29 dekabr 2023 02:38
371

Milli həmrəylikdən doğan Zəfər

Dünya azərbaycanlılarının həmrəyliyini təcəssüm etdirən Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi

Milli birlik və doğma Vətənə bağlılığı təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə sayılı günlər qalıb. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən təsis olunmuşdur. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmişdir. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazanmışdır və həmin gündən bütün dünya azərbaycanlıları hər il 31 dekabr gününü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. 10 il sonra - 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı baş tutdu. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Heydər Əliyevin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrildi. 31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunduğunu bildirən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II,  2011-ci il iyulun 5-6-da III,  2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. 2022-ci ildə Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı Şuşada keçirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonağın qatıldığı qurultaydakı nitqində dedi: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilib. O, dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdi və demişdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.

Eyni zamanda Dünya Azərbaycanlılarının həmrəyliyini təcəssüm etdirən Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi və Möhtəşəm Zəfərə nail olundu. Tarix çox qələbələrə şahidlik edib. Ancaq onların az bir qismində xalq qələbəni məhz milli vəhdət sayəsində qazanıb. Xalqımız və onun lideri bütün dünyaya sübut edə bildi ki, Azərbaycan milli birlik yaratmağa, milli vəhdətə nail olmağa, bir "dəmir yumruq" kimi birləşməyə qadir xalqdır. Təbii ki, qələbəni şərtləndirən amillər çoxdur və onların hər birinin tarixi zəfərin əldə edilməsində öz yeri və funksiyası var. Ancaq etiraf edək ki, xalqımızın torpaq və qələbə uğrunda hər gün şəhid verdiyi bu müharibədə insanları Ali Baş Komandanın televiziya ilə xalqa müraciətləri qədər heç nə sevindirə bilmədi. Cənab İlham Əliyevin qətiyyətli, məntiqli müsahibələri xalqın müharibədəki milli təmkini və haqqa inamını təmin etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciəti 44 günlük Vətən müharibəsindəki Zəfər sevinci kimi bizlərə növbəti qələbə müjdəsini yaşatdı. Bu tarixi müraciət bir daha xalqımızın qələbə əzminin, sücaətinin dünyaya nümayiş simvoluna çevrildi və beləliklə Azərbaycanın suverenliyi tam bəpa olundu. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirməyən, suveren ərazilərimizdə saxta seçkilər keçirən, həmçinin terrorçu dəstələr yaradan erməni separatçıları gec-tez öz layiqli cəzalarını almalı idi və bu belə də oldu. 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 24 saata yaxın müddət ərzində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni hərbi birləşmələrinə ciddi zərbələr endirildi və düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da, ərazidə olan qanunsuz birləşmələrin tərkisilah edilməsi prosesinə başlanıldı və paralel şəkildə Qarabağda yaşayan erməni əsilli əhalinin reinteqrasiyası proseslərinə də start verildi. Bu Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə əldə etdiyi növbəti tarixi zəfər salnaməsidir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın bütün addımları legitim, hüquqi, ədalətli idi və Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanırdı. Bu gün ölkəmizin həyata keçirdiyi balanslaşdırılmış siyasət kursu da regionda sülhün və təhlükəsizliyin əsas qarantına çevrilmişdir. Artıq dünya gücləri yeni reallıqları qəbul edib. Ermənistan da bu reallıqları qəbul etməyə məcburdur.

Milli həmrəyliyimiz sayəsində əldə etdiyimiz bütün bu uğurlar, möhtəşəm zəfərimiz Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu azərbaycançılıq ideologiyasının Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək tarixdəki ən yüksək məqamına, zirvəyə yetişdirilməsidir. Bu gün müzəffər Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə dərin hörmət və ehtiramla, Prezident İlham Əliyevə yüksək minnətdarlıq hissi ilə, qürurla, fəxarətlə milli həmrəyliyin Zəfər təntənəsinin sevincli günlərini yaşayır.

Sevinc Azadi, “İki sahil”