28 dekabr 2023 00:12
378

Avantürist (D)Əli Kərimovun növbəti sayıqlaması

Ermənistanın işğalçı siyasəti ilə Azərbaycanın Zəfər savaşını eyniləşdirməsi də onun anitimilli xarakterindən irəli gəlir

Hər bir siyasi hərəkat geniş kütlələrə xitab edə bilməyəndə, daha doğrusu, deməyə sözü olmayanda marginallaşmağa məhkum olur. Nəticədə böhranlı situasiyadan çıxmaq üçün şər və böhtan siyasi mübarizə metoduna, əqidə isə alver predmetinə çevrilir. Bu prosesdə AXCP sədri Əli Kərimov lap “öndə” gedir. Belə ki, onun  sosial şəbəkələrdə öz xarakterinə  uyğun fikirlər səsləndirməkdə davam etməsi bunu bir daha sübut edir.  Bəri başdan deyək ki, bu avantüristin səsləndirdikləri fikirlər onun haylara, eləcə də digər havadarlarına xidmət edən xəstə təxəyyülündən başqa bir şey deyil.

Xocalı soyqırımının əsas təşkilatçıları olan Robert Koçaryanı, Serjik Sarkisyanı torpaqlarımızdan iti qovan kimi qovan, dərsliklərə düşəcək uğurlu hərbi əməliyyatlar həyata keçirərək müstəqilliyimizi və suverinliymizi tam bərpa edən Qələbəmizi yalnız düşmənlərimiz həzm edə bilmirlər. Əli Kərimov da simpatiya bəslədiyi Koçaryanı, Sarkisyan kimi terrorçular sırasındadır. Əli Kərimovun iyrənc fikirlərdən onun torpaqlarımızın işğalına necə haqq qazandırdığı və erməni təcavüzünü böyük ruh yüksəkliyi ilə qarşıladığı aydın sezilir. Şübhəsiz, o, buna görə himayədarları tərəfindən mükafatlandırılır. Axı onun çörəyi Azərbaycana, qara yaxmaqdan çıxır.

Qeyd edək ki, Əli Kərimov və onun partiyası, yəni AXCP Azərbaycana qarşı aparılan çirkin kampaniyaya qoşularaq seçkilərdə iştirakdan imtina qərarı verib. Daha doğrusu, sifarişli boykot tamaşası oynayır. Amma əmin ola bilər ki, onun tamaşasına özündən və havadarlarından başqa kimsə məhəl qoymayacaq.

Əgər xatırlayırsınızsa, bir zamanlar Əli Kərimov utanıb-qızarmadan sosial şəbəkələrdə şəbəkədaşlarına belə bir sual da ünvanlamışdı: “Sizcə, Azərbaycan əhalisinin neçə faizi özünü vətənpərvər sayır?"  Üstəlik, sətiraltı ifadələrlə, yaxud mətnaltı formada Azərbaycan xalqının vətənpərvərliyini şübhə altına almağa çalışırdı. Onun anti-Azərbaycan mövqeyində olduğu hər açıqlamasında özünü göstərir.

Qələbəmizi həzm edə bilmirlər

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Əli Kərimov kimi insanların şərhləri artıq mənasız və yersizdir: “Bu cür absurd yanaşmalar bu cinahda olan müxtəlif insanların hamısı üçün təkrarlanan mövzudur. Əslində proseslər bir daha onu göstərdi ki, Azərbaycan həqiqətən də müstəqil xarici siyasət yürüdür və dünya dövlətləri içində öz prinsipial  mövqeyi ilə seçilir”.

Fazil Mustafa, həmçinin bildirib ki, bu gün bizim Fransanın qarşısında öz mövqeyimizi müdafiə edə bilməyimiz həm də öz gücümüzə inandığımızı göstərir: “Bu baxımdan belə yanaşmalar qəzəbdən, məğlubiyyətdən, hansısa proqnozun doğrulmamasından irəli gəlir. Biz bu məsələdə hər halda daha aydın mövqe sərgiləyən bir dövlət olduğumuzu göstəririk. Hər hansı bir şəkildə Ermənistanın işğalçılığına son qoymuş Azərbaycanın qələbəsini bayram edən xalq və həzm etməyən kiçik bir qrup var. Bu qələbəni həm ermənilərin, həm də həmin kiçik qrupun həzm edə bilmədiyini görürük. Mahiyyətcə bu qruplar bir-birinə daha yaxın bir statusdadırlar. Biz özümüzə aid olan məsələlər üzərində düşünməliyik. Artıq bu insanların şərhləri o qədər mənasız və yersizdir ki, bunun üzərində belə dayanmağa da dəymir”.

Əli Kərimovun Koçaryan və Sarkisyana heyranlığı ikrah doğurur

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Əli Kərimovun fikirlərinə belə reaksiya verib: “Əli Kərimov kimi milli kimliyindən məhrum olmuş bir şəxsin əli azərbaycanlıların qanına batan Koçaryan-Sarkisyan cütlüyünü öyməsi, onlardan heyranlıqla bəhs etməsi, bu cinayətkarları qalib elan etməsi əlbəttə, insanda ikrah doğursa da, bizi təəccübləndirmədi. İlk olaraq ona görə ki, anlayırıq ki, bu, tarixin zibilliyində olan məğlubların həmrəyliyidir”.

Deputat vurğulayıb ki, əgər Əli Kərimov onları qalib hesab edirsə, unutmasın ki, bu cinayətkarlar məhz onun özünün təmsil olunduğu iqtidara qalib gəlib: “Yaxud o torpaqlar Ə.Kərimovun təmsil olunduğu AXC-Müsavat iqtidarının hakimiyyətə gəlməsi və hakimiyyətdə qalması naminə xəyanətkarcasına qurban verilib. Bu gün kim Birinci Qarabağ müharibəsi dövründən danışır danışsın Ə.Kərimov və onun kimi ünsürlər bu haqda danışmamalıdır. Hər kəsə aydındır ki, Ermənistanın 90-cı illərin əvvəlində cərəyan edən proseslər fonunda qələbəsi müharibədə yox, yalnız döyüşlərdəki qələbə idi. Nəticə etibarilə 1994-cü ildə Ulu Öndər Heydər Əliyev proseslərin gedişatını, təşəbbüsləri ələ alaraq döyüşlərdə Azərbaycanın qələbəsini təmin etdi. Beləliklə, Füzuli, Cəbrayıl istiqamətində xeyli torpaqlar, o cümlədən Horadiz qəsəbəsi azad olundu və düşmən atəşkəsə məcbur edildi. Atəşkəs dövründə də Azərbaycan Ordusu, iqtisadiyyatı gücləndi və nəhayət Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Qarabağ münaqişəsində yekun nöqtəni qoydu. Bu gün biz tariximizin heç bir dövründə olmadığı qədər güclüyük və tariximizin ən böyük qələbələrini qazanmış müzəffər dövlətik. İndi Ə.Kərimov kimi məğlubiyyətlərə öyrəşmiş və daim səsi diblərdən gələn psevdosiyasətçinin bu reallığı qəbul edib-etməməsi nəyisə dəyişmir. Bu kimi ünsürlərin tarixi reallıq fonunda nə bəyanatlarının, nə də fikirlərinin heç bir önəmi yoxdur”.

Onun kimilər ümumiyyətlə, siyasətdə olmamalıdırlar

Siyasi ekspert Azər Həsrət isə sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında deyib: “Yaxşı ki, Əli Kərimov kimi adamlar hakimiyyət başında deyil. İnsan nə qədər aşağı səviyyəyə enməlidir ki, öz dövlətinin bu qədər böyük uğurunu şəxsi qərəzindən çıxış edərək belə aşağılasın. Azərbaycanı Ermənistanın ayağına verəcək bir şəxs nə üzlə Azərbaycan cəmiyyətinə xitab edir?! Düşünürəm ki, Əli Kərimov bu sözləri deyərkən bir də dönüb özünə baxmalı və hesabat verməli idi. İddia edir ki, ermənilər Yevlaxa qədər gələcəkdilər. Bəli, elə planlar vardı. Lakin onların nəyin hesabına belə planları vardı? Bu, məhz Əli Kərimovun da  təmsil olunduğu hakimiyyətin dövləti idarə edə bilməməsinin nəticəsi idi”.

O, həmçinin bildirib ki, sözügedən dövrdə Azərbaycandakı hərc-mərclik, hakimiyyətsizlik vəziyyəti o həddə çatdırmışdı ki, Ermənistan ərazilərimizi işğal etməkdə davam edirdi: “Vəziyyəti belə görəndə bu adamlar Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdilər ki, Azərbaycanı xilas etsin. İndi aradan 30 ilə qədər müddət keçdikdən sonra o, belə sərsəm siyasi fikirləri gənclərin beynini pozmaq üçün tirajlayır. Düşünürəm ki, Azərbaycanın  televiziya kanalları məhz Əli Kərimovun dövründəki bərbad idarəçiliyi ona xatırlatmalıdır. Bu idarəçiliyin nəticəsi idi ki, ölkədə nə ordu, nə iqtisadiyyat, nə də vətəndaş həmrəyliyi vardı. Bütün bunların qarşısını Heydər Əliyev aldı. O Heydər Əliyev ki, məhz Əli Kərimovun lideri Əbülfəz Elçibəy onu Bakıya dəvət edərək könüllü şəkildə hakimiyyəti təhvil verdi. İndi bu adam Azərbaycanı Ermənistanın ayağına verir. Belə şəxslər ümumiyyətlə, siyasətdə olmamalıdırlar. Onlar cəmiyyətdən təcrid olunmalıdırlar. Onların zərərli fikirlərinə əsla meydan vermək olmaz”.

Qvami Məhəbbətoğlu, “İki sahil”