08 yanvar 2024 00:47
313

Bəlkə eynəyinizin şüşəsini yaxşı-yaxşı siləsiniz?..

ABŞ və Fransanın beynəlxalq prinsiplər və demokratik dəyərlərlə heç cür uzlaşmayan, bəzən hədləri aşan ikili standartlarının, ədalətsiz yanaşmalarının kökündə dünya hegemonluğu iddiaları, Cənubi Qafqaz iştahası dayanır. Bu ölkələrin Azərbaycana münasibətdə sərgilədikləri mövqe də məhz bu “siyasətdən” qaynaqlanır. Xüsusilə də son vaxtlarda ABŞ-ın ayrı-ayrı qurumlarından, o cümlədən Konqresdən, Dövlət Departamentindən gələn açıqlamalar bunun əyani təzahürüdür. 

ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı yaydığı illik hesabatı bu baxımdan diqqəti xüsusilə cəlb edir. Dövlət Departamenti hər il dünyada insan haqları, dini azadlıqlar və s. kimi məsələlərə dair hesabatlar dərc edir. Bu hesabatların hazırlanması zamanı istifadə olunan mənbələrin mötəbərliliyi və yekun sənədlərin obyektivliyi çoxdandır ki, ciddi müzakirə mövzusudur. Hesabatlarda adətən eyni ölkələr hədəfə alınır, digərləri isə müəyyən səbəblərdən “qınaqdan” kənarda qalır. Məsələn, dini azadlıqlarla bağlı hesabatlarda Azərbaycana dair səslənən həqiqətdən uzaq iddialar fonunda Ermənistanla bağlı  reallıqlar öz əksini tapmır. Bununla da ABŞ Dövlət Departamenti növbəti dəfə öz qərəzini, ədalətsizliyini bütün dünyaya nümayiş etdirdi.

ABŞ Dövlət katibi Antoni Blinken təkəbbürlə Azərbaycanı din azadlığı ilə bağlı hansısa qondarma siyahıya daxil etmişdir. Hesabatın Azərbaycana aid hissəsi əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarətdir. Dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı belə iddiaların heç bir əsası yoxdur.

Maraqlısı budur ki, hesabatda Azərbayacana qarşı belə kəskin mövqe 2023-cü ildə Qarabağda antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətə əsaslanır. Bu zaman həmin ərazilərin 30 il işğal altında saxlanması və yüz minlərlə azərbaycanlının öz doğma torpağından qovulması, 60-dan artıq məscidin, dini-mədəni obyektlərin darmadağın edilməsi nəzərə alınmır. Ermənistanın Azərbaycan xalqının mədəni irsini, məscidlərini, qəbristanlıqlarını dağıtmasına, təhqir etməsinə göz yumanların riyakarlığı, dini və etnik təəssübkeşlik əsasında, səlibçi mentaliteti ilə hərəkət etmələri ikrah hissi doğurur. 

ABŞ-ın öz reallıqlarını unudaraq ölkəmizin müsbət mənzərəsinə qara yaxmaq cəhdi məsələnin yalnız bir tərəfidir. Diqqət çəkən ən əsas məqam  hesabatın erməni əsilli müəlliflər tərəfindən tərtib olunmasıdır. Bəli, nə qədər qəribə görünsə və təzadlı səslənsə də, qeyd edək ki, Dövlət Departamentinin yaydığı sənədin Azərbayacana aid olan hissəsi dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan olan ictimai xidməti tərəfindən hazırlanıb. Beləliklə, hesabatda rənglərin tündləşdirilməsinin gerçək səbəbləri bəlli olur. Daniela Aşbaxyanı daha yaxından tanıyaq. Bu qadın Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. O, Livanın Los Ancelesdəki konsulluğunda işləyib. “Foreign influence laws”ın qənaətinə görə, başqa ölkəyə çalışan bir şəxsin ABŞ Dövlət Departamentində işləyərək bu dövlətin xarici siyasətinin müəyyənləşməsində iştirak etməsi qeyri-qanunidir.

Erməni təəssübkeşliyi uğrunda “yarışda” ABŞ-dan heç də geri qalmayan Fransa da reallıqdan uzaq düşüb, qərəzə yaxın lövbərini salanlardandır. Ölkəmizin müstəqil, məqsədyönlü, düşünülmüş siyasət yürütməsi və bütün dünyada artan nüfuzu Fransa başda olmaqla bir sıra Qərb ölkələrini təşvişə salıb. Tarixi müstəmləkəçilik siyasəti ilə ləkələnmiş Fransa bu gün də işğalçı Ermənistana qol-qanad verməkdə davam edir. Cənubi Qafqazda sülhə, sabitliyə nail olmaq üçün geniş şərait yaranması rəsmi Parisi çox narahat edir. Hətta dünya ölkələri arasında Azərbaycanın humanist siyasət yürüdən, etibarlı tərəfdaş kimi tanınması 3 ildir ölkəmizin əleyhinə ardı-arası kəsilməyən qərəzli qətnamələr qəbul edən rəsmi Parisi respublikamızda casus şəbəkəsi yaratmağa belə vadar edib. Fransa gah ölkəmizə qarşı yalan və böhtanlardan ibarət informasiya kampaniyası başladır, gah təcavüzkar Ermənistanı silahlandırır, gah da Avropa Parlamenti kimi riyakar Qərb təşkilatlarından ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edir, onlara qərəzli qətnamələr qəbul etdirir.

Fransanın Paris şəhərində fəaliyyət göstərən Azərbaycan Evi ölkənin Evian-lö Bən şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” ilə bağlı qərarı və parkda yerləşən Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ətrafında yaranmış təhlükə ilə bağlı müraciətlə çıxış edib.Qeyd edilib ki, Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın adından Evian-lö Bən şəhər meri Jozian Leyə ünvanlanan müraciətdə yaranmış mövcud durumdan dərin narahatlıq ifadə edilib. Fransanın öz ərazisində mövcud olan bütün mədəniyyətlərə dəyər verən dövlət kimi tanındığı yada salınıb: “Lakin Azərbaycana qarşı son hərəkətlər, xüsusən də “Azərbaycan bağı”nın adının dəyişdirilməsi ilə bağlı irəli sürülən təkliflər ədalət və mədəni müxtəlifliyə hörmət prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir”.

Sonda yenidən qayıdaq ABŞ Dövlət Departamentinin məlum üzdəniraq hesabatına. Yaxşı olar ki, ABŞ hər hansı bir hesab(at) hazırlayarkən qara siyahıya kimi əlavə etməli olduğunu yüz ölçüb, bir biçsin, keçmişə, tarixə, faktlara nəzər salsın. Mümkünsə subyektiv yanaşma ilə ikili standartlar əsasında  deyil də, obyektiv səbəblərə istinad edən qərəzdən uzaq, ədalətli hesabat hazırlasın.

Göründüyü kimi, daxili və xarici siyasətini milli maraqlar əsasında quran Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsinin və 2023-cü ildə 23 saatlıq antiterror tədbirlərinin nəticəsi olaraq özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib. Ölkəmizin bu uğurları ABŞ və Fransanı, eləcə də həmin ölkələrdə oradakı erməni lobbisinin təsiri altında olan dairələri bərk narahat edir. Onlar qələbələrimizi sinirə bilmirlər. Bəlkə eynəyinizin şüşəsini yaxşı-yaxşı siləsiniz?..

Yaqut Ağaşahqızı, “İki sahil”