29 dekabr 2023 00:57
288

Əlinin əlindən gələn və gəlməyən işlər...

Görəsən, xalqın boykot etdiyi adam kimə güvənir?

Elan olunan prezident seçkilərində heç bir faiz də səs toplamayacaqlarını bilən radikal müxalifət partiyalarının sədrləri bu cür erkən məğlubiyyəti həzm edə bilmədikləri üçün gözlərini yumub ağızlarını açıblar. Onlar məsələyə dəxli olmayan elə gülünc səbəblər və ya bəhanələr uydururlar ki, lap məktəbli uşağın da istehzasına səbəb olur. "Azərbaycan Prezidenti kimi görmək istərdiniz" sualına Qarabağ Zəfərindən sonra siyasətdən başı çıxmayan hər bir sadə Azərbaycan vətəndaşı yalnız bir nəfərin adını çəkər. Namizədlərin siyahısı nə qədər geniş olsa da şübhəsiz ki, xalqın 99 faizi Azərbaycanın sürətli inkişafının müəllifi və 28 il erməni işğalı altında qalan 20 faiz ərazimizi müharibə yolu ilə azad edəni görmək istədiyini deyəcək. Haqqı da var.

Təəssüf ki, aramızda elə kar qulaqlar var ki, sanki bu inkişafı eşitməyib. Elə kor gözlər var ki, bunları hələ də görmür və heç görmək də istəmirlər.

Bu günlərdə okeanın o tayında kimlər tərəfindənsə xüsusi şərait yaradılmış Sevinc Osmanqızı rəhbəri olduğu kanalda AXCP sədri Əli Kərimlidən müsahibə alarkən hər ikisinin Azərbaycanın ünvanına yağdırdıqları böhtan və yalanlar normal düşüncəli tamaşaçını dəhşətə gətirərdi. Təəccüblüdür, bu və bunun kimi insanlarda xalqına, torpağına, soydaşlarına xəyanət nədən yaranıb? Bunları xəyanətə sürükləyən nədir? Osmanqızının öz müsahibinin boşboğazlıqlarını məmnunluqla dinlədiyi və  təsdiq etdiyi həmin müsahibədə Əli Kərimli İkinci Qarabağ müharibəsindəki böyük Qələbəni kiçiltmək məqsədi ilə bildirir ki, əgər o, özü bu müharibəyə komandanlıq etsəydi çox cüzi itkilər olardı. Ancaq Əli Kərimli unudur ki, 1992-ci ildə dövlət katibi vəzifəsini tutduğu vaxtda Birinci Qarabağ müharibəsi gedirdi. Bəs nə üçün bu ağlını o vaxt işlətmədi? Axı, o müharibədə on minlərlə soydaşımız həlak oldu və yaralandı. Onda Kərimli dövlətdə yüksək vəzifə tutmuşdu və sözü keçərli idi.  Bəs o və onun komandası əllərində bütöv dövlət və imkanlar varkən ərazilərimizi müdafiəsini niyə təşkil etmədilər? Əvəzində fərsiz özündənbəylər cəmiyyətdə anarxiya və xaos yaratdılar, nizami ordu qurmağa bacarıqları çatmasa da yerlərdəki könüllü özünümüdafiə batalyonlarını belə idarə edə bilmədilər,   ölkədə aclıq və işsizlik, cinayətkarlıq baş alıb getdi. Əli Kərimlinin hökumətində dövlət strukturları iflic vəziyyətə düşmüşdü və insanlar bir növ taleyin ümidinə buraxılmışdılar. Bundan  istifadə edən Ermənistanın işğalçı qoşunları  ölkəmizin içərilərinə doğru irəliləməyə başladılar. Ərazilərimizin 20 faizi işğal altına düşdü, cəbhə bölgəsində yaşayan insanlarda sabaha sağ çıxmaq ümidi öldü. Axı, öz kreslosunu qoruya bilməyənlər torpağı necə qoruyacaqdılar? Bir nəfər üsyankar yun alverçisinin hədə-qorxusundan təşvişə düşüb vəzifələrindən istefa verənlər indi hansı üzlə çıxıb kiməsə irad tuturlar? Sonra məlum olub ki, otuz ildən sonra AXCP-nin fəaliyyət proqramı da varmış. Amma nədənsə bu barədə partiyanın  sədri  və ya funksionerləri indiyədək bir kəlmə də danışmayıblar.

Əli Kərimli cox yaxşı başa düşür ki, prezident seçkilərində alternativ olmaqla özünü bir daha rüsvay edə bilər. Ona görə də erkən məğlubiyyətini ört-basdır  etmək üçün həmişə olduğu kimi, yenə də fəal təxribat yolunu tutub. Buna seçki təxribatı da deyirlər və belə işlər Əlinin əlindən gələn işdir.

Vəli İlyasov, “İki sahil”