12 yanvar 2024 18:30
355

Dövlətimizin başçısı Böyük Qayıdışın növbəti müjdəsini verdi - Kamran Bayramov

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Həyata keçirilən islahatlar respublikamızı güclü iqtisadi dayaqlara malik ölkəyə çevirib. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. Yanvarın 10-da yerli televiziya kanallarına növbəti dəfə müsahibə verən Prezident İlham Əliyev davamlı olaraq inkişaf edən, Azərbaycanımızdan inamla və qürurla danışdı. Qeyd etdi ki, suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul edilməsi, həmçinin, dünyanın yeni xarici siyasətinin Azərbaycanda müzakirə olunması və sair kimi biri-birindən önəmli addımlar ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini və rolunu daha da möhkəmləndirir. Azərbaycan ötən dövrdə özünü dünyaya sosial dövlət kimi təqdim edib. Dövlətimizin siyasətində insan amilinə verilən dəyər cənab İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü «Neft kapitalını insan kapitalına çevirək» tezisində  özünün aydın ifadəsini tapdı. Bu baxımdan ki, bu tezis özündə yalnız  elmə, texnologiyalara, təhsilə qoyulan vəsaiti deyil,  Azərbaycan vətəndaşına hər yerdə hörmət olunmasını, dövlət məmurlarının xalqın qayğıları ilə yaşayıb onların problemlərinin həllinə dəstək olmalarını ehtiva edir.  Prezident öz şəxsi nümunəsi ilə bütün məmurlara xalqla bir yerdə olmalarının vacibliyini örnək göstərir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsas tədbirlər görmək Prezident İlham Əliyevin fəaliyyətinin əsasıdır. Dövlətimizin  başçısı son 20 ildə xalq qarşısında verdiyi bütün vədləri səylə, ardıcıl və sistemli şəkildə yerinə yetirir. Ötən 20 il ərzində Azərbaycanda həssas sosial təbəqələrin, o cümlədən, qaçqın və məcburi köçkün, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının, sağlamlıq imkanları məhdud olan insanların, həmçinin, aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütövlükdə ailələrin  sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hökumət mütəmadi olaraq zəruri tədbirlər görür.  
Deputat diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması üçün bir sıra beynəlxalq aktorlar Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüsləri ilə çıxış edir. Amma, bəzi xarici dairələr də var ki, öz maraqları naminə bölgədə gərginliyin mövcud olmasında maraqlıdır. Dövlət başçımız yerli televiziyalara müsahibəsində müəyyən xarici dairələrin, xüsusilə Fransanın Cənubi Qafqazda gərginlik yaratmaq üçün atdığı addımlara da münasibət bildirdi. Qeyd etdi ki, Fransa, artıq, heç bir başqa amillərlə maskalanmayaraq, açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı - qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi və s.  Zənnimcə, ən azı 5 dəfə bu cür cəhdlər edildi və onların hamısı tam uğursuzluqla nəticələndi, çünki ölkələrin əksəriyyəti bizi dəstəklədi və bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sayını toplaya bilmədilər. Bu, əlbəttə onlar üçün çox güclü siyasi zərbə idi, çünki biz belə desək, onlara öz meydançalarında qalib gəldik.
Bu gün  insan hüquqlarını kobud şəkildə pozmaqdan çəkinməyən Fransa siyasətinin hansı mərama xidmət etdiyi gün kimi aydındır. Fransanın bu mövqeyi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl törədir, xalqların rifahına və təhlükəsizliyinə xidmət etmir. Dövlətimizin başçısı birmənalı şəkildə bildirdi ki, Azərbaycan sülh gündəminə sadiqdir, ancaq, milli maraqlarına hər hansı bir təhlükə hiss edərsə, adekvat tədbirlər görməkdən çəkinməyəcək. Dövlət başçımız aydın şəkildə xəbərdarlıq etdi ki, Ermənistanı yeni müharibəyə həvəsləndirən Fransanın geosiyasi ambisiyaları olduqca cılız görünür: “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz, bunu nəzərdə tuturdum”.
Dövlətimizin başçısının hər bir çıxışı, xalqa müraciəti, müsahibələri Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları ilə zəngindir. Dövlət başçısı müsahibəsində həm İrəvana, həm də Parisə belə bir mühüm ismarıc da ünvanladı ki, kənar güclərin Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarına qarışması gözlənilən nəticəni verməyəcək. Sülh müqaviləsinin imzalanması üçün əsas şərtlər indi yaradılmışdır. Prezident İlham Əliyev bir daha bildirdi ki, Azərbaycan sülh danışıqlarında heç bir zəmanətçilərə ehtiyac duymur: “Əgər kimsə kömək etmək istəyirsə, biz buna da etiraz etmirik. Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın”.
Deputat əlavə edib ki, hazırda Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir. Ölkə başçısının “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 2021-ci il 12 avqust tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması bərpa və yenidənqurma işlərinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsini təmin edib. Ümumilikdə, yenidənqurma prosesində Azərbaycanın hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması əsas prioritetlərdən biridir. Sürətlə həyata keçirilən bərpa-quruculuq işlərində əsas məqsədlərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək.
Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün ciddi addımlar atılır. Ən vacibi  odur ki, dövlətimizin başçısı Böyük Qayıdışın növbəti müjdəsini verdi. Belə ki, bu il beş şəhərə - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalıya qayıdış reallaşacaq.