06 yanvar 2024 19:05
456

Fransanın Ermənistandakı səfirinin növbəti sayıqlamaları... ŞƏRH

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, bölgədə söz sahibi olması  Fransa rəsmilərinin yuxularını sanki ərşə çəkib. Odur ki, onlar hər cür üsullardan istifadə edərək ölkəmizə qarşı əsassız iddialar səsləndirməkdə davam edirlər. Bu prosesdə Fransanın Ermənistandakı səfiri Olivye Dekotini lap öndə gedir. Hətta o,  Azərbaycan əleyhinə fəaliyyətini özünün gündəlik işinə çevirib desək yanılmarıq. Belə ki, həmin səfir azərbaycanofob, islamofob tvitlər yazmaqda və açıqlamalar verməkdədir. Halbuki, Ermənistanda fəaliyyət göstərən Olivye Dekotininin başqa ölkənin, o cümlədən Azərbaycanın suverenliyinə aid məsələlərə baş qoşması, böhtanlar yağdırması yolverilməzdir. 

Şübhəsiz, Olivye Dekotini bu addımları ilə Azərbaycana qarşı qərəzli mövqe tutan Fransa prezidenti Emmanuel Makrona sadiqliyini nümayiş etdirir. Elə onun yazdığı fikirlər də ölkəsinin rəsmi, daha doğrusu, Makronun mövqeyindən irəli gəlir. Amma bu, bir həqiqətdir ki, indiyədək Fransanın bütün cəhdləri, həmçinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qəbul etdirmək istədiyi qətnamələr  iflasa uğrayıb. Hətta Avropa Parlamentində danışan Ermənistanın baş naziri Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı üç iclasın keçirildiyini xatırladaraq, həmin müzakirələrin heç bir praktiki nəticə vermədiyini də etiraf etmişdi. Görünür, fransız səfir ölkəsinin, eləcə də Ermənistanın bu uğursuzluqlarının acığını və qəzəbini düşük tvitlər yazmaqla çıxmağa çalışır. Amma onun da bu niyyəti ürəyində qalacaq. Başqa sözlə desək, Fransanın hansısa alayarımçıq diplomatının gülüş doğuran tvitləri və digər açıqlamaları Azərbaycanı yolundan çəkindirə bilməyəcək.

Digər tərəfdən, səfir özünü Ermənistan cəmiyyətinə “qəhrəman” kimi sırımağa çalışır. Qeyd edək ki, bir neçə ay öncə bu səfir Ermənistanın Vayoçdzor vilayətinə səfərindən sonra özünün “X” platformasındakı hesabında belə bir paylaşım etmişdi: “Cermukda olarkən Avropa İttifaqının Ermənistandakı missiyası ilə birlikdə Ermənistanın suveren ərazilərinin Azərbaycan tərəfindən davam edən işğalının şahidi oldum”. Ermənistan saytları da səfirin bu sözlərinə əsasən “yeni materiallar dərc etmişdilər. Səfir ötən ilin noyabr ayında Ermənistan ərazisinin Azərbaycanla (Naxçıvan) sərhədindəki strateji nöqtəsi olan Tejkar dağının yamacında olarkən isə belə yazmışdı: “Fransa Ermənistanın ərazi bütövlüyünə və 1991-ci il sərhədlərinə hörmətlə yanaşmada xüsusilə həssasdır, bu barədə Praqa bəyanatında bir daha xatırladılır”.

Halbuki, Azərbaycan indiyədək heç bir ölkənin ərazisini işğal etməyib və belə bir fikrə də düşməyib. Fakt budur ki, hələ də Azərbaycanın 8 yaşayış məntəqəsi Ermənistanın işğalı altındadır. Amma Olivye Dekotini bunu görməzliyə vurur. O, həmçinin Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsinə, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin, məscidlərin dağıdılmasına, təhqir olunmasına göz yumur. Əlbəttə, bütün bunları Fransa səfiri bilməmiş deyil. Bu məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyanatında deyildiyi kimi, etnik və dini təəssübkeşlik, Azərbaycanofobiya, islamofobiya, şarlatanlıq ona bu həqiqətləri dilə gətirməyə imkan vermir.

Cənubi Qafqazda işğal və separatizmə son qoyulmasının maraqları ilə uzlaşmadığını artıq gizlətməyən Fransanın rəsmiləri bu kimi iyrənclikləri ilə yenə də  sabitliyi pozmağa cəhdlər göstərirlər. Elə Fransa prezidentinin, həmçinin bu ölkənin  rəsmilərinin belə yanaşmaları üzündən Azərbaycan – Fransa münasibətləri hazırda ən kritik dövrünü yaşayır. Şübhəsiz, Fransa kimi bir dövlətin belə acınacaqlı duruma düşməsi, yalanlar, böhtanlar ölkəsinə çevrilməsi heç də ürəkaçan deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”