təltif olunması Azərbaycan qadınlarının beynəlxalq aləmdə artan nüfuzu deməkdir.

Fransada, Rusiyada, Almaniyada, İtaliyada, Vatikanda  ölkəmizi dünyada tanıdan “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” kimi layihələr keçirən, sərgilər təşkil edən Heydər Əliyev Fondunun xətti ilə  Parisdə Notr-Dam, Strasburqda Kafedral kilsələrinin, Versal , Berlin şəhər saraylarının bərpası ilə əlaqədar görülən işlər Mehriban xanımın tolerantlığından irəli gəlməklə müxtəlif din və millətlərə məxsus xalqların birgəyaşayış prinsipinə verdiyi dəyərdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda keçirilən “Fransa inciləri: Fransız incəsənəti Renessansdan bu günədək” adlı sərgi maraqla qarşılandığı kimi, hər iki xalqa məxsus dəyərlərin öyrənilməsi baxımından əhəmiyyətli idi.

Milli- mənəvi irsimizi bəşəri dəyərlərlə vəhdətdə inkişaf etdirən, Azərbaycan qadınının simvolu olan Mehriban xanımın fəaliyyətinə verilən beynəlxalq səviyyəli qiymət onun xeyirxah- humanistlik, insanlıq missiyasının göstəricisi olmaqla ölkəmizin iqtisadi, mədəni, elmi inkişafının təcəssümü kimi diqqəti cəlb edir. “Qızıl ürək” və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülən Mehriban xanımın “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, “XXI əsrin böyük qadını” laureatı adına, UNESCO-nun “Qızıl Motsart” medalına, Krans Montana Forumunun qızıl medalına layiq görülməsi illərdən bəri çəkilən zəhmətə verilən dəyərdir. Ölkə daxilində və dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyətini nəzərə alan Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı Vətənimizin ən ali mükafatı , “Heydər Əliyev mükafatı” ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır: “Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşür.”

Fransanın “Şərəf Legionu” ordeninə layiq görülən, “XXI əsrin böyük qadını” fəxri titulunun nominantı Mehriban xanımın xeyriyyəçilik işlərində fərqlənməsi, bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə beynəlxalq səviyyəli sorğularda daha çox reytinq toplaması Azərbaycan qadınının ictimai-siyasi işlərdə zəngin təcrübəyə malik olduğunu göstərməklə, dünya birliyində fəal mövqe tutmasının nümunəsidir.

Azərbaycan qadınlarının, uşaqların hamisi olan Mehriban xanımın himayəsi, təşəbbüsü ilə inşa olunan, əsaslı təmir edilən məktəbəqədər uşaq tərbiyə müəssisələri, məktəblər, səhiyyə ocaqları anaların rahatlığının təminatına, gələcək nəslin fiziki cəhətdən sağlam böyüməsinə etibarlı təminat, müqəddəs varlığa diqqət və qayğının ifadəsidir. Çünki keçmişimizi yaşadan analarımız bu günümüzün cəfakeşi, gələcəyimizin təminatçısıdır. 

Beşiklər başında bir çıraq kimi,

Analar sübhədək ürək yandırır,

Yanan ana qəlbi öz körpəsinin

Ömür yollarını işıqlandırır.

Bütün analara, qadınlara ailə sevinci, övlad fərəhi, oğul, qız toyu arzulayır, cəmiyyətdə qazandıqları hörmət və nüfuzun daha gərəkli əməlləri ilə davamını arzulayırıq. Bayramınız mübarək, əziz qadınlar, Tanrı sizi xalqımız üçün qorusun!

Xuraman İsmayılqızı, “İki sahil”