10 yanvar 2024 00:23
326

Bataqlıq təfəkkürlü və pas atmış ideyalı dağıdıcılar...

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri özlərinə bənzər yazıçı Əkrəm Naibovsayaq deyilsə radikal müxalifətin daş yuxusuna su səpib. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərə ermənilərdən betər kədərlənən AXCP sədri Əli Kərimlinin tayfası kimi, digər radikal ünsürlər də səlahiyyətləri çatmasa belə bataqlıq təfəkkürlü pas atmış ideyalarını xalqın adından ictimaiyyələşdirməyə çalışırlar. Amma nə qədər çalışsalar da özləri deyib, özləri eşidirlər.

Başqa ölkələrin zibilxanalarında küllənərək, yadların atdıqları bir tikə çörəyə belə Vətənini satanlar- Hüseyn Abdullayev, Vidadi İsgəndərli, Qənimət Zahid, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Sevinc Osmanqızı … kimi milli xəyanətkarlar fürsətdən istifadə edərək qrant naminə vicdanlarını, milli təəssüblərini xarici bazarlarda xırıd etmək üçün yağlı müştəri axtarırlar.

Satılan «vicdan bazarı»nın bazarkomu kimi heç kimə imkan verməyən AXCP sədri Əli Kərimli, «Milli Şura»nın kağız üstündə sədri Cəmil Həsənli, Müsavat Partiyasının başqanı Arif Hacılı triosunun söyüş komandası, nankorlar virus kimi milli- mənəvi keyfiyyətlərimizi murdar niyyətləri ilə çirkləndirərək Azərbaycanın dövlətçiliyinə, milli maraqarımza xələl gətirmək üçün hər cür alçaqlığa əl atırlar. Özləri kimi siyasi cəhətdən məlumatlı olmayanların zehnini zəhərləyərək jarqonlardan belə istifadədən çəkinməyən xəyanətkarlar başqalarının heyrətlə izlədiyi inkişafımıza, işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərinə belə qara yaxmaqdan xəcalət çək(in)mirlər.

«Meydan TV»də, «Kanal Turan»da, «Azərbaycan saatı»nda, «Osmanqızı TV»də lövbər salan, etik normalara sığmayan davranışları ilə mənəvi çirkinliklərini ortaya qoyan « söyüş şəbəkələrinin» tör-töküntülərinin « Azərbaycan xalqım» deməyə belə haqları çatmır. Çünki xalqının təəssübünü çəkənlər eli, obası ilə birlikdə olanlardır. Başqasının dili, diktəsi ilə danışaraq millətinin ünvanına böhtan yadıranlar, düşmənə dəstək verənlərin xalqa məxsusluğu, mənsubluğu ola bilməz. Belələrinin heç söykənə biləcəyi dayağı ola bilməz. Fərari kimi diyar-diyar gəzərək bir gün almanın «brot»undan, ertəsi gün ingilisin «bread»dından dadan bu əqidəsizlər torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhlarına belə hörmətsizlik edirlər.

Azərbaycanda sayılıb seçilən ziyalılardan olan, yüzlərlə tələbəsinə milli-mənəvi dəyərlərimizi təlqin edən, ermənilərin məkri nəticəsində dünyasını dəyişən Osman Mirzəyevin qızı, yaxınlarının belə imtina etdiyi Sevinc adlı birisinin atasının soyadını daşıması belə rəhmətliyin ruhuna xəyanətdir. İnsanlığa yaraşmayan, etik davranışları ilə onsuz da yoxsul olan mənəviyyatlarını göstərən bu simasızları heç bir azərbaycanlı soydaşımız kimi qəbul etmir. AXCP sədri Əli Kərimlinin «proqramlaşdırdığı» bu manqurtlar üçün Vətən məfhumu yadlaşıb. Ermənilərin, pənah gətirdikləri xaricilərin Azərbaycandakı inkişafı etiraf etdikləri halda baltamıza sap olmağa belə layiq olmayanlar haqqında atalar belə deyib: «Bəyə, xana yaradı, keçəl qıza yaramadı.» Xroniki xəstəlikləri olan siyasi kampaniyalar ərəfəsində daxili çirkinliklərini, Vətənə dönüklüklərini yenə gündəmə gətirən Əli Kərimlinin xarici ölkələrdə formalaşdırdığı satqınların, el arasında atılmışlar kimi tanınan milli xəyanətkarların artıq bazarı bağlanıb.

Vətən müharibəsində dəmir yumruq ətrafında birləşərək Ermənistana əbədi məğlubiyyət acısını yaşadan Azərbaycan xalqı keçmiş köçkünlərin torpaq həsrətinə son qoyan Prezident İlham Əliyevin ətrafında daha sıx birləşir.

