13 yanvar 2024 21:54
307

Paşinyandan qış şousu: Bakı qarşısında yeni "şərt"lər

Nikol Paşinyan sülh sazişinin imzalanması prosesində yeni maneələr yaratmağa başlayıb. O, çox təhlükəli mövqe tutub və təhlükə bilavasitə Ermənistanadır.

"Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru kommunikasiyalarını təmin etməyə hazırdır".

Ermənistanda hakimiyyətdə olan "Mülki müqavilə" partiyasının təşəbbüs qrupu ilə görüşündə Nikol Paşinyan belə deyib.

Daha doğrusu o, bir sıra sərsəm bəyanatlar verərək Azərbaycanla Ermənistant arasında imzalanmalı sülh sazişi prosesində olduqca ciddi problemlərə çevrilə biləcək maneələr yaratmağa başlayıb.

Ermənistanın baş naziri bilərəkdən absurd teatrının aktyoru kimi davranaraq sülh sazişinin imzalanması prosesini mümkün qədər uzatmağa çalşıır.

"Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır" deyən N.Paşinyan bilir ki, onun bu açıqlaması yeni risklər, yaradacaq, gərginliyi artıracaq.

Çünki rəsmi Bakının mövqeyi aydındır, indiyədək dəfələrlə açıqlanıb.

Azərbaycan Prezidenti İlham Əliyev də yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində bəyan edib: "Azərbaycandan Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir".

N.Paşinyan daha sonra "sülhün olmasını istəməyən bəzi xarici qüvvələr"dən bəhs edib: "Təəssüf ki, istər Ermənistanda, istər Azərbaycanda, istərsə də bizim ölkələrimizdən kənarda sülhdə maraqlı olmayan qüvvələr var və olacaq”.

Azərbaycan sülh sazişinin Ermənistanla birbaşa danışıqlarla, vasitəçilər olmadan imzalanmasını məqbul və effektiv variant sayır, eyni zamanda Avropa İttifaqı ilə Fransanın prosesə müdaxiləsini vurğulayır.

Paşinyan da "sülhdə maraqlı olmayan qüvvələr" dedikdə ilk əvvəl Ermənistan müxalifətini, daha sonra isə Rusiyanı nəzərdə tutur.

O, Ermənistanda sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın rəhbərlik etdikləri müxalif strukturların bilavasitə Rusiya tərəfindən dəstəklənməsinə işarə vurur.

"Azərbaycan 4 kəndin, Ermənistan isə Qeqarkunik rayonu da daxil olmaqla, həyati əhəmiyyətli əraziləri Azərbaycanın nəzarətində olan 32 kəndin məsələsini qaldırır", - Paşinyan deyib.

Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalındadır və bu kəndlərin 4-ü anklavdır – dərhal azad olunmalıdırlar. Yerdə qalan 4 kəndlə bağlı isə danışıqlar aparılmalı, işçi qrupları yaradılmalıdır.

Bu faktdan bəhs etmək əvəzinə Nikol Paşinyannın xəstə təxəyyülü "Azərbaycanın təhdidində olan 32 kənd"dən bəhs edir.

Sən demə, Ermənistandakı 32 kənd üçün Azərbaycan real təhlükə yaradıbmış.

Paşinyan nə dediyinin fərqində deyil.

Ermənistanın baş naziri daha sonra söyləyib: "Delimitasiya prosesinin mahiyyəti sərhəd yaratmaq deyil, delimitasiya komissiyalarımız Almatı bəyannaməsi zamanı mövcud olan sərhədləri bərpa etməlidir. Azərbaycan Ermənistana qarşı ərazi iddiaları formalaşdırmağa çalışır ki, bu da qətiyyən yolverilməzdir. Onlar bizim qəti şəkildə rədd etdiyimiz dəhliz məntiqini yenidən tətbiq etməyə çalışırlar. Biz bu haqda danışanda bizə cavab verirlər ki, bu, beynəlxalq termindir, misal kimi Orta Dəhlizi, İrandan keçən dəhlizi göstərirlər. Əgər belədirsə, o zaman deyirik ki, biz də İran məsələsində dəhlizin nəzərdə tutduğu format və şərtlərlə razıyıq. Dəhliz məsələsində 9 noyabr bəyanatına istinad edilir, lakin sənədi imzalayanlardan 2-si imzalandığı andan 2023-cü ilin sentyabr hadisələrinə qədər belə bir sənədin onlar üçün olmadığını nümayiş etdirib. 9 noyabr tarixli bəyanatda dəhlizdən bəhs edilmir, kim orada belə bir ifadə taparsa, ona pul mükafatı vəd edirəm".

Nikol Vovaeviç əsl siyasi intriqanlıq və demaqogiya ilə məşlğuldur. Belə ki, 1991-ci ildə imzalanmış Almatı bəyannaməsində göstərilib ki, Azərbaycan ərazisi 86,6 min kvadrat kilometrdir. Bu ərazilərə hazırda Ermənistanın işhğalında olan 8 kənd də daxildir.

Paşinyan Almatı bəyannaməsinə isitinad edirsə, Ermənistan həmin 8 kəndi dərhal azad etməli və Azərğbaycana qaytarmalıdır.

Bundan başqa, Paşinyan aşkar şəkildə yalan danışır. Çünki Azərbaycan, Rusiya və Ermənistanın 2020-ci ilin noyabrın 10-da – noyabrın 9-da yox – imzaladığı bəyanatın 9-cu bəndində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.

Və ən nəhayət, Ermənistanı baş naziri çıxışındakı absurdları davam etdirib: “Silah əldə etməyimizlə bağlı Azərbaycanın bəyanatları da dərin narahatlıq doğurur. Azərbaycan özü ordusunu gücləndirir, eyni zamanda Ermənistanın Fransa və Hindistandan silah aldığını bildirir. Azərbaycanın məntiqi belədir ki, Ermənistanın ordusu olmamalıdır? Əgər belədirsə, o zaman Ermənistan Respublikasının mövcudluğu şübhə altına alınır ki, bu da qəti şəkildə qəbuledilməzdir".

Ermənistanın kimdən, nə üçün, hansı çeşiddə və s. silah-sursat, hərbi texnika alması bu ölkənin öz işidir və Azərbaycanın da hər hansı müdaxilə, yaxud şərh niyyəti yoxdur. Lakin Fransa Ermənistan ordusunun qalıqlarını sürətlə silahlandırmaqla kifayətlənmir - erməniləri müdafiə yox, məhz hücum silahları ilə təmin edir.

Ermənistan kimə hücum etməyə hazırlaşır? Sual ritorik deyil, cavabı da asanlıqla təxminlənir.

Azərbaycanı da narahat edən məqam budur. Ordumuzu məhz Ermənistandakı revanşizm, qisasçılıq meylləri, ərazi iddiaları ilə türk düşmənçiliyinin dövlət ideologiyası səviyyəsinə yüksəldilməsi səbəbindən gücləndiririk.

Ermənistanın ordusu olmalıdır, Paşinyan. Amma bu ordu fasiləsiz olaraq təhlükə, təhdid və risk mənbəyi olmamalıdır.

Olacaqsa, başı əziləcək.

Elçin Alıoğlu