15 yanvar 2024 10:10
251

2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə, xalq kimi başlayırıq

Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində  bu realllığı bir daha diqqətə çatdırdı ki,  güclü lider  və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər.

Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları hər kəsə məlumdur. Həmin illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik təcrübəsinin olmaması ucbatından Azərbaycan müstəqilliyini itirmək və bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdır.  Ölkədə xaos, anarxiya baş alıb gedirdi. Digər tərəfdən Silahlı Qüvvələrimizin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu.  Belə bir çətin dövrdə Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Onun düzgün  müəyyənləşdirdiyi  və gələcəyə hesablanan siyasəti nəticəsində Azərbaycan  bütün təhlükələrdən xilas oldu, ölkədə sabitlik yarandı. Bununla da Azərbaycanın qarşısında geniş imkanlar yarandı. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində qeyd etmişdir ki, bugünkü reallıqları 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik. Çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu,  vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərdə dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı,  xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

  O illərdə yaradılan möhkəm təməl 2003-cü ildən başlanan  yolun daha möhtəşəm uğurlara yol açmasını şərtləndirdi. Son 20 ildə Azərbaycanın qazandığı uğurların miqyası ölçüyəgəlməzdir. Dövlət başçısı “Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Əgər biz bu haqda geniş danışsaq, yəqin ki, bütün müsahibəni buna həsr etməli olacağıq” söyləyərək bu illərin Azərbaycanın çoxəsrlik tarixinə daha möhtəşəm uğurlar yazdığını təsdiqlədi. Təbii ki, bu uğurların zirvəsində 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində tarixi Zəfərimiz, 2023-cü ilin aprel ayında Laçın buraxılış-keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüzün, sentyabrın 19-da Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam təmin olunması dayanır. Azərbaycan bir daha dünyaya sübut etdi ki, ədalət və beynəlxalq hüquq mövcuddur, onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də bu məqamlara xüsusi diqqət yönəltdi. Bildirdi ki, ədalətə inanmaq lazımdır. Çünki 30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı və istənilən cəmiyyət üçün bu, yaxşı hal deyil. Bu, istər-istəməz insanların şüuruna mənfi təsir göstərir, ruh düşkünlüyünə gətirib çıxara bilir, bədbinlik hisslərinin cəmiyyətdə geniş vüsət almasına şərait yaradır. Sağlam cəmiyyətin yaranması, möhkəmlənməsi üçün bu amillər çox təhlükəlidir. Ona görə ədalətə inanmaq üçün əsas olmalıdır. Onu da  hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti  gərək təmin edəsən. Müasir dünyada  bunu artıq çoxdan başa düşmüşük: “Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Biz, məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik. Ona görə bu, o cümlədən bu nöqteyi-nəzərdən də önəmlidir, çünki ədalətə inam bərpa edildi. Yəni, biz hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, biz öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik.”

   Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Ölkəmizin sözü imzası qədər dəyərlidir. Tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycan həm regionda, həm də dünya siyasətində yeniliklərə yol açır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə güclü, qüdrətli, qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin edilən ölkənin vətəndaşı olduğu üçün xoşbəxtdir. 30 il xalqımız bu günü böyük səbirsizliklə gözlədi. Əmin idi ki, dövlətimizin uğurlu siyasəti, qətiyyəti nəticəsində torpaqlarımız azad olacaq, tarixi sahibinə qovuşacaq. Ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfində olduğu halda Ermənistan və ona havadarlıq edən dövlətlər münaqişənin həlli prosesinin 30 il uzanmasına səbəb oldular. İşğalçı dövlət yalanlarını həqiqət kimi təqdim etməyə çalışsa da, əksər dünya gücləri ona dəstək olsalar da ədalətin gec-tez zəfər çalacağını  çox yaxşı bilirdilər. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində bunu bir daha sübut etdi.

 Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Cənab İlham Əliyev müsahibədə bu reallıqlara bir daha diqqət yönəldərək bildirdi ki, 2023-cü ilin  sentyabrına qədər getdiyimiz yol məqsədyönlü yol idi.  Suverenliyimizin tam təmin olunması bütün işlərimizin son nidası idi. Bu gün 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə, xalq kimi başlayırıq. Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.

Yeni dövrün yeni hədəflərinin olması qaçılmazdır. Bu gün ölkəmizin həyatında əhəmiyyətli rol oynayacaq 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkilərindən bəhs edirik. Cənab İlham Əliyev müsahibədə bu seçkiləri şərtləndirən amilləri diqqətə çatdırdı. Əvvəldə də qeyd etdiyimiz kimi, suverenliyimizin təmin olunması qürurumuzdur. Bu gün ölkəmiz həyatının yeni dövrünü  yaşayır. Bu yeni dövr növbədənkənar prezident seçkilərinin keçirilməsini bir zərurət kimi qarşıya qoydu. Cənab İlham Əliyevin Sərəncamı ilə bu seçkilərin  7 fevral  2024-cü il tarixdə keçirilməsi təsdiqləndi. Bütün ölkə ərazisini əhatə edəcək bu seçkilər tariximizə Zəfər seçkiləri kimi yazılacaq. Qalib Azərbaycan bundan sonra daha möhtəşəm uğurları ilə dünyanın diqqətində olacaq.

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi