05 yanvar 2024 10:54
422

Şəhidlərimizin qanı yerdə qalmadı

Artıq arxada qalmış 2023-cü il Azərbaycanın həyatında bir sıra uğurları ilə iz qoydu. Hər zaman olduğu kimi 2024-cü ilin gəlişini qarşılayarkən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək ötən ilin hadisələri, uğurları barədə məlumat verərək bayram münasibətilə təbrik etdi.

Dövlətimizin Başçısı 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsi olaraq dövlət suverenliyimizin bərpasını ən mühüm hadisə kimi qeyd etdi. İkinci Qarabağ müharibəsi 2020-ci ildə başa çatmasına baxmayaraq, bəzi ərazilərimizdə qanunsuz erməni silahlıları hələ də qalırdı. Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində sentyabrın 19-da başlamış və cəmi bir gün sürmüş antiterror əməliyyatının vacibliyi barədə danışarkən, üç il ərzində Azərbaycan tərəfinin bu məsələni sülh yolu ilə həllinə çalışdığını, lakin Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadığını, əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirilərək mina terrorunu davam etdirdiyini diqqətə çatdırdı. Azərbaycan Ordusunun peşəkarlığı sayəsində separatçı rejim çökdüyünü, bizim qarşımızda diz çökərək ağ bayraq qaldıraraq təslim olmaqla erməni separatizminin “tarixin zibilxanasına” atıldığını bildirdi. Cənab Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdi ki, “şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır”.

2023-cü ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulması ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir. Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı erməni silahlılarını torpaqlarımızdan çıxarılması üçün vacib idi.

Qarabağa qayıdış planına əsasən, bəzi həmvətənlərimiz 2024-cü ili öz doğma dədə-baba yurdunda qarşıladılar. Ölkəmizin Başçısı xalqa müraciətində 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa ediləcəyi, il ərzində Xocalı və Xankəndi sakinlərinin də öz evlərinə qayıdacaqları müjdəsini verdi.

Cənab Prezident İlham Əliyev bir daha Azərbaycan ərazisinə göz dikmiş düşmənə Müzəffər Ordumuzun gücünü xatırladaraq mesaj verdi: “Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri