03 yanvar 2024 15:40
835

Məqsədyönlü siyasətin məntiqi nəticəsi

Azərbaycan xalqı yeni-2024-cüili böyük qürur hissi ilə qarşılayır. Qəhrəman və sarsılmaz orduya, qətiyyətli, uzaqgörən liderə, qədirbilən insanlara malik olan xalqımızın buna tam mənəvi haqqı çatır. Sözsüz ki, 2023-cü il Azərbaycan dövləti və xalqı üçün əlamətdar hadisələrlə zəngin oldu. Əminliklə deyə bilərik ki, ən yaddaqalan hadisə Azərbaycan dövlətinin bütün ərazisində suverenliyinin bərpası oldu. 19 sentyabr2023-cü il tarixində Azərbaycan Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror əməliyyatlarına start verdi. Bir sutkadan da qısa müddətdə reallaşan lokal xarakterli antiterror əməliyyatının sonunda Xankəndində yuva salmış separatçı rejim özünü buraxdığını elan etdi. Azərbaycan dövlətinin atdığı bütün addımlar beynəlxalq hüquq normalarına tam uyğun idi və Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən zərgər dəqiqliyi ilə ölçülüb biçilmişdi. Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmaqla Cənubi Qafqazda söz sahibi olduğunu sübuta yetirdi. 19-20 sentyabr 2023-cü il tarixli lokal antiterror əməliyyatıbu prosesə son nöqtəni qoydu.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev hələ iki il öncə 1 yanvar 2022-ci ildə xalqımıza Yeni il müraciətində tarixi Zəfərimizin əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edirdi: “ 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.Əminəm ki, dünya azərbaycanlıları bu bayramı ruh yüksəkliyi ilə qeyd edirlər. Çünki mən bilirəm ki, bu işğal dövrü və işğalla bağlı olan məsələlər xaricdə yaşayan azərbaycanlılara da böyük əzab-əziyyət verirdi. Çünki ermənilərlə müxtəlif ölkələrdə ünsiyyətdə olarkən onların təkəbbürlü baxışları əminəm ki, dünya azərbaycanlılarını incidirdi. İndi isə vəziyyət tam fərqlidir. Biz heç vaxt təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss etmişik. Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər”.

Ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər heç şübhəsiz ki, dövlət başçımız tərəfindən yürüdülən məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Cənab İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, uğurlu diaspora hərəkatının effektiv lobbiyə çevrilməsi prosesi sürətlənməkdədir. Bu isə dövlətimizin diaspor siyasətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha təsdiqləyir. Möhtərəm Cənab İlham Əliyev xüsusi olaraq vurğulayır ki, 44 günlük Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.

Azərbaycan dövləti Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması üçün bütün lazımi addımları atır və bundan sonra da atacaq. Dünya azərbaycanlılarının təşkilatlanmasında Azərbaycan Diasporuna Dəstək Fondu əhəmiyyətli təsisat olaraq öz məqsədyönlü fəaliyyətini davam etdirir. Bütün atılan addımlar yalnız və yalnız bir ideyaya xidmət edir-qüdrətli, sarsılmaz və firavan Azərbaycan ideyasına.

Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini