17 yanvar 2024 02:15
312

Sosial rifah, insan amili diqqət mərkəzindədir

Prezident İlham Əliyevin yanvarın 16-da Lənkəran və Neftçala rayonlarına səfəri bunu bir daha təsdiqlədi

Son illər Azərbaycanda regionların sosial-iqtisadi inkişafı istiqamətində atılan mühüm addımlar sayəsində uğurlu nəticələr əldə olunub. Qırx dörd günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər sayəsində işğaldan azad edilən ərazilərdə sürətlə davam etdirilən bərpa-quruculuq işlərinə diqqət edəndə bir daha aydın olur ki, bölgələrin sosial-iqtisadi inkişafı yeni bir mərhələyə qədəm qoyub.

Regionların inkişafı sahəsində uğurla həyata keçirilən Dövlət proqramlarında, habelə bölgələrin sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Prezident sərəncamlarında nəzərdə tutulan vəzifələrin uğurlu icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafını təmin edib. Bundan əlavə, həyata keçirilən tədbirlər regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strategiyanın həyata keçirilməsində, o cümlədən bölgələrin sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramları böyük əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb. Təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşmasına yeni imkan yaradıb. 

Bütün bunlarla yanaşı, iqtisadiyyatın digər sahələrini əhatə edən, müxtəlif istiqamətlərdə kompleks işlərin görülməsini nəzərdə tutan Dövlət proqramları qəbul olunub.  Belə ki, “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı” qəbul olunub. Təbii ki, bu proqramların həyata keçirilməsi regionlarda güclü sosial-iqtisadi inkişafa böyük töhfələr verməkdədir.

Respublikamızda sosial-iqtisadi inkişafın davamlılığının təmin olunmasında regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının qəbul olunması və həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. Bu baxımdan “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı xüsusilə qeyd etmək lazımdır. Bu proqramın uğurlu icrası nəticəsində hazırda respublikamızın müxtəlif rayonlarında geniş abadlıq-quruculuq işləri sürətlə davam etdirilib, eləcə də irimiqyaslı sosial və iqtisadi infrastruktur layihələri həyata keçirilib. Hazırda bölgələrdə yeni məktəblər, xəstəxanalar, DOST, “ASAN xidmət” mərkəzləri və.s inşa olunur, yeni yollar çəklir.

Ümumilikdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı layihələrin reallaşdırılması ölkə başısının daim diqqət mərkəzindədir. Son illər bu istiqamətdə həyata keçirilən tədbirlər sayəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, əhaliyə göstərilən dövlət xidmətinin keyfiyyəti daha da yaxşılaşmışdır.

Təbii ki, ölkə başçısının regionlara davamlı səfərləri xüsusi məqamlarla yadda qalır. Dövlətimizin başçısı bölgələrə hər səfərində yeni-yeni müəssisələrin və sosial-iqtisadi infrastruktur layihələrinin açılışında iştirak edir. Yanvarın 16-da Prezident İlham Əliyevin Lənkəran rayonuna səfəri çərçivəsində burada yeni inşa edilmiş müasir penitensiar kompleksində yaradılan şəraitlə, həmçinin “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə, “Lenk Frut” Məhdud Məsuliyyətli Cəmiyyətinin Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olması bunun bariz nümunəsidir.

Prezident İlham Əliyevin, həmçinin yanvarın 16-da Neftçala rayonuna səfəri çərçivəsində Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak etməsi bölgələrdə əhalinin gündəlik həyat və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı sosial proqramların uğurla reallaşdırılmasının əyani sübutudur.

Əminliklə demək olar ki, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən Dövlət proqramları çərçivəsində görülən işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, yeni iş yerlərinin yaradılmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb. Bütün bunlar onu göstərir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcək.

Zahid Rza, “İki sahil”