04 yanvar 2024 12:15
454

Birliyimizin və həmrəyliyimizin təqdimatı

“Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər. Yeni silahlar, hərbi texnika alındı, gətirildi, bir çox yeni kontraktlar imzalandı.” Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində tarixi Zəfərimizdən sonra ordumuzun daha da gücləndirilməsi istiqamətində atılan addımlardan, əldə olunan uğurlardan bəhs etməklə yanaşı, 2024-cü il üçün hədəfləri açıqladı. Bildirdi ki, gələn il hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək.

Tarixi Zəfərimizdən sonra postmünaqişə dövrünün hədəfləri açıqlanarkən Prezident İlham Əliyev iki istiqaməti- işğaldan azad edilmiş ərazilərimizin bərpası fonunda Böyük Qayıdışın həyata keçirilməsini və müdafiə qabiliyyətimizin gücləndirilməsini xüsusi qeyd etmişdir. Ümumiyyətlə, müstəqilliyimizin və suverenliyimizin qarantı olan ordumuzun gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması bütün dövrlər üçün aktuallığını qoruyur, dövlətimizin siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə atılan uğurlu addımların nəticə 44 gündə 30 ilin işğalına son qoyulması, həmçinin ötən ilin sentyabrın 19-da bir günlük lokal antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində suverenliyimizin tam təmin edilməsidir. Dövlət başçısı İlham Əliyevin müraciətdə vurğuladığı kimi, Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər: “Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır.”

Bu gün Qarabağ, Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib. Aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində keçmiş məcburi köçkünlər üçün zəruri olan bütün imkanlar yaradılıb. Bərpa-quruculuq işləri soydaşlarımızın bu məkanlara qayıdışı ilə müşaiyət olunur. Ötən il Füzuli və Laçın şəhərlərinə, Talış və Zabux kəndlərinə qayıdış oldu. Sakinlər bu qayıdışı bayram əhval-ruhiyyəsində qeyd etdilər. Dövlət başçısı İlham Əliyev sözügedən müraciətində daha bir müjdəni diqqətə çatdırdı. “2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar” bildirən cənab İlham Əliyev onu da vurğuladı ki, bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq.

Göründüyü kimi, kompleks tədbirlər ölkəmizin daha da qüdrətlənməsinə xidmət edir. Azərbaycanın iqtisadi qüdrətinin artması istiqamətində atılan addımlar, ölkəmizin iqtisadi uğurları göz qabağındadır. İqtisadi müstəqilliyin təmin edilməsi ölkəmizin qarşısında geniş imkanlar yaradır. Azərbaycanın beynəlxalq nüfuzu artıb. 2023-cü ildə Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf etmişdir. Türk dünyasının birliyi istiqamətində Azərbaycanın töhfələri yüksək dəyərləndirilir. Azərbaycanın  beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi  nüfuzunun artmasında öz sözünü deyir. Belə ki, tədbir iştirakçılarının onlarla ölkələri təmsil etməsi bu sayda nümayəndə tərəfindən Azərbaycan həqiqətlərinin təbliği deməkdir. Həmçinin tədbirlərdə dövlətimizin başçısı İlham Əliyevin çıxışı, tədbir çərçivəsində keçirilən görüşlər Azərbaycanla bağlı dolğun məlumatların əldə olunmasında əhəmiyyətli rol oynayır. Bu ilin dekabrında ölkəmiz COP29-a ev sahibliyi edəcək. Cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində diqqəti bu tədbirə yönəldərək bildirdi ki, bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir. Eyni zamanda, yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir. Ötən il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir.  230 meqavat gücündə günəş elektrik stansiyası artıq enerji sistemimizə tam inteqrasiya edilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaq. İqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə uğurlarımızı əyani şəkildə göstərir. 

Cənab İlham Əliyevin təbrik müraciəti, eyni zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin, həmrəyliyinin təqdimatı oldu. Bir daha vurğulandı ki, tarixi Zəfərimiz, antiterror əməliyyatı, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” Zəfər salnaməmizin rəmzi idi: “Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.”

Birliyimiz, həmrəyliyimiz qarşıya qoyulan hər bir hədəfə yüksək səviyyədə nail olmağımızda öz sözünü deyir. Bu birliyimizin daha da möhkəmləndirilməsi fonunda  2024-cü il də Azərbaycanımız üçün, xalqımız üçün uğurlarla zəngin il olacaq.

Abil Ağasəfov,
​YAP Qəbələ rayon təşkilatının sədri