28 dekabr 2023 14:25
379

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası tariximizin ən mühüm hadisəsidir

Prezident İlham Əlyevin liderliyi ilə ötən 20 il ərazində Azərbaycan möhtəşəm nailiyyətlər əldə edib. Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması isə Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsini təşkil edir. Dekabrın 21-də işğaldan azad olunmuş ərazilərimizdə, Xankəndi şəhərində ilk milli futbol oyunun keçirilməsi böyük mənəvi əhəmiyyət kəsb edir.

103 il əvvəl öz müstəqilliyini tanıdıb qoruya bilməyən, 30 il əvvəl isə parçalanmaqda olan Azərbaycan bu gün faktiki olaraq Orta Asiyanın, Şərqi və Cənubi Avropanın, Balkanların enerji təhlükəsizliyinin, dolayısı ilə milli təhlükəsizliyinin qarantına çevrilib. Biz bu reallığı görməli, böyük reallıqlar yaradan dövlətin vətəndaşı olmaqdan qürur duymalıyıq və başa düşməliyik ki, bunu cənab Prezident ilham Əliyev yaratmışdır.  30 il əvvəl sıravi azərbaycanlının yuxuda belə görə bilməyəcəyi bir gerçəklik formalaşıbdır.   Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev müdrik və uzaqgörən siyasəti ilə  nəyi nə zaman və necə etmək lazım olduğunu bilirdi. 2020-ci ildə 44 gün ərzində aparılan ədalətli müharibədə Silahlı Qüvvələrimizin rəşadəti ilə qazanılan şanlı Qələbə sayəsində torpaqlarımızın böyük hissəsi hərbi-siyasi yolla işğaldan azad edildi. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi şəhərində, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızı ucaltmaqla xalqımıza növbəti dəfə qürurlu anlar yaşatdı.     30 il erməni separatizmi Xankəndidə məskən salmışdılar, artıq qədim şəhərimiz onlardan xilas edilib. Dövlətimizin başçısı İlham Əliyev futbol oyunundan əvvəl Xankəndi stadionunda çıxışı zamanı deyib: “Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq. Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər”.

Məhz cənab İlham Əliyevin rəhbərliyi  sayəsində bu gün bölgəmizdə nə münaqişə var, nə separatizm. Sirr deyil ki, Qərbdə müəyyən dairələr Cənubi Qafqazı da Ukrayna kimi qütblər arası qarşıdurmanın bataqlığına çevirməyi planlayırdı. Bir çox coğrafiyaları qütblərin savaş meydanına çevirə bilənlər Azərbaycan Lideri qarşısında aciz qalmalı oldu. Beləliklə də, Qafqazı tarixinin ən qanlı müharibəsindən, qütblərin tapdağı olmaqdan xilas etdiyinə görə bu bölgənin hər bir sakini, hər bir gürcü, hər bir erməni, hər bir azərbaycanlı və regionun hər bir etnosu cənab İlham Əliyevə minnətdar olmalıdır.  Bu tarixi hadisə 100 illik ədalətsizliyə son qoydu. Belə ki, 1923-cü ildə keçmiş SSRİ tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması xalqımız üçün ciddi problemlər yaratdı. Məhz 100 il sonra tarixi ədalət zəfər qazandı. Prezident İlham Əliyev Xankəndi şəhərində xalqa müraciətində dediyi kimi, bu 100 il ərzində xalqımız nə qədər əzab çəksə də, tarix bizi nə qədər sınağa çəksə də, əyilmədik, sınmadıq. Oktyabrın 15-də Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda Azərbaycan bayrağını ucaltmaqla dövlətimizin və xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi. Qalib Ordumuz 2023-cü il sentyabr ayının 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirini uğurla başa çatdırmaqla erməni separatizminə Qarabağda son qoydu.  Azərbaycan xalqı olaraq biz bu tarixi anları yaşamaqdan sonsuz qürur hissi keçiririk. Əminik ki, Prezident İlham Əliyevin liderliyi ilə doğma Qarabağımız tezliklə bərpa olunacaq, dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Azərbaycan xalqı isə bu torpaqlarda əbədi yaşayacaq, bayrağımız daim zirvələrdə dalğalanacaqdır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri