30 dekabr 2023 00:09
315

Əli Kərimlinin absurd seçki tamaşası

AXCP yenə klassik ənənəsinə sadiq qalaraq müxtəlif bəhanələrlə, əsassız iddialarla 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirakdan imtina edib.

Bu barədə partiyanın bir müddət əvvəl keçirilən qurultayında AXCP sədri Əli Kərimli bildirib. “Baş cəbhəçi” o zaman vurğulamışdı ki, partiyadaxili müzakirələr zamanı seçkilərdə iştirak etməmək barədə qərar veriblər. Bununla bağlı AXCP təpədən-dırnağa yalan və qərəzlə bəzədilmiş bir bəyanat da yayıb. Qəribə burasıdır ki, elə Ə.Kərimlinin diktəsi ilə hazırlanan həmin bəyanatın sonuncu abzasında qeyd edilir ki, AXCP hakimiyyətə gəlməyin yalnız seçki yolunu məqbul bilir. O zaman belə bir sual ortaya çıxır: Əgər Ə.Kərimli və onun partiyası seçki yolu ilə hakimiyyətə gəlməyi məqbul hesab edirsə, o zaman niyə seçkilərdə iştirak etməkdən boyun qaçırırlar? Axı daim seçki mühiti və ab-havasından ağızdolusu dəm vuran AXCP sədri yaxşı bilir ki, demokratik seçkilərin keçirilməsi müasir vətəndaş cəmiyyətinin qurulmasının ən mühüm şərtlərindəndir. Həmçinin seçki hüququ ən vacib, zəruri və əsas insan hüquqlarından biridir. Belə olan halda məgər Ə.Kərimlinin diktəsi və iradəsi ilə AXCP-nin seçkilərdə iştirak etməkdən imtina etməsi sıravi “cəbhəçilər”in seçki hüququnun tapdanması deyilmi? Əlbəttə, belədir. 

Məsələ burasındadır ki, AXCP-nin seçkilərdə iştirakdan imtina etməsi cəmiyyətdə, siyasi palitrada birmənalı qarşılanmdı. Özünü “ana müxalifət” adlandıran AXCP cəmiyyətin müxtəlif təbəqələrindən əsaslı ittihamlarla qarşılaşıb. Əslində seçkiləri boykot etmək AXCP-nin əsas “başbiləni” olan Ə.Kərimlinin klassik vərdişidir. Heç bir sosial bazası olmayan, bir dəstə qaragüruhçunun sığınacağına çevrilən bu antimilli təşkilatın rəhbəri olan, seçki zamanı özündən qat-qat güclü rəqiblərə məğlub olacağını əvvəlcədən anlayan Əli Kərimli utanmadan növbədənkənar seçkiləri tamaşa adlandırıb: “…bu tamaşada bizə bir epizodik rolda oynamaq təklif olunur. Biz də tamaşada rol almaq istəmirik. Deyirik ki, bir halda ki, seçki yox, seçki tamaşısıdır, qoy, bu tamaşa bir aktyorun teatrı kimi keçsin. Hamı da aydın görsün ki, seçkidən, yarışdan, ədalətli rəqabətdən söhbət belə getmir. Seçki adlı primitiv tamaşa oynanılır”.

Belə yerdə deyiblər: “Utanmasan oynamağa nə var ki?” Əvvəla, ölkədə fəaliyyət göstərən ayrı-ayrı partiyaların rəhbərləri və müstəqil şəxslər fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliklərini irəli sürüblər. Bu proses davam edir. Təbii ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. İkincisi, respublikamızda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın qəbul olunmasını şərtləndirən tarixi reallıqlar mövcudur. Digər yandan ölkəmizdə növbədənkənar prezident seçkilərinin azad, ədalətli və şəffaf şəraitdə keçirilməsi üçün çox əlverişli demokratik mühit mövcuddur. Xüsusilə burada ən önəmli məqamlardan biri odur ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.

Göründüyü kimi, Ə.Kərimlinin dedikləri iftiradan, quru sözlərdən başqa bir şey deyil. Yəni, AXCP sədri əvvəllər olduğu kimi, necə deyərlər, öz “gücünü” yaxşı bildiyindən, yenə öz şəxsi ambisiyalarından, korporativ maraqlarından əl çəkə bilmədiyindən heç bir halda seçkilərlə bağlı rasional qərar qəbul edə bilmir. Şübhəsiz, Ə.Kərimlinin əsassız iddialarla, müxtəlif bəhanələrlə seçkilərə kölgə salması sözün həqiqi mənasında qorxaqlığın və gücsüzlüyün etirafıdır. Sadəcə olaraq AXCP sədrinin cəsarəti çatmır ki, öz gücsüzlüyünü və qorxaqlığını etiraf etsin.  Ona görə də Ə.Kərimlinin seçkiləri tamaşa adlandırması, bu siyasi prosesdə iştirakdan imtina etməsi cəmiyyətimiz tərəfindən ciddi qınaq, ikrah və istehza ilə qarşılanır. Bütün bunlar çox haqlı olaraq ictimaiyyət tərəfindən AXCP sədrinin absurd seçki tamaşası kimi qiymətləndirilir. 

Zahid Rza, “İki sahil”