04 yanvar 2024 16:32
330

“Dəmir yumruq” birliyimizin rəmzidir

2024-cü ilin ilk günlərini yaşayırıq. 2023-cü ilin uğurları cari ilin hədəflərinə də yüksək səviyyədə nail olacağımıza böyük əsaslar yaradır. Dövlət başçısı İlham Əliyev 31 Dekabr- Dünya Azərbaycanlılarının  Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində ötən ilin mühüm hadisələrindən geniş bəhs edərək belə bir arzunu da ifadə etdi ki, 2024-cü il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olsun.

Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması ötən ilin mühüm və qürurverici uğurlarından oldu. Azərbaycan üç il öncə tarixinin Zəfər səhifəsini yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gündə 30 ilin işğalına son qoymaqla hansı gücə, qüdrətə malik olduğunu nümayiş etdirdi. 2023-cü ilin 19 sentyabr tarixində həyata keçirilən  bir günlük lokal antiterror tədbirlərinin nəticəsində suverenliyimizin təmin olunması Ordumuzun bir daha gücünü, peşakarlığını, döyüş qabiliyyətini təsdiqlədi. Cənab İlham Əliyev müraciətində bu məqamı xüsusi qeyd etmişdir: “Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır.”

Dövlət başçısı 2024-cü ilin hədəflərindən bəhs edərkən ordumuzun daha da gücləndirilməsinə xidmət edəcək addımları diqqətə çatdırdı. “Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər” söyləyən cənab İlham Əliyev vurğuladı ki, yeni silahlar, hərbi texnika alındı, gətirildi, bir çox yeni kontraktlar imzalandı. Gələn il hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq: “Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq.”
   Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları tariximizin zəfər səhifələri ilə qürur duyur və bu qələbələrin davamlı olacağına böyük inamlarını ifadə edirlər. Birliyimiz, həmrəyliyimiz bu əminliyə böyük əsas verir. Dövlət başçısı İlham Əliyev bayram təbrikində onu da qeyd etmişdir  ki, tarixi Zəfərimiz, İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” Zəfər salnaməmizin rəmzi idi: “Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.”

Son üç ildə birliyimiz, hənrəyliyimiz Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsində də özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib. Ötən il geniş miqyas alan bərpa-quruculuq işlərinin əsasında Laçın və Füzuli şəhərləri, Talış və Zabux kəndləri mərhələ- mərhələ sakinlərinə qovuşdu. Təbii ki, bu proses cari ildə də uğurla davam etdiriləcək. Azərbaycan xalqı ilk gündən qurucu xalq olduğunu dünyaya nümayiş etdirdi. Ermənilərin 30 il dağıdaraq yerlə-yeksan etdikləri torpaqlar bu gün həyatlarının sevincli günlərini yaşayırlar. O da məlumdur ki, artıq paytaxt Bakı ilə yanaşı, işğaldan azad edilmiş, hazırda dünyaya Azərbaycanın təkmil şəhərsalma təcrübəsini təqdim edən torpaqlarımız da beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edirlər. 

Dövlət başçısı İlham Əliyev bu il dogma yurd-yuvalarına qayıtmaq müjdəsini gözləyən soydaşlarımızı da sevindirdi. Belə ki, “2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar” bildirən ölkə Prezidenti qeyd etdi ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti bütün sahələrdə qazanılan uğurlara baxış əsasında cari ildə gözləntilərimizi, hədəflərimizi açıqladı. Reallıq budur ki, ölkəmiz daim dövrün çağırışlarını yüksək səviyyədə həyata keçirir. Bunun təsdiqi dünyaya təqdim etdiyi təkmil inkişaf modelidir. Məhz bu reallıqlara söykənərək əminliklə qeyd edirik ki, hər yeni il əvvəlki ildən daha da uğurlu olacaq, Azərbaycanın beynəlxalq nüfuzuna yeni əlavələr edəcək. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurla və fəxrlə qeyd edəcək ki, qalib ölkənin vətəndaşı olmaq böyük xoşbəxtlikdir. 

Gülər Kərimova,
​YAP Şabran rayon təşkilatının məsləhətçisi