Seçki qanunvericiliyinə əsasən mərhələlər üzrə aparılan hazırlığın ilk günlərindən zəifliklərini 7 fevrala təyin olunan növbədənkənar prezident seçkilərini boykot çağırışı ilə bildirən AXCP və Müsavat Partiyasının Vətənə xəyanətlərinə görə xalq tərəfindən çıxdaş edilmiş arıq-axsaq funksionerləri bu seçimləri ilə cəmiyyətdə yerləri olmadığını təsdiqlədilər. Çünki illərdən bəri yalvar-yaxar , pul gücünə topladıqları sosial bazalarını xalqdan ayrı düşdükləri üçün itirən bu dönüklər «Bir həsir, bir Məmmədnəsir» olduqlarını aydın hiss edirlər.

Ölkədə fəaliyyət göstərən xalqa yaxın, sağlam ruhlu siyasi partiyaların rəhbərləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədlərini irəli sürüblər. Bütün dünya təcrübəsi də subut edir ki, əqidəsindən asılı olmayaraq siyasi partiyaların cəmiyyətdə tutduqları mövqeyini təsdiq edən real metod siyasi kampaniyalarda iştirak etmək, ictimaiyyət arasında yerini qazandığı səslərlə, xalqın etimadını qazanmaqla bildirməkdir. Sosial bazası, elektoratı olan siyasi partiyaların rəhbərləri yaxşı dərk edirlər ki, Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilən təbliğat-təşviqat kampaniyaları özünə əmin olan təşkilatların tezizlərinin, ideyalarının, məqsəd və məramlarının açıqlanması, başqa sözlə, ətrafına əlavə sosial baza toplamaq baxımından ən geniş, demokratik platformadır. Növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın mahiyyətini özlərinə xas xəyanətkarlıqla dərk edərək, elə bu çürük zehniyyətlə də açıqlayanlar antidemokratik əməlləri ilə insanları çaşdırımağa çalışlar. Eyni zamanda xarici anti-Azərbaycan dairələrə xidmət göstərərək şəxsi maraqlarını, maliyyə imkanlarını təmin edirlər. Tarixi reallıqları, ölkəmizdə illərdən bəri təsdiq olunmuş azad, ədalətli, şəffaf seçki təcrübəsini inkar edərək xain düşüncələrinin əsiri olanlar bu seçkilərdə də istəklərinə nail ola bilməyəcəklərini aydın başa düşərək keçi suyu bulandırmaq metodundan yararlanmağa çalışırlar.

Bu seçkilərin ən önəmli cəhəti odur ki, 7 fevralda bütün Azərbaycan xalqı məntəqələrə gələrək layiqli namizədinə etimad göstərəcək. 30 il Ermənistanın işğalı altında qalan torpaqlara qayıdan soydaşlarımız illərdən sonra doğma yurdlarında səs verəcəklər. Yəni, son 30 illik fasilədən sonra ölkə vətəndaşları bir nəfər kimi Azərbaycanın müstəqilliyinin, suverenliyinin əbədiliyinə səs verəcək. AXCP və Müsavat Partiyasının klassik ənənələrinə sadiq qalaraq müxtəlif, həm də əsassız bəhanələrlə növbədənkənar prezident seçkilərində iştirak etməkdən imtinaları elə xalqdan ayrı düşmələrinin təkzibedilməz təsdiqidir. Qərəzli ritorikalarından əl çəkməyən radikalların növbədənkənar prezident seçkilərinə qeyri-obyektiv yanaşmaları ucuz demaqogiyadan başqa bir şey deyil. İllərdən bəri ölkəmizdə keçirilən siyasi kampaniyalarda manipulyasiya və siyasi alver yolu ilə qrantlara sahib olanlar başa düşməlidirlər ki, «boykot» seçimi onların mənəvi məğlubiyyətləridir.

7 fevralda məntəqələrə gələrək seçici hüquqlarından istifadə edənlər Qarabağın, Şərqi Zəngəzurun inkişafını, işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərini dəstəkləyəcəklər. Azərbaycanın daha önəmli, qlobal infrastruktur layihəsi olan Zəngəzur dəhlizinin açılması üçün qətiyyət göstərən Prezident İlham Əliyevin siyasi iradəsi ətrafında birləşdiklərini təsdiqləyəcəklər. Erməni separatizminin, faşizminin, vandalizminin kökünü birdəfəlik kəsən, məhv edən Silahlı Qüvvələrimizin nümunə göstərilən rəşadətinə səs verəcəklər. Antimilli ideyaları ilə beynəlxalq səviyyədə ölkəmizə qarşı aparılan kampaniyalarda, təxribatlarda iştirak edən milli satqınlara əbədilik nifrətlərini bildirəcəklər.

Xuraman İsmayılqızı, «İki sahil»