08 yanvar 2024 02:58
369

Zəngəzur dəhlizi: Tərəqqi və sabitlik yolu

Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin nəqliyyat-logistika sahəsində zəngin ənənələrə malik olduğunun bariz nümunəsidir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən dərhal sonra tarixi İpək Yolunun dirçəldilməsi istiqamətində lokomotiv rolunu oynayaraq təkcə tranzit ölkə kimi yox, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, Şimal-Cənub, Orta Dəhliz nəqliyyat dəhlizlərinin əsas təşəbbüskarı kimi çıxış etdi. İndi belə dəhlizlərin sırasına daha birinin əlavə olunması planlaşdırılır. Söhbət bölgə, eyni zamanda, türkdilli ölkələr üçün strateji əhəmiyyət daşıyacaq Zəngəzur dəhlizindən gedir.

Məlumdur ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə ilə regionda yeni bir reallıq yaratdı. Bu münaqişənin başa çatdığını təsdiq edən 2020-ci ili noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda icrası nəzərdə tutulmuş maddələrdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur nəqliyyat dəhlizi beynəlxalq status qazanmaqla Asiya və Sakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşruta çevriləcək. Məhz Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit xətləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq.

Bununla belə təəssüf doğuran məqam ondan ibarətdir ki, ayrı-ayrı dövlətlər siyasi ambisiyalarının girovluğunda qalaraq Zəngəzur dəhlizinin açılmasına fərqli yanaşmalar ortaya qoyurlar. Bu layihənin təşəbbüskarı olan qalib Azərbaycan Zəngəzur dəhlizinin açılmasında israrlıdır. Məğlub Ermənistan isə müharibənin başa çatmasından üç ildən çox vaxt ötməsinə baxmayaraq, kommunikasiyaların açılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində hər hansı bir addım atmayıb. Halbuki, məhz bu dəhlizin işə düşəcəyi təqdirdə Ermənistanın xarici aləmə çıxışı ilə bağlı tamam yeni vəziyyət yaranacaq. Bu dəhliz üzərindən keçən avtomobil və dəmir yolu xətləri bütün iştirakçı ölkələr, o cümlədən Ermənistan üçün yeni böyük imkanlar yaradacaq. Bu inkişaf, ağır sosial-iqtisadi vəziyyətdən xilas üçün Ermənistanın bəlkə də yeganə şansıdır. Elə bu səbəbdən Zəngəzur dəhlizinin işə düşməsinə əngəl yaratmaq əvəzinə Ermənistan onun mümkün qədər tez istifadəyə verilməsində əsas maraqlı tərəflərdən biri olmalıdır. Ermənistan onsuz da Zəngəzur dəhlizinin açılmasını əngəlləmək iqtidarında deyil və Azərbaycan Prezidenti İlham Əliyev bu dəhlizin mütləq işə düşəcəyini bildirib. İndi Ermənistanda da etiraflar səslənir ki, Azərbaycan liderinin dedikləri reallıqda da öz əksini tapır. Bundan əlavə, Zəngəzur dəhlizinin açılmasında bu gün Rusiya, Qərb dünyası, hətta Çin xüsusi maraqlı tərəf kimi çıxış edirlər. “Nezavisimaya qazeta” yazır ki, indiki geosiyasi şəraitdə Rusiya dost ölkələrin ərazilərindən istifadə etməklə Zəngəzur dəhlizi ilə Türkiyəyə quru yolla çıxış imkanı qazanacaq.

Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycanla Türkiyə arasında da məsafə azalır. Ankaradan başlayan dəmir yolu xətti Qarsa, oradan isə Naxçıvana keçir. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (BTNM) və Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı Avrasiyanın təchizat xətlərinin və tranzit mövqeyinin gücləndirilməsi deməkdir. Bundan əlavə, heç bir regional aktoru kənarda qoymayan Zəngəzur dəhlizi kommersiya və siyasi əlaqələri sağlam düşüncə çərçivəsində inkişaf etdirməyə yardım edəcək. Zəngəzur dəhlizi sayəsində Türkiyə ilə Orta Asiya yeni bir əlaqəyə malik olacaq. Türkiyə ilə Azərbaycan birbaşa quru yolu ilə birləşəcək. Beləliklə, Türkiyə ilə türk dünyası arasında fasiləsiz əlaqə yaranacaq. Eyni zamanda, Zəngəzur dəhlizi ilə tarixi İpək Yolu canlandırılacaq. Bu da regional sülh və əməkdaşlıq mühitini gücləndirəcək. Qeyd olunanlardan əlavə, görünən odur ki, Zəngəzur dəhlizinin açılması Türkiyənin regional və qlobal cəhətdən gücünü daha da artıracaq, dünyada söz sahibi kimi nüfuzunu yüksəldəcək. Bütün bunlar qardaş ölkənin Azərbaycanla və Türk dünyası ilə münasibətlərinin dərinləşməsini sürətləndirəcək. Türkiyə bununla bağlı mövqeyini - Zəngəzur dəhlizinin açılmasının vacibliyini bütün platformalarda bəyan edir. Bu günlərdə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib. O, bu barədə “Tvnet”ə müsahibəsində danışıb. Nazir söyləyib ki, qarşıdakı 5 ildə dəhlizlə bağlı işlər davam edəcək: “Son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz türk dünyasına daha rahat çata biləcəyik”. A.Uraloğlu diqqətə çatdırıb ki, İran da Zəngəzur dəhlizinə qoşulmaq istəyir: “Bunun üçün İranla Türkiyə arasında müzakirələr gedir. Bizim üçün Zəngəzur dəhlizi çox vacibdir. İranın bu layihəyə qoşulmasına da kömək edə bilərik. Zəngəzur dəhlizinin Türkiyə tərəfindən 224 kilometrlik hissəsi ilə bağlı addımlar atmışıq. İnşallah, 2028-ci ildə bütün işləri tamamlayacağıq”.

Sevinc Azadi, “İki sahil”