16 yanvar 2024 02:37
377

Fransa niyə getdikcə azğınlaşır?

Dünyanın yalan hekayələrə deyil, həqiqətə ehtiyacı var

Azərbaycan tam suverinliyinə nail olduqdan sonra təcavüzkar Ermənistanın əli ilə Cənubi Qafqaza soxulmaq  istəyən Fransa ölkəmizə qarşı beynəlxalq platformalarda qondarma müzakirələr açır, uğurlarımıza kölgə salmağa cəhdlər edir.

Bu yaxınlarda məlum olub ki, sən demə, hətta bəzi şəhərlərində Azərbaycana aid sözləri yığışdıran, heykəllərə divan tutmağa çalışan, bununla Ermənistanla ortaq dəyərlərə malik olduğunu nümayiş etdirən, Afrikada dayaqlarını itirən Fransa ölkəmizin ərazisindəki səfirliyində kəşfiyyat şəbəkəsi də formalaşdırmağa cəhd edib. Amma Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin sayıqlığı, peşəkarlığı sayəsində rəsmi Parisin ölkəmizin  müstəqilliyinə təhdid törədə biləcək bu avantürası ifşa olunub. Şübhəsiz, bu fakt Fransa adına rüsvayçılıqla yanaşı, həm də böyük utancdır. Zərərsizləşdirilən şəbəkənin fəaliyyəti təkcə ölkəmizin ərazisi ilə məhdudlaşmayıb. Ukrayna, Moldova, Gürcüstan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrini də əhatə edib. Belə geniş coğrafiyanı əhatə edən bir şəbəkənin ifşa olunması şübhəsiz, ölkəmizin təhlükəsizlik qurumlarının effektiv fəaliyyətinin göstəricisidir. Bir necə gün öncə isə Bakıda Martin Rian adlı fransız casusu saxlanılıb və barəsində  4 aylıq həbs qətimkan tədbiri seçilib.

Hələ də dərk etmirlər ki...

Fransanın "La Tribune" qəzetində bir qrup fransız seçkili orqanlarının nümayəndələrinin imzaladıqları yalan və böhtanlarla dolu COP29-la bağlı məqalə dərc olunub. Azərbaycan və Ermənistan arasında ədalətli və davamlı sülhün bərqərar olması perspektivi heç vaxt bu qədər güclü olmadığı bir dönəmdə fransızların bu addımı nəinki Azərbaycana, eləcə də beynəlxalq aləmə qarşı hörmətsizlikən başqa bir şey deyil. Halbuki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Bakıda keçirilməsi ilə bağlı qərar beynəlxalq aləmin, o cümlədən Azərbaycanın xeyrinə öz namizədliyini geri götürən Ermənistanın  dəstəyi ilə qəbul edilib. Bu  azmış kimi,  Fransanın “Le Figaro” qəzetində “Bakının Fransanı gözdən salmaq üçün genişmiqyaslı hücumu” adlı yazı dərc olunub.  Bu məqaləyə münasibət bildirən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” sosial şəbəkəsində belə yazıb: “Siz Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi olduğunu bilmirmiş kimi davranmağa davam edirsiniz. Uzun müddətdən sonra ilk dəfədir ki, regionda ədalətli və davamlı sülh mümkündür. Dünyanın yalan hekayələrə deyil, həqiqətə ehtiyacı var”.

Səmərəsiz cəhdlər

Ümumiyyətlə, indiyədək Fransanın ölkəmizə qarşı heç bir cəhdi baş tutmayıb. Hətta bu dövlətin Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında (TŞ) qətnamə qəbuluna cəhdləri də  dəfələrlə fiaskoya uğrayıb. Bütün bunlara rəğmən, Fransa yenə öz ampluasındadır. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirmişdir ki, bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini növbəti müharibəyə hazırlayan ölkə Fransadır: “Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”.

Amma Ermənistan, həmçinin bu gün sülh danışıqlarında vasitəçi olmaq məqsədilə dəridən-qabıqdan çıxan Fransa unutmamalıdırlar ki, hazırda Cənubi Qafqazda baş verən bütün proseslər ölkəmizin nəzarəti altındadır. Ordu quruculuğumuz da davam etməkdədir. Bu mənada Fransanın təcavüzkara    silah, həmçinin ürək-dirək verməyinin heç bir səmərəsi yoxdur. Dövlətimizin başçısının bildirdiyi kimi, Fransanın Ermənistana verdiyi silahlar - "Bastion"lar konserv bankalarından başqa bir şey deyil.

Makron həm ölkəsini, həm də Ermənistanı uçuruma aparır

Şübhəsiz, Fransanın bütün bu cəhdlərinin arxasında rəsmi Bakının uğurlarını həzm edə bilməməsi, bölgədə yeni reallıqlar yaratması, sözügedən ölkənin neokolonizm siyasətinə qarşı çıxması, bununla bağlı beynəlxalq tədbirlər keçirməsi və həmin toplantılarda  Fransanın iç üzünü açması dayanır. Üstəlik, Prezident İlham Əliyevin oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb. O ki qaldı COP29-un Bakıda keçirilməsinə,  şübhəsiz, tarixdə ilk dəfə BMT-nin iqlim dəyişikliyi üzrə belə bir mötəbər tədbirin Avropa İttifaqına üzv olan ölkədə deyil, Bakıda keçirilməsi Azərbaycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun növbəti göstəricisidir. Amma müstəmləkəçilik siyasəti, Azərbaycana qarşı nifrət rəsmi Parisin gözünü elə bağlayıb ki, bu adi həqiqətləri dərk etmək istəmir. Bir sözlə, Cənubi Qafqazda, daha doğrusu, Ermənistanda kök salmağa çalışan, təcavüzkar ölkəni silahlandıran, revanşist qüvvələri qızışdıran, amma Azərbaycanda guya insan haqları və demokratiyanın pozulması ilə bağlı saxta təbliğat şousu ilə məşğul olan, bu gedişləri ilə alət kimi istifadə etdiyi Ermənistana “qol-qanad” verən Fransanın belə addımları təəssüf doğurur. Təəssüf doğuran digər hal budur ki,  Amerika Birləşmiş Ştatları da bu əsassız iddiaları ilə daim Ermənistanın yanında olan Fransaya bəzən açıq və gizli dəstək verir. Nəticədə Fransa ifşa olunduqca daha da azğınlaşır. Bu azğınlaşma isə ermənidən betər erməni olan Prezident Emmanuel Makronun rəhbərlik etdiyi ölkəni, həm də Ermənistanı uçuruma aparır.

Qvami Məhəbbətoğlu, “İki sahil”