05 yanvar 2024 11:37
381

Azərbaycan beynəlxalq müstəvidə  mühüm nailiyyətlərə imza atır və  etibarlı tərəfdaş kimi tanınır

Prezident İlham Əliyevin 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti və müraciətdə Dövlət Başçısının səsləndirdiyi fikirlər hər bir Azərbaycanlını qürurlandırdı. Bu müraciətdə 2023-cü ilin möhtəşəm uğurlarına bir daha diqqət yönəldilərək qarşıda dayanan hədəflər öz əksini tapdı.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabrın 31-də qeyd olunması təsadüfi deyildir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına gətirib çıxartdı.Bu tarixin rəsmiləşdirilməsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi. Beləliklə, bu tarix dünya azərbaycanlılarının hər il sevinclə qeyd etdikləri milli bayrama çevrildi. Ulu Öndərin bütöv görmək istədiyi Azərbaycan bu gün artıq reallığa çevrilmişdir. Belə ki, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin ətrafında birləşən xalqımızın  həmrəliyi 44 günlük Şanlı Vətən müharibəsində qələbəmizi şərtləndirdi. 44 günlük şanlı Vətən müharibəsinin məntiqi  davamı olaraq 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüz tam bərpa olundu və Xankəndi şəhərində möhtəşəm Zəfər paradı keçirildi, bu görüntü həmrəylik nümayiş etdirən hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrildi.

Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. 31 dekabr 2023-cü il tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ölkəmizin beynəlxalq aləmdə mövqeyini dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etdi ki, “Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər - COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir”. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu nüfuzun və inamın göstəricisidir. Ölkəmizdə bir-birinin ardınca təşkil olunan beynəlxalq tədbirlər Azərbaycanda sülh və qardaşlıq şəraitində həyata keçirilir. Bütün əldə edilən bu uğurlar müstəqil Azərbaycanın tarixi nailiyyətidir. Prezident İlham Əliyevin siyasi iradə nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilir. Daxili siyasətdə qazanılan uğurlara paralel olaraq Azərbaycan beynəlxalq müstəvidə də mühüm nailiyyətlərə imza atır, etibarlı tərəfdaş kimi tanınır. Öz milli maraqlarını qətiyyətlə qoruyan ölkəmiz regional güc mərkəzinə və dünyada böyük etimad qazanan nüfuzlu dövlətə çevrilib.

Müraciətdə cənab İlham Əliyev diqqəti 2023-cü ilin tariximizə “Heydər Əliyev İli” kimi yazılmasına yönəldərək vurğuladı ki, Ümummilli Liderin 100 illik yubileyi Şuşada qeyd edildi. Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşadan bu çağırış edildi ki, Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir. Dövlət başçısı İlham Əliyev müraciətində bu çağırışın davamı olaraq böyük qürur hissi ilə bildirdi ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm xarici, həm daxili siyasət arenasında uğurlara və tarixi zəfərlərə imza atmış oldu. Bu gün xalqımız azad, müstəqil və güclü Azərbaycanımızla fəxr və qürur hissi duyur. Bu sevinci bizlərə bəxş edən, bu zəfər sevincini bizlərə yaşadan isə Müzəffər Ali Baş Komandanımız, ölkə Prezidenti İlham Əliyevdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri