13 mart 2018 14:14
1976

Güclü ordu, güclü dövlət

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi keçilən yola baxış olmaqla yanaşı, həmçinin bugünkü uğurlarımızda möhkəm təməlin əhəmiyyətli rolunu bir daha diqqətə çatdırmaqdır.  Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycan  xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. Ölkə Prezidenti İlham Əliyevin məlum Sərəncamında da bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi.  1991-ci ildə dövlət müstəqqilliyini yenidən bərpa edən Azərbaycan  ilk illərdə bu sevinci yaşamaq imkanından məhrum  olsa da, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  müstəqillik, azadlıq sevincimizi, inamımızı əbədi etdi.

Bir əsas məqamı da qeyd etmək istərdik ki,  1918-ci ilin mayın 28-də qəbul olunmuş Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində  qeyd edilmişdir ki,  Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur.  Azərbaycan Xalq Cümhuriyyəti  yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət olmuşdur.  Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər  Şurasının  1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə “Vəhşi diviziya”  adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan Korpusu” yaradılmışdır. Tarixə qısa baxış bu fikri bir daha səsləndirməyə əsas verir ki, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

1993-cü ildə Ümummilli Liderin hakimiyyətə qayıdışı digər sahələr kimi, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun formalaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi  istiqamətində  mühüm addımların atılması ilə  tarixə yazıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü  Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir.  Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər qısa müddətdə müsbət nəticəsini göstərdi.  Yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vacib amillərdən olan diplomatik uğurları önə çəkən dövlətimizin başçısı İlham Əliyev eyni zamanda bildirir ki,   bununla yanaşı, təbiidir ki, biz hərbi gücümüzü də artırırıq. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır: “Ordumuz üçün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan qalan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir.”

Ermənistanın təxribat qrupları tərəfindən cəbhə bölgəsində yaranan gərginlik,  silahlı toqquşmalarda üstünlüyümüz  göstərdi ki,  Milli Ordumuzun əsgər və zabitləri respublikanın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, ölkəmizin  sərhədlərini sudan, qurudan, havadan qorumaq,  Ermənistan silahlılarının nəzarət etdiyi  torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü bərpa etmək iqtidarındadır. 2016-cı ilin aprel döyüşlərindən sonra bütün dünya ictimaiyyəti bir daha bu reallığın şahidi oldu ki,  Azərbaycan vətənpərvərlər məskənidir. Əbəs yerə yerə deyilmir ki, torpaq, əgər uğurunda ölən varsa, Vətəndir. Ölkə Prezidenti İlham Əliyevin dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyini bəyan etməsi də ordumuzun gücünə, qüdrətinə inamından, gənclərimizdə  vətənpərvərlik duyğularının yüksək səviyyədə olmasından irəli gəlir. Cənab İlham Əliyev ötən il BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında bildirmişdir: “Hərbi təxribat davam edərsə, ölkəmiz öz vətəndaşlarını qoruyacaq və təcavüzkarı yenidən cəzalandıracaq.”

Ölkəsinin daxili və xarici siyasətini, müdafiəsini   digər dövlətlərin  yardımı və  göstərişi ilə  tənzimləyən Ermənistan istəsə də  çirkin niyyətini heç zaman reallaşdıra, özünü dövlət kimi  təsdiqləyə  bilməyəcək.  Azərbaycanın günbəgün güclənən, qüdrətlənən iqtisadi potensialı hərbi qüdrətinin artırılması istiqamətində ciddi addımların atılmasını şərtləndirir.  Çünki iqtisadi müstəqillik, hərbi güc olmadan müstəqil siyasət aparmaq çox çətindir. Ulu öndər Heydər Əliyevin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordunun olması mütləqdir” tezisi dövlət siyasətinin əsasını təşkil edir.  Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti artır, nizam-intizam  möhkəmlənir. Ordumuz hərbi texnika ilə təchiz edilir və hərbi büdcəmiz ildən-ilə artaraq böyük rəqəmlərlə ifadə olunur. Bu gün bizim hərbi büdcəmiz Ermənistanın bütün dövlət büdcəsindən iki dəfə çoxdur. Qazanılan uğurlarda ölkəmizin beynəlxalq hərbi  qurumlarla əməkdaşlığı da əhəmiyyətli rol oynayır.

