30 dekabr 2023 02:58
391

Gözləsinlər... Gözləri çıxana qədər gözləsinlər...

Xaricdən idarə olunan tör-töküntülər Paşinyana qarşı

Azərbaycana qarşı qəddarlıqları ilə tanınan başıpozuqlar eyni mənafe üçün birləşiblər. Tör-töküntülərin önündə gedən  "Qarabağ klan"ının başçılarından biri, Ermənistanın sabiq prezidenti Serjik Sarkisyan jurnalistlərə açıqlamasında özünü buraxmış Qarabağ separatçılarının "lider"i Samvel Şahramanyanla görüşdüyünü deyib. İnsan cəlladı Serjik Şahramanyana yarındığını da gizlətməyib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. “Düşünürəm ki, o, xalqımıza xeyir verəcək, daim onları utandırmayacaq bir həll tapacaq”, - Sarkisyan Samvelçiki belə vəsf edib. Bunun ardınca yana-yana əlavə edib: “Ermənistan hökuməti Qarabağdan şüurlu şəkildə imtina etdi”.

Eks-prezident lakeylik etdiyi və həmişə hesabına şeşələndiyi Rusiyaya da yaltaqlandığını nümayiş etdirib və bununla da ağasına sədaqətli qaldığını göstərib. O, Nikol Paşinyanın iddialarını “yalan” adlandırıb: “Mən Nikol Paşinyanın son müsahibəsində həmişə olduğu kimi, çoxlu yalan və təhqir gördüm. Rəhbərlik Qarabağ məsələsini “Ermənistanın başı üzərində saxlanılan dəyənək” adlandırır. Mən anlamadım, o dəyənəyi başımızın üstünə qoyan kimlərdir? Biz hansı ölkədən, kimdən danışırıq? Bəlkə, bizə milyardlarla dollarlıq pulsuz silah verən ölkə nəzərdə tutulur? Nə isə! Onsuz da artıq ərazi tamamilə Azərbaycana təhvil verilib. Baş nazir bir mövzuda da yalan dedi, biz bütün sərvətimizi ora yatırmamışıq.”

Yanıb-yaxılan Serjik gözünün içinə qədər yalan danışsa da ünvanı başqa səmtə yönəltməyə çalışıb. Hamının bildiyi sadə həqiqətləri utanmadan təhrif edən “balaca Serjik”-bir çox ermənilər onu belə adlandırırlar-həqiqətləri yalan, yalanları isə həqiqət  kimi sırımaqdan da çəkinməyib. Çünki özü alçaq riyakar və yalançıdır, daim danışdıqlarının hamısı qərəz və yersiz iddialardan, boyunu aşan fikirlərdən ibarət olub. Bu, onun aşağıda söylədiyi fikirlərdə özünü açıq göstərir: “Dağlıq Qarabağ”ın büdcəsi həm daxili vergilər, həm də Ermənistandan alınan cüzi kreditlərdən təşkil olunurdu. Doğrudur, əlavə xərclər, silah satışı və s. kimi məsələlər də olub. Lakin bu, çox böyük məbləğ sayılmaz. Amma çox resurs yatırmış olsaq belə, milli problemlərimizi həll etmək üçün bu addımı atmalı idik”.

Görəsən Qarabağda hansı böyük silah zavodu vardı ki, həm separatçıların ordusunu təmin edirdi, həm də kiməsə silah satırdı? Əgər özləri silah istehsal edirdilərsə Rusiyanın 5 milyardlıq zay silahları nəyə lazım idi?

Ancaq Serjik cəhənnəmə göndərilmiş qondarma rejimin büdcəsindən danışarkən işğal etdikləri ərazilərdə yetişdirilən və satılan narkotik bitkilərin dövriyyəsindən bir kəlmə də danışmayıb. Halbuki narkotik alverindən milyonlarla dollar pul əldə olunub. Bundan əlavə, Qarabağ ərazisindən tranzit kimi istifadə edən İran narkobaronları separatçılara külli miqdarda pullar ödəyiblər. İşğal altında saxladıqları rayon mərkəzlərini və kəndləri daşına, çardağına qədər söküb iranlılara satan separatçılar yüz milyonlarla dollarlıq pul götürmüşlər. Ancaq çoxbilmiş “balaca Serjik” bunların heç birinin adını belə çəkmir. Təbii ki, o qədər böyük həcmli pulları Serjik separatçılara verməzdi. Çoxbilmiş Serjik diaspor təşkilatlarından və xarici ölkələrdən yardım adı ilə göndərilən yüz milyonlarla dolları bəyəm Ermənistanda çətin yaşayan ailələrə paylayırdı? Xeyr, bəs onda xaricdəki ticarət obyektlərini, istirahət mərkəzlərini, bahalı villaları hansı pulla alırdı?

Bütün bunlar bir yana qalsın, əsas məsələ odur ki, xaricdəki ağalarının barmaq işarəsinə oynayan revanşistlər, Şahramanyanın komandası və keçmiş prezident və dövlət məmurları birləşiblər. Yeni birlik baş nazir Nikol Paşinyana qarşıdır. Onların məqsədi nə yolla olursa-olsun Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa, Qərbin Ermənistandakı dayaqlarını yıxmağa və ölkənin əvvəlki vassal vəziyyətinə salınmasına yönəlib. İstər "balaca" Serjik olsun, istərsə də hiyləgər Robert. Hər ikisi “bəlkə də qaytardılar” eyforiyasına qapılaraq o günü həsrətlə gözləyirlər. Gözləsinlər, gözləri çıxana qədər gözləsinlər...

Vəli İlyasov, “İki sahil”