17 yanvar 2024 00:11
275

Dinamik inkişafın əsası: Siyasətin məqsədyönlülüyü və hədəflərin düzgün müəyyənləşdirilməsi

Dövlət başçısı İlham Əliyevin Lənkəran və Neftçala rayonlarına səfəri çərçivəsində görülən işlərin təqdimatı Regional inkişaf proqramlarının uğurlu icrasının aydın mənzərəsini yaratdı

Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Prezident Sərəncamlarında nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verdi.

Qeyd edək ki, 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən bu çağırışı səsləndirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji sektorundan asılılıq minimuma endirilməlidir. Cənab İlham Əliyev Prezident kimi ilk dəfə jurnalistlərə müsahibəsində iqtisadiyyatın inkişafını vacib amil kimi önə çəkərkən Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlarını xüsusi qeyd etmişdi. Dövlət başçısı özəl bölmənin inkişafının prioritetliyini xüsusi vurğulamışdı. Həmin müsahibədə güclü sahibkarlar sinfinin yaradılması vacib amil kimi diqqətə çatdırılmışdı. Dövlətimizin başçısı «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərək ölkənin inkişafında təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasının önəmini açıqladı. Ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektoruna qoyulub. Yatırılan investisiyalarda xarici sərmayələr çoxluq təşkil edir. Bu mühüm məqam Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da bu mühüm məqam qeyd edilir ki, enerji layihələrindən dövlət büdcəmizə milyardlarla dollar vəsait daxil olacaq ki, bu da öz növbəsində mühüm sosial-iqtisadi layihələrin icrasını təmin etməklə günümüzün əsas çağırışı olan yoxsulluq amilinin aradan götürülməsini şərtləndirir.

Əvvəldə də qeyd etdiyimiz kimi, enerji sektorundan asılılığın minimuma endirilməsi üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadənin gərəkliyi önə çəkildi və 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı təsdiqləndi. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi iqtisadi inkişafı sürətləndirdi. Məhz bu baxımdan ölkə Prezidenti İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı haqqında danışarkən mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik. Birinci proqram 2004-cü ilin əvvəlində - fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi dövlət başçısının 2003-cü ildə seçkiqabağı proqramının bir hissəsi idi. Cənab İlham Əliyev o vaxt bəyan etmişdi ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı əsas vəzifələrdən biri olacaq və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci, 2014-cü ildə üçüncü, 2019-cu ildə dördüncü Dövlət Proqramı təsdiqləndi. Artıq dördünsü sənədin icrası ötən il başa çatıb. Cənab İlham Əliyevin son 20 ildə regionlara çoxsaylı səfərlərinin hər biri bu proqramlardan irəli gələn vəzifələrin icrası ilə yaxından tanışlıq xarakteri daşısa da, mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb.

Dördüncü sənədin icrası işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin aparıldığı və soydaşlarımızın Böyük Qayıdışının həyata keçirildiyi vaxtlara təsadüf edir. Buna baxmayaraq hər bir bölgənin inkişafı, müasir tələblərə uyğun olaraq yeniləşməsi, müasirləşməsi dövlətin siyasətində prioritetdir. Cənab İlham Əliyev çıxışlarında, müsahibələrində işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərdən bəhs edərkən bu mühüm məqamı xüsusi vuğulayır ki, bu, ölkənin qalan hissəsini diqqətdən kənar qoyduğumuz anlamına gəlmir: «Uzun illər ərzində biz ölkənin qalan hissəsinə artıq milyardlarla manat investisiya yatırmış və əksər infrastruktur layihələrini başa çatdırmışıq. Lakin hazırda Qarabağ bizim əsas prioritetimizdir. Bölgənin özü və ən əhəmiyyətlisi, evlərinə dönməyi gözləyən insanlardır.» Bu gün işğaldan azad edilmiş ərazilərimizdə bütün işlər Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirilir. Bütün bunlar ölkəmizin iqtisadi qüdrətinin, maliyyə imkanlarının təqdimatıdır.

Ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur.

Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurmuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır. Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və müstəqil ölkə kimi yaşayırıq.

Son 20 il neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Davamlı inkişafın əsası olan Strateji Yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva etdi. Sözsüz ki, müsbət göstəricilərimiz verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. Özünüməşğulluq proqramının icrası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet məsələ kimi öndədir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir. Dövlət başçısı qeyd edir ki, ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir.

