28 dekabr 2023 22:56
389

Siyasi həyasızlıq nümunəsi - Fransa

Fransa XİN Azərbaycanın 2 diplomatını əsassız yerə "persona non grata" (arzuolunmaz şəxs) elan etdi. Bundan öncə də Azərbaycan dekabr ayının 26-da iki fransız diplomata qarşı eyni qərarı çıxarmışdı. Lakin Azərbaycan tərəfi bunu edərkən əlində kifayət qədər faktlar və əsaslar var idi. Xatırlayırsınızsa, ötən həftə Qərb mətbuatı belə bir məlumat tirajlamağa başladı ki, Azərbaycanda Fransanın casus şəbəkəsi ifşa edilib. Güman ki, diplomatların ölkədən çıxarılmasında bu fakt da rol oynayıb. 

Fransanın mövqeyinə gəlincə isə bu qədim dövlətçilik ənənələrinə, tarixinə sahib olan Fransa adına utancvericidir. Qəbul etmək lazımdır ki, bundan öncəki Fransa prezidentləri ilə də Azərbaycana yanaşmada fərqli münasibətləri görmüşük. Amma heç bir lider bu qədər irəli getməyə cəsarət etməmişdi. Makron isə sözün həqiqi mənasında siyasi səriştəsizliyin qurbanına çevirir Fransanı. 

Təsadüfi deyil ki, uzun illərdir müstəmləkə siyasəti yürüdən Fransa Afrika ölkələrindən qovulur. O isə Rusiyanın Cənubi Qafqazda mövqeyinin zəiflədiyini güman edərək bölgədə söz sahiblərindən birinə çevrilmək istəyir. Bunun yolu isə Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi lideri olan Azərbaycanı hədəf almaqdan keçmir. Biz Fransanın bu canfəşanlığının başqa səbəblərini də bilirik. Qarabağ münaqişəsinin həlli ilə biz sadəcə Ermənistanı deyil, bu gün Azərbaycanı hədəf alan hər kəsi məğlub etdik. Yəni qələbəmizin miqyasını təsəvvür etmək olar ki, okeanın o tayından, Avropanın göbəyindən Azərbaycan əleyhinə hədyanlar səslənir. Fransanın bu canfəşanlığı sadəcə erməni sevgisindən irəli gəlmir. Hər birimiz bilirik ki, Qarabağ yeraltı sərvətlərlə zəngin bölgəmizdir. İşğal dövrü ərzində məhz həmin Qarabağ ərazisindəki qızıl yataqlarından milyardlar Fransaya daşınıb. Həm də elə bütün bunların nəticəsi idi ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti münaqişənin həllinə deyil, əksinə həll edilməməsinə yönəlmişdi. 

Xülasə, Fransanın bu addımları perspektivdə nə vəd edir? Bunu söyləmək bir qədər çətindir və nəticəsini zamanla görəcəyik. Ancaq burda itirən Azərbaycan olmayacaq, Fransa olacaq. Azərbaycanın Avropa İttifaqında yetəri qədər tərəfdaşı var. Azərbaycan həmin ölkələrə enerji ixrac edir.

Fuad Heydər