30 dekabr 2023 02:37
352

Cənab Ali Baş Komandan, əmriniz yerinə yetirildi!

İşğaldan azad edilmiş torpaqlarımızda bu sözləri fəxrlə səsləndirən rəşadətli Silahlı Qüvvələrimizin əsgər və zabitləri xalqımızın qürur mənbəyidir

44 gün davam edən İkinci Qarabağ müharibəsində  Azərbaycanın Silahlı Qüvvələri həqiqi mənada dünyada sayılıb-seçilən ordulardan olduğunu rəşadəti, hərbi hazırlığı, döyüş təcrübəsi ilə   təsdiqlədi. Prezident, Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi  ilə  Ermənistanın «qüdrətli ordu mifi»ni darmadağın edən, ən müasir hərbi avadanlıq və texnika ilə təmin olunan  əsgər və zabitlərimiz XXI əsrin müharibə tarixini yazdılar. «Əlbəttə ki, ordu quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi - budur, qələbəyə aparan əsas amillər. Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir» söyləyən  Prezident İlham Əliyevin müdafiə qüdrətimizin möhkəmlənməsi naminə göstərdiyi  fədakarlıq həsrətlə  gözlənilən nəticəni verdi.

Xocavənd rayonunun Hadrut qəsəbəsində, Kəlbəcərdə yaradılan Komando briqadaları ordu quruculuğu istiqamətində aparılan islahatların davamı kimi müdafiə qüdrətimizi daha da möhkəmləndirdi. Digər silahlı birləşmələrlə bərabər,  qarşıda duran bütün vəzifələri yerinə yetirmək, sərhədlərimizi qorumaq üçün daha yüksək imkanlara malik həmin komandolar düşmənə göz dağı oldu.

2016-cı ildə işğaldan azad edilən  Lələtəpə zirvəsində, hərbi paradlarda dalğalanan bayraqlarımız,  torpaqlarımızın işğaldan   azad ediləcəyinə inam yaradan Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi Qələbəyə inamı artırdı: Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasa, biz hərbi yolla Qarabağ məsələsini həll edəcəyik. Belə də oldu. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Azərbaycan xalqı  haqq-ədaləti öz gücü ilə bərpa edərək Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

«Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq. Ona görə vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və əlbəttə ki, Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi» söyləyən Prezident İlham Əliyev   Vətən  müharibəsinin təcrübələrinin  dünyanın  müxtəlif ölkələrinin hərbi  ali məktəblərinin dərsliklərində yer almasını Azərbaycan xalqının qürur mənbəyi  kimi dəyərləndirir. Silahlı Qüvvələrimizin ən  müasir hərbi texnika və avadanlıqlarla   təchiz olunması üçün əlavə müqavilələrin imzalanması, yeni sursatların alınması Azərbaycanın iqtisadi və hərbi  gücünü,  qüdrətimizi artırır. Ermənistanla sərhəddə açılan hərbi hissələr hesabına  mövqelərimiz möhkəmlənir.

«Bu, bizim böyük dəyərimizdir. Biz bunu, bu dəyəri daim qoruyub saxlamalıyıq, gücləndirməliyik. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq. Biz indi başımızı dik tutub istənilən tədbirdə, istənilən formatda sözümüzü deyirik. Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq. Buna görə sizə və sizin kimi on minlərlə hərbçiyə borcluyuq. Azərbaycan xalqı bunu bilir və yaxşı qiymətləndirir» söyləyən Ali Baş Komandan İlham Əliyevin hərbçilərlə hər görüşü unudulmaz hadisə kimi dövlətçilik tariximizə əbədi yazıldı.