Yanvarın 16-da dövlət başçısı İlham Əliyev Lənkəran və Neftçala rayonlarına səfər etdi. Səfər çərçivəsində hər iki şəhərdə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edildi. Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışı oldu, yeni inşa edilmiş müasir penitensiar kompleks istifadəyə verildi, Lənkəranda “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti, Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şərait ilə tanışlıq oldu. Cənab İlham Əliyev Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak etdi. Məlumat üçün o da qeyd edildi ki, Lənkəran regional “ASAN xidmət” mərkəzində, həmçinin ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Əsas məqsəd qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət qurumlarında çalışan kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir. Hazırda ölkəmizdə 26 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Lənkəran “ASAN xidmət” mərkəzi sayca 27-cidir. Bu il yanvarın 8-dək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 890 mindən çox vətəndaş tərəfindən 70 milyona yaxın müraciət daxil olub. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” modelinin ixracı ilə bağlı 20-dən çox ölkə və beynəlxalq təşkilat ilə müqavilə imzalayıb.

Lənkəran şəhərində yeni inşa edilmiş müasir penitensiar kompleksin istifadəyə verilməsi bir daha təsdiqləyir ki, paytaxtda və bölgələrdə yeni penitensiar müəssisələrin tikilməsi ölkəmizdə aparılan köklü islahatların tərkib hissəsidir. Bu müəssisələrdə yaradılan müasir şərait məhkumların hüquqlarının təminatına, onların öz ailələrinə yaxın ərazilərdə cəza çəkmələrinə və cəmiyyətə reinteqrasiyasına xidmət edir.

Neftçala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə Neftçala rayonu üzrə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 89 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb.

Lənkəran və Neftçala rayonlarına bir səfər çərçivəsində atılan addımlara diqqət yetirdikdə görülən işlərin miqyasının genişliyi fonunda regionların inkişafının dövlət siyasətinin əsasında dayandığı bir daha öz təsdiqini tapır. Yenə də qeyd edirik ki, bu işlər işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə paralel şəkildə həyata keçirilir, bu halda reallaşdırılan quruculuq işlərinin bütün ölkəni əhatə etdiyi aydın nəzərə çarpır.

Çıxışlarında Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparıldığını önə çəkən dövlət başçısı İlham Əliyev bildirir: «Bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bizim bəyan etdiyimiz bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. Onu da qeyd edək ki, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 100 faizə yaxındır. Dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi yeni strateji dövrdə qarşımızda dayanan məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır. İqtisadi rayonların yeni bölgüsü həyata keçirildi. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Milli Prioritetlər tarixi torpaqlarımızın əvvəlki vəziyyətinə qaytarılmasına, iqtisadi inkişafının bərpa olunmasına, bir sözlə, Azərbaycanın gələcəyinə hesablanıb.

Lənkəran və Neftçala rayonlarının timsalında bu reallığı böyük inamla qeyd edə bilərik ki, cənab İlham Əliyev yalnız işğaldan azad edilmiş deyil, bütün rayonların sosial-iqtisadi inkişafını, yenilikləri özündə əks etdirməsini diqqətdə saxlayır. Əvvəldə də qeyd etdiyimiz kimi, hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Eyni zamanda, səfərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün əlavə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlər ayrılır. Atılan bütün addımların əsasında vətəndaş məmnunluğunun artırılması dayanır.

Qeyd etdiyimiz kimi, yeni dövrə qədəm qoymuşuq. Hər dövrün öz tələbləri olduğu reallıqdır. Cənab İlham Əliyevin hər bir təşəbbüsü xalq tərəfindən dəstəklənir, dayanıqlı inkişafa xidmət edir. Hər bir qərarı isə ölkəmizin inkişaf yolunda böyük sıçrayışlar yaradan cənab İlham Əliyev, sözün əsl mənasında, yeni bir Azərbaycan qurur, inkişafın daha təkmil modelini dünyaya təqdim edir. Azərbaycanın uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq səviyyədə də təqdir edilir. Bir daha sübut olunur ki, hər bir ölkənin uğurlu inkişafı, ilk növbədə, aparılan siyasətin məqsədyönlülüyündən və hədəflərin düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanın mənzərəsinə istinadən bu reallığı əminliklə qeyd edə bilərik ki, son 20 ildə ölkəmiz bütünlüklə iqtisadiyyatın şaxələndirilməsinə istiqamətlənib.

Yeganə Əliyeva, «İki sahil»