05 yanvar 2024 17:02
591

Siyasi iradə, qətiyyət və müstəqil xarici siyasətin uğuru

Dekabrın 31-də cənab Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciət etdi. Ölkə Prezidenti cənab İlham Əliyev bayram müraciətində 2023-cü ili xalqımızın tarixində qürur və sevinc ili adlandırdı: “2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Bu tarixi hadisə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm.”

2023-cü ildə əldə olunmuş bütün uğur və qələbələrimizin təməlində məhz 2020-ci ildə Azərbaycanın imza atdığı tarixi Zəfər durur. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatandan sonra cənab Prezident, Ali Baş Komandan İlham Əliyev müqəddəs üçrəngli bayrağımızı Şuşada və azad edilmiş digər ərazilərdə qaldıranda biz hamımız yaxşı bilirdik ki, Azərbaycan öz dövlət suverenliyini tam bərpa edəcək.
Ötən 3 il ərzində Ermənistan rəhbərliyi öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, ölkəmizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və ölkəmizə, xalqımıza qarşı mina terroru davam etdirildi. Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdi ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu ölkəmizin ərazisindən çıxarılmalıdır, ya da ki, Azərbaycan güc tətbiq edərək dövlət suverenliyini özü bərpa edəcək. Bütün bunlardan sonra, 19 sentyabr 2023-cü il tarixində cəmi bir gün davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Separatçı rejim diz çökdü, ağ bayraq qaldırdı, torpaqlarımızdan əbədi olaraq çıxarıldı və tarixin zibilxanasına atıldı. Bununla Azərbaycanda separatizmin kökü kəsildi.

Ölkəmiz işğaldan azad edilmiş bütün ərazilərdə möhtəşəm infrastruktur layihələr reallaşdırmaqda davam edir. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Azərbaycan dövləti ölkənin şəhərlərini, kəndlərini yenidən qurur və artıq bu il 5 minə yaxın keçmiş köçkün vətəndaşlarımız öz doğma torpaqlarına qayıtmışlar. Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır - 28 May tarixində Laçında böyük bayram günü idi.

Həmçinin cənab Prezident İlham Əliyev 2024-cü ildə daha bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlərin, qaçqınların qayıdacaqlarını müjdələdi.
Cənab Prezident İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransı olan COP29-un Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər. Dünya ölkələri COP29 beynəlxalq konfransının Bakıda keçirilməsinə dair qərar qəbul etməklə Azərbaycana növbəti dəfə böyük etimad və hörmət göstərmişlər və bu hörməti ölkəmiz cənab Prezident İlham Əliyevin son 20 ildə gördüyü möhtəşəm işlər, hər zaman nümayiş etdirdiyi siyasi iradə və qətiyyət, eləcə də davamlı olaraq həyata keçirdiyi müstəqil xarici siyasət sayəsində qazanmışdır.

Cavid Mehdizadə
YAP Xətai rayon təşkilatının fəalı