16 yanvar 2024 02:58
340

Sülhün həqiqətə ehtiyacı var..

Ermənistan hələ də Qərbin, xüsusilə də Fransanın məkrli oyunlarının iştirakçısına çevrilməkdə və beynəlxalq güclərin əlində vasitə olmaqdadır

Azərbaycan Cənubi Qafqazda davamlı sülhün, regionun bütün xalqları üçün faydalı əməkdaşlığın qurulması üçün ardıcıl səylər göstərdiyi halda təəssüf ki bölgədən uzaqda yerləşən bəzi ölkələr təxribatçı əməlləri ilə bu təşəbbüslərə mane olmağa çalışır. Xüsusilə Fransanın son dövrlərdə atdığı addımlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını ləngitmək məqsədi daşıyır. Fransa dəfələrlə Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsinə cəhd göstərib və bu ölkənin parlamenti səviyyəsində qərəzli sənədlər qəbul olunub, Dövlət rəsmiləri tamamilə qeyri-obyektiv bəyanatlarla çıxış ediblər. Bütün bu addımların məqsədi Azərbaycana təzyiq göstərmək olub. Nəticədə isə Fransa faktiki olaraq Cənubi Qafqazda gedən proseslərə təsir imkanlarını əhəmiyyətli dərəcədə itirib. Çünki regionda yaranmış yeni reallıqları, eyni zamanda, Azərbaycanın imkanları, ölkəmizin xarici siyasətinin əsaslandığı prinsipləri düzgün qiymətləndirə bilməyib. Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı sayəsində Fransa agentura şəbəkəsinin ifşası Makron hökumətinin daha bir uğursuzluğu kimi yadda qaldı. Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” elan edilməsi faktı rəsmi Parisin yaxın tarixin təcrübəsindən düzgün nəticə çıxarmadığını göstərdi. Azərbaycan bir neçə dəfə rəsmi səviyyədə bəyan edib ki, regiondan uzaq ölkələrin bu coğrafiyada baş verənlərə müdaxilə etmək cəhdləri yolverilməzdir. Lakin son proseslər bir daha təsdiq edir ki, rəsmi Parisin nəinki regiondakı reallıqlar, eləcə də öz imkanları haqqında təsəvvürləri yanlışdır.

“Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin.” Bu fikir Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın “Le Figaro” qəzetində dərc olunan “Bakının Fransanı ləkələmək üçün böyük hücumu” adlı məqaləyə dair “X” səhifəsindəki şərhində bildirilir. “Siz hələ də Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir parçası olduğunu bilmirmiş kimi davranırsınız. Uzun müddətdən sonra regionda ilk dəfə olaraq ədalətli və davamlı sülh mümkündür. Sülhün həqiqətə ehtiyacı var; yalan rəvayətlərə yox”, - səfir qeyd edib.

Məlumdur ki, Cənubi Qafqazda sülh prosesinə əngəl törətmək işində Fransa tək deyil. Bu prosesə mane olan qüvvələr arasında Avropa İttifaqı (Aİ) da xüsusi fəallığı ilə seçilir. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra vasitəçilik Azərbaycanın Qarabağda öz suverenliyini bərpa etməsi ilə dəyişdi. Təşkilat birtərəfli qaydada əsasən Ermənistanı müdafiə edir, hətta onu silahlandırmağa da cəhd göstərir. Bu ölkədəki mülki missiyasının sayını da artırıb. Belə ki, missiyanın tərkibinin 138 nəfərdən 209-a çatdırılması barədə qərar qəbul edilib. Görünən odur ki, regionda gedən sülh prosesləri Qərbin müxtəlif strukturlarını, o cümlədən Brüsseldə oturan siyasətçiləri qane etmir. Bu səbəbdən də onlar hər vəchlə bölgədə təxribatçı, gərginliyə yönəlik addım və tədbirlərə imza atırlar.

