11 yanvar 2024 00:58
327

Biz qardaşıq, nə ayrıyıq, nə yadıq...

Türkiyə milli müdafiə naziri Azərbaycanın Vətən müharibəsi iştirakçıları ilə görüşüb

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısı Türkiyədə səfərdədir. Qardaş ölkənin milli müdafiə naziri Yaşar Gülər azərbaycanlı qazilərlə görüşüb.

Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, nazirlikdə keçirilən görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı, admiral Ərcüment Tatlıoğlu, Quru Qoşunları komandanı, general Səlcuq Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı, general Ziya Camal Kadıoğlu da iştirak ediblər.

Bu xəbər hər iki qardaş ölkənin ictimaiyyəti tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb. Biz axı, yaranışımızdan bir olmuşuq, birlikdə olmuşuq. İndi 1920-ci ildə Sovet hakimiyyətinin qlrdığı müqəddəs bağlar yenidən bərpa olunur. Bu qardaşlıq bağları əsrlərlə davam etmişdir. Hələ qədim dövrlərdə bir kökdən artaraq şaxələnib inkişaf etmiş türk tayfaları öz ənənələrini saxlamış, dar məqamlarda bir-birlərinə köməyə gəlmiş, dədə-baba əlaqələrini möhkəm saxlamışlar. Baxış sayına görə dünyada rekord qazanmış “Sultan Alp Arslan”, “Diriliş Ərtoğrul” və “Quruluş Osman” kimi nəhəng kinoepopeyalarda Azərbaycan-Türkiyə qardaşlığı parlaq əks etdirilmişdir. Dünyanın on güclü dövlət başçısı və sərkərdəsindən biri olan Sultan Alp Arslanın Azərbaycana azadlıq yürüşü zamanı burada azərbaycanlılara zülm edən xaçlı Poma ordularını iki dəfə məhv etməsi, azərbaycanlıların yadelli işğalçılara qarşı mübarizə aparan Ərtoğrul Qazinin və Osman Qazinin qoşunlarında canlarını əsirgəmədən igidliklə vuruşmaları son dərəcə maraqlı səhnələrlə öz əksini tapmışdır. Həmin filmlərdə azərbaycanlı fədailər Gəncə bəyin və Şamilin Anadoludakı türk qardaşlarımızın azadlıq mücadiləsində misilsiz qəhrəmanlıq göstərdikləri təsvir olunur. İgid babalarımız Vətənin azadlığı uğrunda şəhid olmağı ən yüksək məqam hesab etmiş,”Torpaq uğrunda ölən varsa, Vətəndir” demişlər. Onlar qazi olmağı böyük şərəf hesab edir, bir çoxları oğullarına "Qazi" adı verirdilər.

Dediyimiz kimi, sıx qardaşlıq əlaqələrimiz Azərbaycan Sovet hakimiyyəti təfəfindən işğal edilənə qədər davam etmişdir. Azərbaycan I Dünya müharibəsindən məğlub durumda çıxmış Türkiyəyə ona vacib lazım olan  yardımlar göndərmişdi. Bir neçə vaxtdan sonra özünə gələn Türkiyə yardımların əvəzini ödəmək istəyəndə Nəriman Nərimanov Atatürkə demişdi ki, qardaş qardaşa borc verməz, onları bizim qardaşlıq köməyimiz kimi qəbul edin. Belə faktlar ölkələrimizin tarixində saysız-hesabsızdır.

Lakin lənətə gəlmiş bolşeviklər hakimiyyətə gələndən sonra aramıza tikanlı məftillər çəkib bizi doğma qardaşlarımızdan ayrı saldılar. Türkləri bizə düşmən elan etdilər, ədəbiyyat və tarix dərsliklərində iyrənc təbliğat apardılar, Türkiyədə təhsil almış bir çox böyük ziyalılarımızı, şair və yazıçılarımızı türk ləhcəsi ilə danışdıqlarına görə ya güllələdilər, ya da soyuq Sibirə uzun müddətə sürgün etdilər. Hüseyn Cavid, Mikayıl Müşfiq, Salman Mümtaz və bir çox mütəfəkkirlərimiz məhz türkçü olduqlarına görə məhv edildilər. Bu səbəbdən də bir çox tanınmış şəxsiyyətlərimiz imkan tapan kimi Türkiyəyə pənah aparmışdılar. Məhəmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu, Məhəmməd Kəngərli, Əli bəy Hüseynzadə və yüzlərlə başqaları ömürlərinin sonuna qədər orada yaşamışlar. Biz çox çətin sınaqlardan keçməli olduq.

Nəhayət, soyuq ruzigarları adladıq, 1991-ci ildə azadlığımıza qovuşduq, müstəqilliyimiz bərpa olundu və qardaşlarımızla yenidən birləşdik. Ulu babamız Bilgə Xaqanın sözləri yerini aldı: “Ey türk, özünə qayıt, sən özünə dönəndə böyük olursan!” Biz ulu babamızın öyüdü ilə birləşdik, böyük olduq, düşmənlərimiz sarsılmaz birliyimizin qarşısında geri çəkildilər.

İkinci Qarabağ müharibəsi günlərində qardaş Türkiyə Azərbaycanın yanında oldu, bizə çox böyük mənəvi dəstək göstərdi. Bunun nəticəsi idi ki, bədxahlarımız üstümüzə ayaq almağa cəsarət etmədilər. Prezident Rəcəb Tayyib Ərdoğan bütün dünyaya birmənalı surətdə bəyan etdi ki, Azərbaycana uzanan əli kəsib atarıq. Bəzi dövlətlərin buna necə acı reaksiya verdiklərinin də şahidi olduq. Ancaq Türkiyənin gücündən və nüfuzundan çəkinib boş sözlərdən o yana keçmədilər. İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistan üzərindəki möhtəşəm Qələbə Paradında da Prezident Ərdoğanın iştirakı və sevincimizi bölüşməsi marıqda yatmış məqam gözləyən düşmənlərimizə kəskin bir mesaj oldu. Daha bizi heç nə və heç kim ayıra bilməz!

Birliyimiz, qardaşlığımız əbədi olsun!

Vəli İlyasov, “İki sahil”