Bəllidir ki,  Qələbə çətinliklə , hərbçilərimizin döyüş rəşadəti nəticəsində əldə olundu.  Arxa cəbhədə  qorunan daxili sabitlik, milli  həmrəylik, xalq-iqtidar birliyi cəbhədə  düşmənə qan udduran  hərbçilərimizin döyüş ruhunu daha da gücləndirdi. «Fərrux”», «Qisas»”, «Sarıbaba-Qırxqız» əməliyyatları düşmənə  növbəti zərbə oldu. 13-14 sentyabr hadisələrinin qarşısını alan  Silahlı Qüvvələrimiz əsas strateji yüksəkliklərdə yerləşdilər. Amma meşələrdə, dağlarda  gizlənən  erməni quldurlarının , separatçı birləşmələrin Qarabağdan çıxarılması vədinə əməl etməyən Ermənistanın  Vətən müharibəsindən sonra da törətdiyi təxribatlar növbəti əməliyyatları  zəruri etdi. «Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq» söyləyən dövlət başçımız İlham Əliyev Ali Baş Komandan kimi düşməni yerində oturtdu. Laçın sərhəd- keçid məntəqəsinin yaradılmasından sonra havadarlarına arxayınlaşan separatçı rejim daha da quduzlaşaraq təxribatlarını davam etdirdilər. Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərinə  Göyçə gölünə nəzarəti  ələ alan Milli Ordumuzun rəşadətli  əsgər və zabitləri  Ali Baş Komandan İlham Əliyevin «Biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik. Bizim Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz» sözlərindən ruhlanaraq 24 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə düşmənə daha ağır öldürücü zərbə vurdular.

Vətən müharibəsində qazandığımız Qələbənin üçüncü ildönümü münasibətilə Xankənddə keçirilən hərbi paradda «Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi» sözləri ilə vədinə əməl etdiyini  bildirən Prezident İlham Əliyev  əsgər və zabitlərin qəhrəmanlıqlarını qürurla səsləndirdi.   Ermənistan üzərindəki  Zəfərimiz,  separatçı rejimin kökünün kəsilməsi Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya bəyan etdi. Prezident kimi fəaliyyətə başlayanda Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad olunması üçün bütün vasitələrdən istifadə olunacağını bildirən  İlham Əliyev Ali Baş Komandan kimi   sərkərdəlik vəzifəsini şərəflə yerinə yetirdi.  Xalqımızın iradəsinin ifadəsi olan «Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verilməyəcək» sözləri əbədilik reallaşdı.  Silahlı Qüvvələrimizin peşəkarlığı, müdafiə  qüdrətimizin gücü sayəsində   ermənipərəst dairələrin ölkəmizə qarşı  təhdid və təzyiqlərinin qarşısı alındı. Şuşada, Xankəndidə, işğaldan azad edilmiş şəhər və kəndlərimizdə, strateji yüksəkliklərdə   dövlət bayraqlarımız  müstəqilliyimizin əbədiyyət , sərhədlərimizin toxulumazlıq rəmzi kimi hər yerdə dalğalanır. Sentyabr ayında aparılan antiterror tədbirləri cəmi bir gün çəksə də qondarma separatçı rejimin özünü buraxması ilə nəticələndi.

Siyasi, hərbi müstəvidə  mövqeyi möhkəmlənən, diplomatiyası dəstəklənən,  hərbi qüdrəti ilə   düşmənə qalib gələn dövlət başçımız sübut etdi ki, dövlətini, milli ləyaqətini,  ənənələrini qoruyan Azərbaycanın işlərinə heç kim  qarışa bilməz və  istənilən müstəvidə döyüşə hazırdır. XXI əsrdə heç bir ordu  Silahlı Qüvvələrimiz  qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyi şərəf hesab etməmişdir. Torpaqlarımız uğrunda şəhid olmağa hazır gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin nəticəsində  Ermənistana qalib gələn Azərbaycan xalqı  onların xidmətlərini heç vaxt unutmur.

Ordusuna arxalanan, beynəlxalq hüququ, tarixi ədaləti bərpa edən  Azərbaycan xalqı milli ləyaqətini bərpa etdi, düşmənə  yerini göstərdi.  Bu gücün qarşısında dayana  bilməyən  Ermənistanın baş naziri Nikol Paşinyan  kapitulyasiya aktını imzalamağa məcbur oldu.
 Əgər Ermənistanın siyasi-hərbi rəhbərliyi  sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasını təkrarlasa, sülh müqavisiləsinin imzalanmasını bəhanələrlə uzatsa  Prezident İlham Əliyevin “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”!» sözlərini bir daha xatırlasınlar.

Xuraman İsmayılqızı, «İki sahil»