Ermənistandakı Aİ missiyasının sayının artırılmasının bu ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəldiyi iddia edilir. Belədə ortaya haqlı sual çıxır: İrəvanın təhlükəsizliyinə kim təhdid yaradır? Görünür, bu addımın arxasında Avropa İttifaqının çox gizli və məkrli planı gizlənir. Bu günlərdə Aİ-nin Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) rəhbəri Rorb Dommi ilə görüşən Ermənistanın müdafiə naziri Suren Papikyan onunla təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. Danışıqlar Domminin İrəvana səfəri çərçivəsində baş tutub. Müdafiə naziri ilə yanaşı, XİN rəhbəri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla danışıqlarında Avropa Sülh Fondu (European Peace Facility) vasitəsilə Ermənistana dəstək müzakirə olunub. Sual olunur: Aİ Ermənistanı kimdən və nədən qoruyur? Şübhəsiz ki, məqsəd Ermənistandan yenə alət kimi istifadə etməyə yönəlib.

Qeyd edək ki, bədnam Avropa Sülh Fondu “sülh” adı altında Ermənistana silah verməklə tanınır. Aİ İrəvana 10,45 milyon avro humanitar yardımla yanaşı, büdcə dəstəyi kimi 15 milyon avro ayırıb. Uzunmüddətli perspektivə gəlincə, Aİ mühüm infrastruktura və digər layihələrə sərmayə qoyuluşu üçün 2,6 milyard avronun ayrılmasını nəzərdə tutan İqtisadi və İnvestisiya Planını təkrarlayıb. Göründüyü kimi, Qərb Ermənistan üzərindən özünün çirkin niyyətini daha açıq şəkildə ortaya qoymaqdadır. Avropa Sülh Fonduna gəlincə, bu, büdcədənkənar alət olub, özünü daha çox qlobal təhlükəsizliyin qarantı kimi göstərməyə çalışır. Təşkilat 2021-ci ildə avropalı məmurlar tərəfindən yaradılıb və 2021-2027-ci illər üçün büdcəsi 12 mlrd. avro müəyyən olunub. Təbii ki, Ermənistana bu dəstək də əvəzsiz deyil. Aİ və Qərblə sıx əməkdaşlığın artmasının nəticəsi kimi İrəvan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna, Ukrayna ilə bağlı humanitar konfranslara qoşulub, ABŞ ilə hərbi təlimlər keçirib. Baş nazir Nikol Paşinyan Brüsselə istənilən formada inteqrasiyaya hazır olduğunu bildirib və Rusiyanın moderator olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bütün tədbirlərin ləğvi də bunun göstəricidir. Bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov açıq şəkildə bildirib ki, Ermənistan Qərbin şirin vədlərinə uyaraq Rusiyadan uzaqlaşmağa çalışır. Nazir onu da əlavə edib ki, Paşinyan hökuməti Qərbə üz tutmasına haqq qazandırmaq üçün Azərbaycandakı separatçı layihənin iflasını Rusiyanın üzərinə yıxır.

Maraqlıdır ki, Aİ-nin daha bir nüfuzlu üzvü Almaniya da Ermənistanda aktivləşib. Rusiya mediası yazır ki, rəsmi Berlin “Qarabağ ermənilərini Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətdən saxlamaq” üçün maliyyə yardımı və dəstək müqabilində Ermənistanı Rusiya sərhədçilərini geri çəkməyə sövq edir. İrəvanda səfərdə olan Almaniyanın İqtisadi İnkişaf Nazirliyinin dövlət katibi Nils Annen İrəvana 85 mln. avro yardım göstərəcəyini deyib. Məlumata görə, Almaniya Ermənistanı antirusiya ritorikaya çəkməyə, İrəvanla Moskvanın arasını maksimum dərəcədə vurmağa çalışır. Bir sözlə, məkrli planların hədəfi bəllidir - bölgədə sabitliyə, əmin-amanlığa qarşı çıxmaq, Ukrayna və Suriyada yaşananların burada təkrarlanması. Ermənistan da hələ ki bu məkrli oyunun iştirakçısına çevrilməkdə və beynəlxalq güclərin əlində vasitə olmaqdadır.

Sevinc Azadi, “İki sahil”