31 dekabr 2023 02:57
412

Sağ ol, Zəfər ili...

Azərbaycanın 2024 üçün də yeni və müqəddəs hədəfləri var

Səni böyük ümidlərlə qarşıladıq, xoş əhval-ruhiyyə ilə yola salırıq, 2023! 2020 kimi sən də bəxti gətirənlərdən oldun. Tariximizə Azərbaycanın ərazi bötüvlüyünün, suverenliyinin bərpa edildiyi, Qarabağ adlı yaramızın sağaldığı, müqəddəs torpaqlarımızda separatizmin kökünün kəsildiyi Zəfər ili kimi yazıldın. Xankəndiyə, Xocalıya, Ağdərəyə, Əsgərana, Xocavəndə qayıtmaq arzularımız da reallığa çevrildi, şəhid ruhları əbədi rahatlığa qovuşdu! Laçın, Füzuli, Ağalı, Talış, Zabux həsrəti bitənlərin köç karvanları yollara düzüldü, ata-baba yurdlarımız doğma sakinlərinin nəfəsi ilə qızındı, sönmüş ocaq yerlərində tonqallar çatıldı...

Biz Azərbaycanın heç zaman olmadığı qədər güclü, qüdrətli dövlətə çevrildiyinin şahidi olduğumuz üçün çox xoşbəxtik. Gözümüzün önündə o qədər möhtəşəm tarixi hadisələr baş verdi ki, heç bilmədik il necə başladı, nə vaxt bitdi.

Əslində, bizi böyük Zəfərə aparan yolun təməlləri dəmir iradəli, “dəmir yumruq”lu Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən daha əvvəldən atılmışdı. 2023-cü il başlayanda artıq Qarabağdakı milli sərvətlərimizin erməni quldurları tərəfindən talanmasına, ekologiyamıza qarşı törədilən barbarlıq aktlarına etiraz məqsədilə Azərbaycanın qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin, ekofəalların, könüllülərin iştirakı ilə keçirilən aksiyalar fasiləsiz davam edirdi. Həmin vaxt bəlkə də kimlərsə bu aksiyaların nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında şərti sərhədin Laçın rayonu ərazisində, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulacağını ağıllarına belə gətirmirdi. Ancaq proseslərin inkişafı bizi addım-addım daha böyük Zəfərə götürürdü. Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyətə başlaması ilə Ermənistan ordusunun Qarabağdakı silahlı birləşmələrinin təminat yolu bağlandı və bu, suveren ərazilərimizdə onillərdir davam edən separatizmə son qoyulacağına, “boz zona”nın aradan qaldırılacağına inamı daha da artırdı. Baxmayaraq ki, həmin dövrlərdə başda Fransa olmaqla Qərbin bir sıra ermənipərəst dairələri Qarabağdakı ermənilərə qarşı “blokada siyasəti” yürütməkdə, guya dinc insanlara “humanitar böhran” yaşatmaqda ittiham etməklə Azərbaycana böhtanlar yağdırır, iftiralar atırdılar. Hətta Fransanın təkidi ilə məsələ BMT Təhlükəsizlik Şurasında müzakirəyə də çıxarıldı. Ancaq riyakar ermənipərəstlər Azərbaycanın qətiyyəti, çoxsaylı dostları arasındakı böyük nüfuzu qarşısında biabırcasına məğlub olaraq geri çəkilməli oldular. İkili siyasətləri sonda onların Cənubi Qafqazdakı mövqelərinin zəifləmələrinə səbəb olmaqla özlərinə ziyan vurdu.

Nəhayət, xarici təzyiqləri neytrallaşdırmağı bacaran Azərbaycan Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında son və qəti addımlarını atdı. 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələri birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Hərbi əməliyyat, eyni zamanda, Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunmasını təmin etmək məqsədi daşıyırdı. 23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Oktyabrın 15-də artıq dövlətimizin başçısı Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına və Əsgəran qalasına səfər etdi, getdiyi hər yerdə Azərbaycan bayrağını qaldırdı. Bununla da Azərbaycan bütün dünyada yeni münaqişə ocaqlarının yarandığı, silahlı toqquşmaların artdığı bir vaxtda öz ərazisində uzun illərdir davam edən separatçılığa son qoymağı bacaran, suverenliyini tam şəkildə bərpa edə bilən yeganə dövlət kimi tarixə düşdü!

Bu gecə 2023-cü ili yola salıb yeni, 2024-cü ilə “xoş gəldin” deyəcəyik. Xoş gəlsin, çünki Yeni il üçün Vətəndə, bölgədə sülh, Zəngəzur dəhlizi kimi müqəddəs hədəflərimiz var. Odur ki, daha böyük uğurlar, qələbələr naminə daha çox səfərbər olmalıyıq. Millət, xalq, dövlət, Azərbaycan, bütöv Azərbaycan naminə, daha xoşbəxt gələcək naminə daha çox çalışmalıyıq! 2024-cü ili fəxrlə, fərəhlə qarşılayacağıq. Çünki Müzəffər Sərkərdənin, rəşadətli ordunun, qəhrəman əsgərlərimizin misilsiz sücaətləri, qəhrəmanlıqları sayəsində bu gün qalib ölkənin qürurlu vətəndaşlarıyıq. Çünki daha Xocalıdakı günahsız qurbanların, səngərlərdə Azərbaycan naminə müqəddəs şəhidlik məqamına ucalanların qanları alınıb, ruhları azad Vətənin aydın səmasında rahat dolaşır. Biz yeni, 2024-cü ili “bayram” deyə qeyd etmək haqqını bütün varlığımızla qazanmışıq!

Bu gün həm də 1991-ci ildən harada yaşamasından asılı olmayaraq gözəl Azərbaycanımızı Vətəni bilib sevənlərin, azərbaycanlı olmağın qürurunu yaşayanların günüdür – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü. Doğma yurdumuzun qayğılarından, acılarından kədərlənənlərin, uğurundan, Qələbəsindən sevinənlərin daha da həmrəy olduğu, yumruq kimi birləşdiyi gündür. Zaman-zaman birliyimizi pozmaq, xalqımızı millətlərə, milli azlıqlara ayırmaq, parçalamaq istəyənlər az olmadı. Ancaq bacarmadılar, bacara bilmədilər! Yurdumuza xor baxanların, həmrəyliyimizi pozmaq istəyənlərin mənfur, xəbis niyyətləri ürəklərində, arzuları gözlərində qaldı hər zaman. Düşmənlərimiz, uğurlarımızı həzm edə bilməyənlər, yolumuza sədd çəkmək istəyənlər bitməyib, tükənməyib, hələ də var. Odur ki,bu gün birlik, həmrəylik bizə həmişəkindən daha çox lazımdır. Yağı qarşısında daha güclü dayana bilmək üçün yumruq kimi birləşməli, işğaldan azad edilmiş Qarabağımızı və Şərqi Zəngəzurumuzu yenidən qurub-yaratmaq, o yerləri cənnətə çevirmək üçün həmrəy olmalıyıq!

Həmrəylik günümüz mübarək, dünyanın dörd bir yanında yaşayan soydaşlarımız! Hər zaman bir olaq, həmrəy olaq ki, müqəddəs üçrəngli bayrağımız daim zirvələrdə dalğalansın, Azərbaycanımız daha da inkişaf etsin, daha da ucalsın!

Yeni ilin mübarək, Qüzeyli-Güneyli Azərbaycan! Yeni ilin mübarək, yeni ildə əsas hədəfimiz olan Qərbi Azərbaycan!

Mahir Rəsuloğlu, “İki sahil”