09 mart 2018 22:39
3693

Türkiyə-Suriya münasibətlərinin yeni dövrü

Türkiyə Silahlı Qüvvələrinin, yerli əhalini təmsil edən Azad Suriya Ordusu (ASO) qüvvələrinə dəstək verməklə, Afrin vilayətində nəzarəti ələ keçirən terror təşkilatlarının silahlı dəstələrinə qarşı başlatdığı “Zeytin budağı” əməliyyatı artıq 50 gündən çoxdur ki, davam edir.

ABŞ başda olmaqla bəzi dövlətlərin və dairələrin etirazına baxmayaraq, rəsmi Ankara regiondakı milli və dövlət maraqlarından çıxış edərək ötən il aparılan “Fərat qalxanı” əməliyyatından sonra ikinci genişmiqyaslı ölkəxarici əməliyyat olan “Zeytun budağı”nın Afrin vilayətinin mərkəzi ələ keçirilənə qədər davam edəcəyini bəyan etdi. İndiyə qədər Türkiyə sərhədinə yaxın olan və terrorçuların düşərgəsinin yerləşdiyi bir çox ərazi azad olunub, vilayət mərkəzi, demək olar ki, mühasirəyə alınıb.

Əslində indiki durumu obyektiv və kompleks şəkildə şərh edən bəzi mütəxəssislər bu əməliyyatın keçirilməsində Türkiyənin ən azı 1 il gecikdiyini vurğulayırlar. 2003-cü ildə müttəfiq qüvvələr tərəfindən İraqın ələ keçirilməsi zamanı PKK-nın məskən saldığı Şimali İraqda ciddi əməliyyat aparmayan Türkiyənin həmin dövrdə qəti addım atmamağın əziyyətini illərlə çəkdi. Onun kulminasiya nöqtəsini ötən ilin sentyabrında Şimali İraqda peşmərgələrin Kərkük türkmənlərinin heç bir hüququnu qəbul etməyərək müstəqillik haqqında referendum keçiriləndə görmək mümkün oldu. Xoşbəxtlikdən yaranmış vəziyyətə 100 illik tarixə malik müqavilələrdən irəli gələn tələblərin gündəmə çıxması öz təsirini göstərdi.

Ermənilər daha çox narahat olublar

Türkiyənin apardığı əməliyyata qarşı çıxış edən PKK-KCK-YPG terror təşkilatlarının siyasi qanadlarına beynəlxalq aləmdə ən böyük dəstəyi isə işğalçı Ermənistan rəsmiləri ilə yanaşı, xarici ölkələrdə yaşayan ermənilərin mütəşəkkilliyini təmin edən təşkilatlar da göstərir. Buna sübut kimi bu yaxınlarda Vaşinqtonda Kürd İnstitutu tərəfindən təşkil edilən konfransda Suriya xristianları və kürdlərinin təmsilçiləri ilə yanaşı, Amerika Erməni Milli Komitəsinin sədri Aram Hamparyanın da iştirak etməsini göstərmək olar. Erməni lobbisinin Suriya məsələsində Türkiyəyə qarşı fəallığı birinci dəfə deyil. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sonuncu ABŞ səfərində Vaşinqtondakı Türkiyə səfirliyinin qarşısında təşkili edilmiş etiraz aksiyasında terrorçu qrupların simpatizanları ilə birlikdə erməni lobbisi təmsilçilərinin də fəal iştirak etdiyini görmüşdük.

Ermənistanın və ermənilərin Suriyada Türkiyəyə qarşı mübarizəsi təkcə siyasi platformada deyil, döyüş meydanında da olub. PKK-nın, o cümlədən onun Suriyadakı silahı qanadı hesab olunan YPG-nin tərkibində yüzlərlə Suriya, Livan ermənisinin iştirakı artıq sübut olunub. Bu yaxınlarda işğal altındakı Dağlıq Qarabağda yerləşən düşərgələrdə təlim aldıqdan sonra terrorçu qrupların Suriyaya göndərildikləri barədə xəbərlər ortaya çıxmışdı.

