09 yanvar 2024 02:57
357

Separatçıların xortlatmaq cəhdləri

Şahramanyanın timsalında separatçıları susdurmaq Paşinyanın başlıca “ev tapşırığı” olmalıdır, əks təqdirdə Ermənistanın kommunikasiyaları açaraq, özünə yeni gələcək qurmaq arzuları puç olacaq

Məlum olduğu kimi, Qarabağdan Ermənistana qaçan Samvel Şahramanyan dekabrın 22-də Xankəndidə separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina etdi və bildirdi ki, “Dağlıq Qarabağın (qondarma) dövlət qurumlarının buraxılmasını nəzərdə tutan heç bir hüquqi sənəd yoxdur”. O, hətta qondarma “qurumlara” vaxtarışı olaraq “hökumətə” məlumat verməyi də tapşırdı.

Qeyd edək ki, Xankəndidə verilən qərarla separatçı rejimin özünü buraxması 1 yanvar 2024-cü ilə qədər başa çatmalı idi. Bu barədə “fərmanı” artıq gorbagor olmuş “dqr”in son prezidenti” Samvel Şahramanyan Azərbaycanın bir günlük antiterror əməliyyatlarından sonra vermişdi. İndi separatçı rejimin tör-töküntülərinin, özünü hələ də qondarma rejimin rəhbəri hesab edən Samvel Şahramanyanın İrəvanda absurd iddialarla çıxış etməyə başlaması onların yeni oyunlarından xəbər verir. Belə ki, Şahramanyana görə, o da ermənilə birlikdə könüllü şəkildə Qarabağı tərk edib. Oktyabrın 19-da Şahramanyan İrəvanda başqa bir “fərman” imzalayıb və “fərmana” görə, “prezident, dövlət naziri və digər rəsmilər” maaş almadan fəaliyyətlərini Ermənistanda davam etdirəcəklər. Şahramanyanın köməkçisi Vladimir Qriqoryan deyib ki, Şahramanyan oktyabrın 19-da imzaladığı fərmanla sentyabrın 28-də “dqr”in buraxılması barədə imzaladığı fərmanı ləğv edib.

Finlandiyanın STT xəbərlər agentliyinin müxbiri Suomen Tietotoimisto yazır ki, Şahramanyan sentyabr ayında, Azərbaycanın hərbi əməliyyatlarından sonra “dqr”in buraxılması barədə fərman imzalasa da, separatçı lider belə görünür ki, öz sözlərini “yeyib”: “Dekabrın 22-də Şahramanyan elan edib ki, bundan əvvəl özünün imzaladığı fərman etibarlı deyil”.

“Deutsche Welle” telekanalının şərhçisi Yuri Reçeto isə hesab edir ki, Şahramanyanın öz “fərmanını” ləğv etməsinin heç bir nəticəsi olmayacaq. O, Şahramanyanın “fərmanı” ləğv etmək qərarına Qarabağdan köçən ermənilərdən ona olan təzyiqləri səbəb kimi göstərir: “Ona olan təzyiqlər çoxdur və Qarabağı Azərbaycana verməsi barədə ittiham onun üçün ağırdır. Çox güman ki, bu şərhinin səbəbi budur. Amma bu, Dağlıq Qarabağın fiziki olaraq artıq mövcud olmadığı faktını dəyişmir”.

Bunların fonunda BBC xatırladır ki, Azərbaycanla sülh barədə danışıqlar aparmaqda olan Ermənistan öz ərazisində “sürgündə olan hökumətin” fəaliyyətinə icazə verməyəcəyini bildirib. Baş nazirin sözçüsü Taron Çaxokyan deyib: “Ermənistan hökuməti Qarabağ dövlət institutlarının ölkədə mövcudluğunu mümkün hesab etmir. Bu, Ermənistanın təhlükəsizliyinə təhdid yaradır”. Çaxokyan qeyd edib ki, Ermənistanda ikinci hökumət və ya ikinci dövlət ola bilməz, Qarabağ qurumları qaçqınların problemini həll etməyə qadir deyil. Ermənistan parlamentinin deputatı Lili Minasyan separatçıları provokasiyada ittiham edib və deyib ki, hüquq-mühafizə orqanları onlara qarşı sərt qanuni tədbirlər görməlidir. Hakim “Vətəndaş Müqaviləsi” partiyasının katibi Artur Hovhanisyan isə bəyan edib ki, Ermənistanda yalnız bir qanuni seçilmiş hazırkı hökumət mövcuddur: “Ermənistanı Azərbaycanla yeni hərbi provokasiyaya çəkmək planları məhv ediləcək və onun müəllifləri ağır cəzalandırılacaq”.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə haqları üçün mübarizə aparmaqdansa, öz ölkəsinin gələcəyinə üstünlük verəcək. “Dağlıq Qarabağ Respublikası” dünyada heç zaman tanınmayıb, hətta Ermənistanın özü belə, verdiyi hərbi və maliyyə dəstəklərinə baxmayaraq, qurumu tanımayıb. Ermənistan 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə keçən il Azərbaycanın ərazi bütövlüyünü tanıdığını da bəyan edib. Azərbaycan deyir ki, Qarabağı tərk etmiş ermənilər ölkə vətəndaşlığını qəbul etmək şərti ilə geri qayıda bilərlər. Bununla yanaşı, Azərbaycan, həmçinin bildirir ki, Ermənistan da öz növbəsində, 1980-ci illərin sonundan Ermənistandan qaçqın düşmüş azərbaycanlıların öz evlərinə qayıdışını təmin etməlidir. Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamasının şərtlərini açıqlayıb. Keçən ay Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, keçmiş “Dağlıq Qarabağ respublikası”nı unutmalı və sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdır.

Ermənistan parlamentinin rəhbəri Alen Simonyan jurnalistlərə müsahibəsində bildirmişdi ki, nə vaxtsa Ermənistana azərbaycanlılar, Azərbaycana isə ermənilər köçüb yaşaya bilərlər. Hələlik isə separatçı hakimiyyətin Ermənistanda fəaliyyətini davam etdirib-etdirməyəcəyi məlum deyil, amma onun “dqr”i yenidən diriltmə cəhdlərində israrı hələ ki, davam edir. İndi İrəvan özü bunun qarşısını almalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxın olduqları barədə müsbət bəyanatlar verməkdədirlər. Bu il belə bir müqavilənin imzalanması imkanları hər zamankından daha yaxın ola bilər. Bu baxımdan, Şahramanyanın timsalında separatçıları susdurmaq Paşinyanın “ev tapşırığı” olmalıdır, əks təqdirdə Ermənistanın kommunikasiyaları açaraq, özünə yeni gələcək qurmaq planları kağız üzərində qalacaq.

Sevinc Azadi, “İki sahil”