NATO kimi qüdrətli  hərbi Alyansla əməkdaşlığa böyük önəm verən, ordu quruculuğunu  qurumun  beynəlxalq standartlara  cavab verən tələblərinə uyğun inkişaf etdirən Azərbaycan   NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olmuş, 1994-cü ildə Alyansın    “Sülh naminə tərəfdaşlıq” proqramına qoşularaq hərbi təlimlərdə iştirak edir.  Ölkəmizi qurumda  təmsil edən hərbçilərimiz   hərbi hazırlığı ilə diqqəti çəkir. Beynəlxalq səviyyəli tədbirlərdə də qeyd olunur ki,   müasir  standartlara  uyğun təkmilləşən  Azərbaycan Ordusunun təlimlərdə  peşəkarlıq  göstərməsi,   əməkdaşlığın getdikcə daha da güclənməsi ölkəmizdə ordu quruculuğuna göstərilən diqqət  və qayğının ifadəsidir. NATO-nun  sammitlərində çıxış edən,  sülh və təhlükəsizliyin təmin edilməsində Alyansın ən fəal üzvü kimi   Azərbaycanın bütün səylərini ortaya qoyduğunu, hərbçilərimizin   sülhyaratma missiyasını davam etdirdiyini diqqətə çatdıran İlham Əliyev NATO ilə əməkdaşlığı yüksək dəyərləndirərək bildirmişdir ki,  Azərbaycan NATO üçün və NATO Azərbaycan üçün dəyərli tərəfdaşlardır.

“Münaqişənin  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsi danışıqlar prosesində və razılaşdırılmış məsələlərdə öz əksini tapıb” söyləyən Prezident İlham Əliyev  rəsmi İrəvanı qeyri-konstruktiv mövqeyindən əl çəkməyə çağırmaqla, daim Azərbaycan əsgərinin döyüş hazırlığının artdığını da bildirir. İldən-ilə artan iqtisadi  imkanlarından istifadə edərək ordu quruculuğu sahəsində  nailiyyətlər qazanan Azərbaycanın  uğurlarından ehtiyatlanan ermənipərəst qüvvələrin narahatlığının heç bir əsası olmadığını “Müdafiə məsələlərini həll etmək Azərbaycanın süveren hüququdur” sözləri ilə  bildirən Ali Baş Komandan  İlham Əliyevin  tez-tez cəbhə bölgəsində olması əsgərlərin  döyüş əhval-ruhiyyəsini artırmaqla xalq-ordu birliyini möhkəmləndirir.  Müdafiə Sənayesi Nazirliyinin, onun bölmələrinin yaradılması da  Azərbaycan iqtisadiyyatının güclənməsini göstərən amillərdir. Bütün sahələrdə olduğu kimi, regionda  liderlik şansını qoruyub saxlayan Azərbaycan  müdafiə, hərbi hazırlıq, nizami ordu quruculuğu baxımından da  fərqlənir. Dünyanın ən qüdrətli  dövlətlərinin  təmsil olunduğu sərgidə  hərbi sənaye sahəsində  ilk addımlarını atan Azərbaycanın  iştirakının özü  iqtisadi, müdafiə  qüdrətimizin göstəricisidir.

Dövlətimizin başçısı İlham Əliyevin bu sahədəki yeniliklərlə daim maraqlanması,  müasir texnologiyalar əsasında  ən yeni silah növlərinin Azərbaycanda  hazırlanması üçün maddi və maliyyə bazasının formalaşması istehsal olunan məhsulların çeşid və keyfiyyətini yüksəldir. Başlıca tələb  budur: silahlı qüvvələrin  ehtiyacını ödəyə biləcək həcmdə, beynəlxalq standartlara uyğun  istehsalı artırmaq. Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan sözün əsl mənasında bölgədə ən yüksək mövqeyə malik ölkədir: “Əlbəttə ki, bunu şərtləndirən müxtəlif amillər var. O cümlədən iqtisadi potensial və ordunun güclü olması. Güclü ordu, güclü dövlət deməkdir.”

“Gələcəkdə yerli istehsalın gücləndirilməsi ilə bağlı bizim böyük planlarımız vardır. Biz artıq çox güclü hərbi sənayeyə malikik. Azərbaycan məhsulları dünya sərgilərində nümayiş etdirilir və eyni zamanda, bizim ixrac imkanlarımız da artmaqdadır. Bu onu göstərir ki, istənilən vəzifə öz həllini tapa bilər. Təki iradə, düşünülmüş siyasət olsun. Biz həm xaricdən ən müasir hərbi texnika alırıq, eyni zamanda, daxili istehsalı da gücləndiririk və gücləndirməliyik” söyləyən Prezident İlham Əliyev vurğulayır ki,  dövlət ordu quruculuğuna çox böyük əhəmiyyət verir və bunu başlıca vəzifə, davamlı  proses olmaqla daim diqqətdə saxlayır. Dünya dövlətləri ilə siyasi, iqtisadi, hərbi əməkdaşlığı genişlənən, demoqrafik vəziyyəti artan, əlverişli  geosiyasi məkanda yerləşən  Azərbaycanın işğal altında olan  torpaqlarını hər an azad etmək imkanlarının mövcudluğu dünya birliyi tərəfindən də etiraf olunur. Lakin  daim sülh, birlik və həmrəylik tərəfdarı olan Prezident İlham Əliyevin xalqın mənafeyini əks etdirən istəyi budur ki,  münaqişə beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli, Azərbaycanın ərazi bütövlüyü qorunmaqla,  danışıqlar yolu ilə həll olunsun.

Yeganə Əliyeva, “İki sahil”