08 yanvar 2024 23:10
263

"Yedikləri" torpaqlar boğazlarında qaldı...

1918-ci ilə qədər Ermənistan adlı dövlət yox idi

İranşünas kimi təqdim edilən revanşist Vardan Voskanyan adlı-soyadlı erməni Ermənistanın 29,8 min kvadratkilometr ərazisinin hələ də Azərbaycan tərəfindən tanınmadığını bildirib.

 Bakının ünvanına kəskin ifadələr işlədən Voskanyan bir xəritə də paylaşıb və Azərbaycanın məhz belə bir Ermənistan görmək istədiyini deyib. Voskanyanın ifadə tərzindən asılı olmayaraq, məsələ burasındadır ki, sözügedən xəritə 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti və Ermənistan Respublikasının real ərazilərini əhatə edir. Ona görə də Vardanın paylaşdığı xəritə həqiqəti əks etdirir. Çünki o xəritədən əvvəl nə Ermənistan adlı dövlət mövcud idi, nə də onun xəritəsi. Görünür, Voskanyan özü də Ermənistanın yarandığı tarixi və ərazisinin hara qədər olduğunu yaxşı bilir. O, iranşünas olaraq anlayır ki, Göyçə, Zəngəzur, Vedibasar ərazilərini Sovet imperiyası 1920-ci il işğalından sonra Azərbaycandan zorla qopararaq Ermənistana birləşdirib. Bunları bilə-bilə həyasız Vardanın danışmağa hələ dili də var.

Xatırladaq ki, Azərbaycan ərazilərinin alınıb o zaman yenicə qondarılan Ermənistana verilməsi uzaq tarix deyil. İlk vaxtlarda bolşevik hökumətinin təzyiqi ilə cəmi 9 min kvadratkilometrdə elan edilən oyuncaq dövlət aydan-aya, ildən-ilə böyüyürdü. Hətta quraşdırılan dövlətin paytaxt şəhəri olmadığına görə bolşeviklərin kəskin təzyiqi ilə İrəvanın yüz il müddətinə Ermənistana müvəqqəti olaraq verilməsi üçün müqavilə imzalanması tarixi sənədlərlə təsdiq olunur. Ancaq ondan sonra da haylar Sovet hökumətinin köməyi və ssenariləri əsasında Azərbaycan torpaqlarını "yeməkdən" doymurdular. Himayədarının hərtərəfli köməyi ilə Ermənistan ərazisi genişləndirilərək 29, 8 min kvadratkilometrə çatdırıldı. Nəhayət,  1969-cu ilin payızında bu məsələyə son qoyuldu. Həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışan Ümummilli Liderimiz Heydər Əliyev Dilicanda Ermənistan KP Mərkəzi Komitəsinin birinci katibi Anton Koçinyanla görüşdü. Görüşün məqsədi Ermənistanın Azərbaycanın bəzi ərazilərini tələb etməsini cavablandırmaq idi. Buna hazırlaşan Heydər Əliyev özü ilə 1903-cü il xəritələrini də götürmüşdü. Koçinyanla görüş başlayanda Heydər Əliyev həmin xəritələri ona verdi və bildirdi ki, bir də sərhəd və ya ərazi məsələsinə baxılmayacaq. 1903-cü il xəritələrində Ermənistan adlı dövlətin olmadığını görən Anton Koçinyan pərt oldu və sakitcə çıxıb getdi. O, xəritələrin mənasını başa düşmüşdü. Bu, o demək idi ki, gözünüzü bizim qalan ərazilərimizdən birdəfəlik çəkin. İrəvanda Mərkəzi Komitəyə yığışıb görüşün nəticələrini həsrətlə gözləyən daşnaklar "nə oldu" deyə maraqla soruşanda Koçinyan belə cavab vermişdi: Heydər Əliyev nə qədər ki, sağdır, tanrı xatirinə ərazi tələbini yaddan çıxarın.

Daşnaklar əlacsız qalaraq sakitləşsələr də iddialarından əl çəkmədilər və Azərbaycan əraziləri ilə bağlı iddialarını gizli formada davam etdirdilər. 1988-ci ildə isə haylar içərilərinə yığdıqları zəhəri püskürtməyə başladılar. O zaman Ermənistan KP Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işləmiş Karen Dəmirçiyan İrəvanın Teatr meydanına toplaşmış azğın ermənilərin qarşısında çıxış edərək Koçinyanın məlum fikrini təkrar etsə də ona qulaq asan olmadı. Haylar silahlanıb Qərbi Azərbaycanın yerli əhalisini deportasiya etdilər, Qarabağda və onun ətrafındakı ərazilərimizdə kütləvi qırğınlar, terrorlar törətdilər. Daşnakların inadlı iddiaları axırda onları gətirib Qarabağ müharibələrinə çıxardı. Birincidə udsalar da, ikincidə elə uduzdular ki, bundan sonra əsrlər keçsə də özlərini düzəldə bilməzlər. Beləcə, iki yüz il "yedikləri" torpaq axırda onların boğazlarında qaldı...Vaxtilə qamarlayıb tutduqları ərazilər indi geri qaytarıldıqca bunlara çöçin gəlir. Hələ bizə minnətdar olsunlar ki, Azərbaycan humanistlik göstərib bütün ərazilərini tələb etmir.

Vəli İlyasov, "İki sahil"