Bütün bunlar erməni-kürd separatçı və terrorçu təşkilatların əməkdaşlığı baxımından sensasiya deyil. Tarixə nəzər saldıqda indi Türkiyənin hərbi əməliyyatlar apardığı ərazilərin vaxtilə ASALA (Armenian Secret Army for the Liberation of Armenia  -  “Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu”), daha sonra isə onun məqsəd və vəzifələrini mənimsəyən PKK terror təşkilatının təlim-məşq bazalarının yerləşdiyi, hətta A.Öcalanın illərlə məskən saldığı yerlər olduğu ortaya çıxır. Türkiyənin Afrin əməliyyatından narahat olan Qərb ölkələrindən bəzilərinin indiki liderlərinin ASALA teror təşkilatının nümayəndələri ilə əlaqələri barədə də söz-söhbətlər mövcuddur. Bu səbəbdən gələcək hadisələr də göstərəcək ki, Türkiyə əleyhinə cəbhə həmişə mövcud olub, yenə də olacaq.

NATO ölkələri Türkiyəni meydanda tək qoydu

Suriyada “bahar küləkləri” əsdirmək istəyən Qərbin “inqilab texnoloq”ları ölkə xarabazara çevriləndə ən çox əziyyət çəkənlərin Türkiyə kimi həmsərhəd dövlətlərin olacağını yaxşı bilirdilər. Hətta Ankara hakimiyyəti daxili sabitliyi və sərhədlərin mühafizəsinə diqqəti artırmaq baxımından qətiyyətli mövqe ortaya qoymasaydı, Türkiyənin də Yaxın Şərqdəki xaosun mərkəzinə çevrilməsindən sığortalanması qeyri-mümkün olardı. Avropaya Suriya qaçqınlarının kütləvi axınının qarşısı alınanda Türkiyənin rolunu görməyən və ya duymayan olmadı.  Amma nədənsə həlledici məqamda hesablaşmaq ortaya çıxanda regionun aparıcı dövlətinin mövqeyi yada salınmadı. Halbuki Türkiyə regionda NATO-nun üzvü və Qərb dövlətlərinin müttəfiqi kimi, hər zaman səmimi şəkildə müttəfiqlərinin maraqlarını qorunması üçün hərəkət etdiyini görmüşük. Bu müttəfiqlik beynəlxalq müqavilələrdə öz əksini tapsa da, ümumiyyətlə, Türkiyənin tam normal münasibətinin qarşısında NATO adekvat cavab verməməsi beynəlxalq təcrübədə gördüyümüz nadir hadisələrdən biri idi. Halbuki “Soyuq müharibə” illərində Yaxın Şərq bölgəsində ABŞ-ın və NATO-nun ən etibarlı müttəfiq olaraq çox uzun illər Türkiyəni gördüyü işləri danmaq haqsızlıq olardı.

Türkiyənin də artıq başqa çıxış yolu qalmadı. Xaricdən maddi-texniki dəstək verilməsi nəticəsində haqlı olaraq rəsmi Ankara Türkiyənin ərazi bütövlüyünü qəsd etməyi qarşısına məqsəd qoyan, sərhədlərini təhdid edən və qanlı terror hadisələrində birbaşa əli olan PKK-nın şinelindən çıxmış silahlı dəstələrə və qruplara qarşı cavab vermək məcburiyyətində qaldı.

Hatay məsələsi

Türkiyənin hazırda əməliyyat apardığı qonşu Suriya ilə münasibətlərə gəlincə, ötən əsrin əvvəllərində Türkiyəni parçalamaq cəhdlərinin nəticəsi kimi ələ keçirilən bu Osmanlı torpağı 25 ildən çox müddətdə Fransanın nəzarəti altında olub. Hələb şəhəri başda olmaqla indiki Suriyanın şimal sərhədləri Osmanlı dövlətinin yaranmasına qədər də Bayır-Bucaq türkmənlərinin ana yurdu olub. Hətta Hələb yaxınlığında, Fərat çayının sahilində yerləşən Osmanlı imperiyasının qurucusu Osmanın babası Süleyman Şahın türbəsi Suriya ərazisindəki yeganə Türkiyə torpağı kimi qəbul edilmişdi. İŞİD terror təşkilatının bu bölgəyə hücumu zamanı 22 fevral 2015-ci il tarxiində hökumətin qərarı əsasında türk əsgərləri tərəfindən bir gecədə onun nəşi köçürülərək Türkiyə sərhədinə yaxın ərazidə yenidən dəfn edildi. Baş nazir Binəli Yıldırım 11 dekabr 2017-ci ildə vəziyyət sabitləşdikdən sonra Süleyman Şahın türbəsinin bərpa ediləcəyini və qəbrin köhnə yerinə köçürüləcəyini bəyan etdi. 

II Dünya müharibəsindən sonra, daha doğrusu BMT-nin yaranması ilə yeni siyasi şəraitin tələbi əsasında regionu işğal edən müstəmləkəçilər müstəqillik verməyə məcbur qaldıqları ərazilərdə bir neçə yerdən ixtiyari düz xətt çəkilməsi prinsipi ilə İraq, Suriya, İordaniya kimi dövlətlər yaratdılar. Onlardan biri də hansı əsaslarla adlandırdıqları belə məlum olmayan Suriya Ərəb Respublikası idi.  Həmin dövrə qədər Türkiyənin bir qədər cəld tərpənərək ana vətənə qaytardığı tək region indiki Hatay (İsgəndərun, Antakya) vilayətinin ərazisi oldu. Xilaskar Mustafa Kamal Atatürkün vəfatına qədər, əvvəlcə müstəqillik elan edən və 1939-cu ilin iyulunda Türkiyəyə birləşən Hataya qarşı Suriyanın ərazi iddiaları həmişə olub. Halbuki Hatay müstəqillik əldə edənə qədər Suriya adlı dövlət dünyanın siyasi xəritəsində mövcud olmayıb. Bu tarixi gerçəkliyə görə beynəlxalq müqavilələrin əsasında həll olunan bu məsələdə qonşu dövlətin hansı mövqedə olması Türkiyəni narahat etməyib.

“25 il şərti” və “Ankara müqaviləsi”

Həmin dövrdə Mosul və Kərkük məsələsində edilən güzəşt isə şimali İraqdakı indiki çətin vəziyyətin yaranmasında başlıca səbəbdir. Belə ki, 1923-cü il Lozanna Sülh Müqaviləsinə görə, Türkiyə indiki İraq ərazisindəki tarixi haqlarını və soydaşlarını qorumaq üçün cavabdehlik daşıyırdı. Lozannada, əsasən, Mosul və Kərkük olmaqla bölgənin hansı ölkəyə aid olacağının təyin olunması və Türkiyə-İraq sərhədinin müəyyən edilməsi üçün Böyük Britaniya ilə müzakirələrin daha sonra aparılması haqqında qərar qəbul edilmişdi. Türkiyə ilə İraq sərhədi Millətlər Liqasının hazırladığı 29 oktyabr 1924-ci il tarixli “Brüssel sərhəd xətti”nə əsasən, Türkiyə Respublikası, statusu tam müəyyən edilməyən İraq və əsas söz sahibi olan Böyük Britaniya arasında imzalanan 1926-cı il “Ankara müqaviləsi” ilə müəyyənləşdi. “Ankara müqaviləsi”nin ilk maddəsində göstərilən “Brüssel xətti”nə görə, İraqın 25 il müddətində Millətlər Liqası və Böyük Britaniya rəhbərliyi altında idarə edilməsi, “bu şərt (“25 il şərti”) pozulduğu halda isə, mübahisə mövzusu olan ərazinin daxili və xarici siyasi vəziyyəti İraqa nisbətən daha sabit olan Türkiyəyə qatılmasının daha münasib olması” müəyyənləşdirilmişdi. Yəni Millətlər Liqasının Şurası qeyd olunan şərt pozulsa, mübahisənin həlli üçün Brüssel komissiyası tərəfindən təyin olunan - Mosul və Ərbil daxil olmaqla Şimali İraq ərazisinin Türkiyəyə qatılmasının ən uyğun variant hesab edirdi.

