15 yanvar 2024 13:09
258

Müasir tariximizin yeni dövrü sentyabrın 20-dən sonra başlayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində vurğuladı ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır. Azərbaycan bu tarixi günlərə qədər məqsədyönlü addımlar ataraq suverenliyimizin tam təmin olunmasına sülh yolu ilə nail olmaq üçün bütün gücünü səfərbər etmişdir.  

27 sentyabrda başlanan Vətən müharibəsi 10 noyabr 2020-ci il Üçtərəfli bəyanatın imzalanması  ilə başa çatdı. Tarixi Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində səyləri artırmaqla bərabər, regionda dayanıqlı sülhə, təhlükəsizliyə nail olduq.

Sentyabrın 19-da başlanan bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu.  Antiterror tədbiri çox uğurla, peşəkarlıqla keçirildi, hərbçilərimiz böyük qəhrəmanlıq göstərdilər. Bu zəfərimiz çoxəsrlik tariximizin ən yadda qalan hadisələri kimi qeyd olunur. Dövlət başçımız İlham Əliyev çıxışında qeyd etdi ki, sentyabra qədər getdiyimiz yol məqsədə hesablanmış yol idi, düzgün yol idi.

20 sentyabr haqq işimizin son nidası oldu. Bu gün ölkəmizin qarşısında duran yeni vəzifələr yeni dövrün tələbləridir. Qazandığımız qələbə ədalətin nəticəsidir. Ədalətə inanmaq üçün əldə əsas olmalıdır. Biz haqlı olduğumuzu dünyaya sübut etdik.

Xocalıda, Xankəndində bayrağımızın ucaldılması ədalətin tam bərpası idi.  Artıq ölkəmizdə separatizm yuvası yoxdur. Əsas məsələ budur.    

Hamımız xoşbəxtik ki, bu tarixi günləri gördük, yaşadıq və bu tarixi Zəfər Azərbaycan xalqının, dövlətinin tarixində əbədi qalacaq.

Nazlı Maxsudova,
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü