13 yanvar 2024 02:58
346

Azərbaycanın gələcəyinə konseptual baxış: Qüdrətli dövlət, etibarlı tərəfdaş

Respublikaya rəhbərliyə başlayanda dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürən, vaxtında və düzgün qərarlar qəbul edərək tarixi bir missiyanı yerinə yetirməyi bacaran Prezident İlham Əliyev böyük şəxsiyyət və siyasi xadim olduğunu Azərbaycan naminə gördüyü işlərlə doğruldur. Cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq, siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri ilə xalqın inam, ümid yerinə çevrilən,  beynəlxalq aləmdə böyük nüfuz qazanan cənab İlham Əliyev Azərbaycanın gələcəyinə konseptual baxış xarakterli  müraciətlərində strateji prioritetləri müdrikcəsinə, ölkə daxili, geosiyasi və qlobal hadisələrlə müqayisə  edir, nəyi, nə vaxt və necə edəcəyini qətiyyəti ilə  dəqiq  müəyyənləşdirir. Həmkarlarının, tanınmış ictimai-siyasi xadimlərin, politoloqların Azərbaycan Prezidenti haqında söylədikləri  xoş sözlər göstərir ki, cənab İlham Əliyev xalqını zirvələrə  yüksəltməyi bacaran qüdrətli, nümunə göstəriləcək simadır.  Daim yenilik hissi ilə yaşayan cənab İlham Əliyev yeni yollarla addımlayaraq tarix yaradır və  silinməz izlər qoyur.

Ulu Öndər Heydər Əliyevi müdrik şəxsiyyət, dövlət  xadimi kimi dəyərləndirən, Prezident İlham Əliyevi dünya şöhrətli atanın layiqli övladı adlandıran  rusiyalı siyasətçi, Dövlət Dumasının deputatı, Dumanın Müstəqil Dövlətlər Birliyi məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikovun «İlham Əliyev yenidənqurmadan sonrakı hərc-mərclik şəraitində heç də atasından geri qalmadı. Azərbaycana rəhbərliyi dövründə o, qonşu ölkələrlə, o cümlədən, Rusiya və Türkiyə kimi böyük geosiyasi aktorlarla dostluq münasibətləri qurub, Azərbaycanın qarşılaşdığı çox mürəkkəb bir problemi - ərazi bütövlüyü problemini həll edib.Bunu yalnız görkəmli rəhbər edə bilər» sözləri dövlət başçımız haqqında deyilən  yeganə nümunə deyil.

Avropa ölkələri üçün etibarlı enerji təchizatçısı Azərbaycanın təşəbbüsü ilə reallaşan «Həmrəylik Halqası»nı nəfəslik adlandıran  Serbiya Prezidenti Aleksandar Vuçiçin: «Dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim üçün qaz və elektrik təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, siz Avropada çox məşhurlaşmısız. Mən onunla dəfələrlə danışmışam. O Avropada çox məşhurlaşıb. Bu arada bilmirəm o nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim», Bolqarıstan Prezidenti Rumen Radevin «Nəhayət ki, 10 ildən əvvəlki razılığa sadiq qalan Əliyevin simasında etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycandan real qaz axını var. Dünən mən çox mühüm təklif aldım. Onlar Azərbaycandan nəql olunan qazın həcminin artırılmasını təklif edirlər», Şimali Makedoniya Prezidenti Stevo Pendarovskinin  «Avropada ən çox arzuolunan şəxs barədə söz düşmüşkən, onun yeni nömrəsini bilmirik, ola bilsin ki, o, telefon nömrəsini dəyişib”» sözləri həmkarlarının Prezident İlham Əliyevə  səmimi münasibətlərinin ifadəsi, dövlət başçımızın dünyada  möhkəmlənən  nüfuzunun təsdiqidir.

Ölkəmizə səfəri zamanı «Hər iki ölkə arasında əməkdaşlığın daha da yaxşılaşması məni sevindirir və biz Sizinlə əlaqə saxlayacaq və nümayəndə heyətinizi onlara münasib olan vaxtda və zəruri olduqda iki ölkə arasında birbaşa reyslər vasitəsilə nəqliyyat əlaqələrini qurmaqla qəbul etməyə və eyni zamanda, Sizin təcrübənizdən faydalanmağa hazırıq» söyləyən İraq Prezidenti Əbdüllətif Camal Rəşidin sözləri qətiyyətli dövlət başçısı kimi tanınan cənab İlham Əliyevin siyasi iradəsinə verilən daha bir nümunədir.

Cənab İlham Əliyev hazırcavablığı, cəsarəti ilə həmişə müsahiblərini təəccübləndirən şəxsiyyət kimi tanınır.

Ermənipərəst dairələrin sifarişlərini yerinə yetirən xarici jurnalistlərin,  beynəlxalaq təşkilatların nümayəndələrinin   qərəzli suallarını məntiqlə, obyektivliyə əsaslanan düşüncəsi ilə cavablandıran  Prezident İlham Əliyev həmkarları arasında nümunə göstərilən təcrübəli dövlət başçısı olduğunu  dəfələrlə təsdiqləyib.

Strasburqda AŞPA-nın sessiyası çərçivəsində  parlamentarlarla görüşündə  ermənipərəst dairələrin diqtəsi ilə hazırlanan qərəzli suala aydınlıq  gətirən Prezident İlham Əliyevin cavabı kəskin, qətiyyətli  və  əsaslı oldu:  «Verdiyiniz qısa sualda iki dəfə yalan danışdınız. Siz iki dəfə yalan dediniz və mən bunu sübut edəcəyəm. İndi isə mənə qulaq asın. Azərbaycanda jurnalistlər ittiham olunmur və 2009-cu ildən bəri heç kəs böhtana görə həbs olunmayıb. Heç bir kəs. Bu, sizin birinci yalanınızdır. İkinci yalanınız isə seçkilərin saxta olması ilə bağlıdır. Avropa Şurasının Parlament Assambleyası seçkini müşahidə etmək üçün nümayəndə heyəti göndərmişdi və çox güman ki, siz bu nümayəndə heyətinin tərtib etdiyi hesabatla tanış deyilsiniz. Əgər siz hesabatla tanış deyilsinizsə, həmkarlarınızla əlaqə saxlayın.»

Cəsarətin növbəti ünvanı. Avropa İttifaqı- Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə  Azərbaycan  hökuməti ilə ATƏT arasındakı Anlaşma Memorandumuna xitam verməklə əlaqədar  məsələnin müzakirəsi zamanı  həqiqəti cəsarətlə  diqqətə çatdıran cənab İlham Əliyev ATƏT-in ölkəmizdəki ofisinin  nümayəndəsi, Fransa vətəndaşı, Fransanın Xarici İşlər Nazirliyində çalışan yeganə azərbaycanlı Şahtaxtinskiyə qarşı  göstərilən  ədalətsizliyə münasibətini bildirdi. «Sadəcə mənimlə fotosu olduğuna görə. Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə mənimlə şəkil çəkdirmək cinayətdirsə biz nədən danışa bilərik?! Mən nə dedim? Mən dedim ki, əgər Şahtaxtinski işdən azad olunsa ofis bağlanacaq. Mən onlara xəbərdarlıq etdim, onlar qulaq asmadılar və biz bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa etmək istəyirlər. Mən şərt qoydum. Şahtaxtinskini geri qaytarın, ədaləti, onun karyerasını bərpa edin və o zaman biz ofisi yenidən açarıq. Bütün bunların arxasında duran məsələ bundan ibarətdir.»

Eyni qətiyyətli mövqeyini Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən «Şərq tərəfdaşlığı» proqramının 5 illiyinə həsr olunan Sammitdə  bildirən Prezident İlham Əliyev Ermənistanın təcavüzkarlıq siyasətinin yolverilməz olduğunu söyləməklə, işğalçı dövləti bölgə üçün təhlükə mənbəyi adlandırdı,  başqaları tərəfindən idarə edilən siyasətinin, tarixinin yalan üzərində qurulduğunu  iştirakçıların diqqətinə  çatdırdı. Azərbaycanın əbədi dostu, qardaşı  Türkiyənin əleyhinə erməni təmsilçilərinin  söylədiklər yalanları tarixi faktlarla ifşa etdi.

Parisdə Fransa Şirkətlər Hərəkatının Biznes Şurasının üzvləri ilə görüşündə  işğalçı Ermənistanın dövlətinin o vaxtkı  başçısının  iqtisadiyyatı bərbad halda olan ölkəsini  investisiya yatırmaq imkanına malik, innovasiyalar respublikası  kimi təqdim etməsini ağ yalan adlandıran Prezident  İlham Əliyev  burada da  dünyada qətiyyətli lider kimi tanındığını təsdiqlədi: «Açığını deyim,  biz Azərbaycanda buna gülürdük, çünki çox məşhur bir deyim var- əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan.»

Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında  yenidən  Azərbaycana qarşı  böhtan yağdıran Ermənistanın sabiq prezidenti Xocalı soyqırımının iştirakçısı, uşaq qatili S. Sarkisyanın yalanlarını siyasi həyasızlığın  zirvə nöqtəsi adlandıran cənab İlham Əliyev məntiqli çıxışını bu sözlərlə bitirərək siyasi  iradəsini göstərdi: «Mən artıq yalanları  cavablandırdım.»

«Valday»  Beynəlxalq Diskussiya Klubunun XVI sesiyasında iştirak edən Prezident İlham Əliyevin bütün dünya icimaiyyətinin maraqla izlədiyi  çıxışı, «Qarabağ tarixi, əzəli Azərbaycan  torpağıdır. Beləliklə  Qarabağ Azərbaycandır və nida işarəsi» sözləri zərb-məsəl,  Ermənistanın səriştəsiz rəhbərliyinə ünvanlanmış  diplomatik zərbə kimi hələ də xatırlanır.

Azərbaycana rəhbərliyi dövründə, xüsusilə 44 gün davam edən  Vətən müharibəsi günlərində xarici KİV-lərə müsahibələrində qətiyyətli dövlət başçısı, xalqının mənafeyini hər şeydən üstün tutan vətəndaş olduğunu sərrast, məntiqli  cavabları ilə bildirən  Prezident İlham Əliyevin zəngin biliyə, siyasi hazırlığa malik olduğunu Böyük Britaniyadan olan  müstəqil jurnalistin «Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım» sözləri də təsdiqləyir. Ermənistanı dəstəkləyən Almaniyanın ARD televiziya kanalının əməkdaşını  « Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir» sözləri ilə susduran Prezident İlham Əliyev əlavə edir ki, Azərbaycan  kağız üzərndə qalan qətnamələri özü, ədalətli həll etdi.

Eyni qətiyyəti  ABŞ-ın «Fox News» televiziya kanalını təmsil edən jurnalistin məkrli sualını cavablandırarkən göstərən, «Əl-Ərəbiyə»” televiziya kanalına müsahibəsində ermənilər tərəfindən öyrədilmiş  jurnalisti  «Biz burada öz torpağımızdayıq. Bizim torpağımız işğal olunub. Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar» sözləri ilə mat qoyan Prezident İlham Əliyev ölkəmizə  qarşı siyasi, hərbi, ideoloji  təxribatların qarşısını cəsarətlə alır,   Azərbaycanın haqq işinə qərəzli yanaşanları məntiqli açıqlamaları, ədalətin hökmü, zamanın diktəsi ilə susdurur.

İranın Mehr agentliyinin təmsilçisinin  region üçün təhlükə olan terrorçuluğa qarşı «kollektiv mübarizə» ilə bağlı,  düzgün  ünvana  istiqamətləndirilməyən sualını da məntiqlə, regionda yaranan reallıqlara  uyğun  cavablandıran dövlət başçımızın jurnalistə verdiyi peşə dərsi hələ də xatırlanır.

Bu qətiyyət ölkə vətəndaşlarının dövlət başçımıza  sonsuz etimadından,  məsuliyyətindən, xalqına, elinə yurduna, milli-mənəvi dəyərlərə bağlılıqdan qaynaqlanır. İşğal altında qalan torpaqlarımızda  erməni vandallarının törətdikləri vəhşilikləri ürək ağrısı ilə seyr edən dövlət başçımızın abadlıq, quruculuq işlərinə, tarixi abidələrimizin  bərpasına xüsusi diqqətlə yanaşması elinə-obasına bağlılığından irəli gəlir.   Siyasi, tarixi, mənəvi dəyərlərə malik Zəngəzur dəhlizinin açılması ilə bağlı  dövlət başçısı kimi  diplomatik, hüquqi, siyasi imkanlardan istifadə edən cənab İlham Əliyev  varislik borcunu, xalqına bağlılığını da unutmur.   Yerli KİV-lərə  müsahibəsində  açıqladığı bir məqamı xatırladaq. «Əlbəttə ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik. Bu nöqteyi-nəzərdən, hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm» söyləyən  Prezident İlham Əliyev ata yolunun layiqli davamçısı olduğunu da diqqətə çatdırır.

Xuraman İsmayılqızı, «İki sahil»