Ancaq “25 il şərti” tətbiq olunmadı və İraq 1932-ci ildə tam müstəqilliyini elan etdi. Bu vəziyyətdə “Brüssel xətti”nə görə Mosul və Kərkükün Türkiyəyə qatılması üçün beynəlxalq hüququ ortaya çıxsa da, Türkiyə Mosul və türkmənlərin hüquqları istiqamətində marağını İraq dövlətinə notalarla bildirərək, bu hüququnu özündə saxlamaqla kifayətləndi. İraq hökuməti notaları qəbul edərək bu hüququ təsdiqlədi. Burada yenə Türkiyə Respublikasının həmin dövrdə mövqeyinin bir qədər zəif olması etnik yaxınlığı ilə seçilən türkmənlərə hansısa muxtar status tələbini də arxa plana keçirdi.

Bütün bunlara baxmayaraq, 5 iyun 1926-cı ildə imzalanan “Ankara müqaviləsi”nin 5-ci maddəsi İraqın şimalında Türkiyənin hərbi-siyasi manevr imkanlarına indi də təminat verir: “Tərəflər sərhəd xəttinin dəqiqliyini və həssaslığını qəbul etməyi, dəyişdirməyi nəzərdə tutan hər hansı tədbirin keçirilməsindən çəkinməyi öhdəsinə götürür”. Yəni İraqın şimalında hər hansı yeni dövlətin yaranması avtomatik Türkiyənin müdaxiləsini gündəmə gətirir. Rəsmi Ankaranın məhz həmin müqavilədən irəli gələn sərt mövqe sərgiləməsi ötən ilin sentyabrında müstəqillik haqqında referendum keçirilməsindən sonra regionun separatçı qruplarının siyasi səhnədən uzaqlaşmasına gətirib çıxardı. Hətta bu günlərdə ən geci may ayına qədər Türkiyənin İraqın şimalında da mərkəzi hakimiyyət qüvvələri ilə birgə terrorçulara qarşı əməliyyatlar aparacağı barədə rəsmi açıqlamalar gəlir.

Ankara-Dəməşq münasibətləri həmişə gərgin olub

Suriya məsələsində Türkiyənin daha qətiyyətli mövqe nümayiş etdirməsi də keşmişdə baş verənlərdən ibrət alması ilə bağlıdır. Çünki Suriya müstəqillik əldə etdiyi 1946-cı ildən 1998-ci ilə qədər iki ölkə arasında münasibətlər həmişə gərgin olub.  Çünki Türkiyənini ərazi bütövlüyünə qəsd etməyi qarşısına məqsəd qoyan ASALA və PKK kimi terror təşkilatlarının fəaliyyətinə göz yuman Dəməşqlə yaxın münasibətlərin olması ehtimalından söhbət gedə bilməzdi. 

1990-cı illərin ortalarında PKK terrorçularının başçısı A. Öcalanın Dəməşqdə gizlənməsinin təsbit edilməsi ölkələr arasında yeni bir böhrana səbəb oldu. Bu böhran 90-cı illərin sonuna qədər davam etdi. Suriyanın PKK başçısını gizlətməsinə cavab olaraq Türkiyə Suriyanın ərazisinin bir hissəsini ilhaq edən İsraillə əməkdaşlığa üstünlük verdi, Fərat və Dəclə çaylarının suyunun Suriyaya buraxılan limitini azaltdı. Türkiyənin bu həmlələrinin əvəzində isə Suriya Yunanıstanla hərbi əməkdaşlığı genişləndirdi. Sonrakı illərdə Türkiyə çox sərt bir mövqe sərgiləyərək A. Öcalanın deportasiya edilməsi tələbi ilə Dəməşqə nota verdi, hərbi müdaxilə ilə hədələdi və iki ölkə müharibə vəziyyətinə gəlib çatdı. Türkiyənin təzyiqi nəticəsində A. Öcalan Suriyadan deportasiya edildi, daha doğrusu, müttəfiqi Yunanıstana keçməsinə şərait yaratdı. Yekunda isə düz 19 il bundan əvvəl PKK terror təşkilatının başçısı Keniyada həbs olunaraq Türkiyənin ədalət məhkəməsinin qarşısında dayanmağa məcbur edildi.

12 illik dostluq və əməkdaşlıqdan sonrakı diplomatik tənəzzül dövrü

A. Öcalan Suriyanı tərk etdikdən sonra, yəni 1998-ci ildə iki ölkə arasında imzalanan “Adana sazişi” ilə terrorizmə qarşı əməkdaşlıq başladı. Sonradan imzalanan ikitərəfli müqavilələrlə iki ölkə araında tarxidə heç vaxt mövcud olmayan yaxın münasibətlər yarandı, hətta atasından fərqli olaraq Bəşər Əsəd Türkiyəyə qarşı əsassız olaraq irəli sürülən ərazi iddialarından da əl çəkdi. Yəni BMT-nin üzvü olan bütün dövlətlər tərəfindən tanınan Türkiyə Respublikasının ərazi bütövlüyünü rəsmi Dəməşq də qəbul etdi. Təəssüf ki, iki ölkə arasında əməkdaşlığın tarixi zirvəsi sayılan, regional inkişafa birbaşa təsir edən yaxın münasibətlər Suriyanın daxilində baş verən vətəndaş müharibəsinin gedişində, 2011-ci ildə yenidən diplomatik münasibətlərin tamamilə dondurulmasına qədər pisləşdi. Bu münaqişədən birbaşa əziyyət çəkən Suriya ilə 911 kilometr sərhədi olan şimal qonşusu Türkiyə oldu. Belə ki, daxilində ölkədə sonradan terror törədən terrorçuların da olduğu böyük qaçqın axınını qəbul etmək məcburiyyətində qalan Türkiyənin digər bir “qazancı” Suriya hakimiyyətinin nəzarətindən çıxan ərazilərdə sərhədlərini təhdid edən müasir silahlarla silahlandırılmış PKK (KCK) rəhbərliyindəki separatçı qurumların (kantonların) yaradılması oldu.

Beləliklə, Türkiyə Silahlı Qüvvələrinin dünya və region dövlətləri tərəfindən birmənalı qarşılanmayan sərhədötəsi hərbi əməliyyatları son 5-6 ildə Suriyanın mərkəzi hakimiyyətinin nəzarət emədiyi sərhəd bölgələrində ölkəni təhdid edən təhlükəni aradan qaldırmaq məqsədi daşıyır. Türkiyənin prezidenti və hökuməti dəfələrlə bəyan edib ki, rəsmi Ankaranın heç bir dövlətin ərazisini ələ keçirmək fikri yoxdur, əsas hədəf sərhədlərinin bilavasitə yaxınlığındakı terror mərkəzlərini məhv etməkdir. Prezident R.T.Ərdoğanın elan etdiyi kimi, bu hədəfə nail olduqdan sonra ərazilər əsl sahiblərinə təhvil veriləcək. Çox güman ki, bu günlərdə qarşıya qoyulan hədəfə çatmaq mümkün olacaq.

Qaşqay Ziyəddinoğlu